İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni savaşa hazırlıq gedir, Brüssel görüşü də katalizatordur...

708 28.03.2024 16:07 Dünya A A

 

“Əlbəttə rəsmi Bakı Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsindən narahatdır. Səbəb də aydındır, Qərb gizli oyunlara son verib, açıq kartla oynayır”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, əgər əvvəllər Ermənistana gizli şəkildə dəstək verirdilərsə, bu gün Ermənistana maliyyə yardımı ayrılır, işğalçı ölkə silahlandırılır: “5 aprel görüşü Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən yeni təxribatların başlanması üçün katalizator rolunu oynayar. Bu halda Aİ və ABŞ Ermənistanla mümkün toqquşmaların məsuliyyətini bölüşməli olacaqlar”.

Deputat bildirib ki, bu proses həm də Ermənistanla NATO-nun “nikah”ına  hazırlıq getdiyindən xəbər verir: “Qərb Ermənistanı Rusiyanın əlindən qoparmaq üçün min bir hiyləyə əl atır. Avropanın qondarma “müşahidə missiyası”nın fəaliyyəti də bunu deməyə əsas verir. Bu gün “missiya”nın tərkibinə əl gəzdirilir, keçmiş hərbçilərin sayı artırılır. Prosesin davamı onu deməyə əsas verir ki, əslində, yeni savaşa hazırlıq gedir. İlk baxışda bütün bunların Azərbaycana yox, Rusiyaya qarşı olduğu görüntüsü var, amma planın növbəti səhifəsində Azərbaycanın adı gəlir. Qərb düşünür ki, Cənubi Qafqazda qurduğu oyunda Azərbaycandan da istifadə edə biləcək. Söhbət Rusiyaya qarşı açılacaq Cənubi Qafqaz cəbhəsindən gedir. Amma Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ilk günündən Azərbaycanın tutduğu mövqe hamıya məlumdur, bu isə Qərbin planlarını alt-üst edir. Ukrayna müharibəsinə münasibət barədə dövlətimizin başçısı səviyyəsində reaksiya verilib və hər kəs bunu bilir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR