İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin hindli Harris arzusu - Kamala Azərbaycana təhlükəmi?

628 26.07.2024 19:12 Siyasət A A

Politoloq: “Harris hətta prezident seçilsə belə....”

Anası hindli, atası yamaykalı olan vitse-prezident Kamala Harris hələ təzəcə ABŞ prezidentliyinə namizədliyini açıqlayıb, amma artıq Amerikadakı ən böyük erməni lobbi təşkilatı olan ANCA onu və Demokratlar Partiyasını şantaj edir.

Gələn xəbərə görə, üzdəniraq təşkilat Harrisə qarşı ultimatum irəli sürərək bildirib ki, onların “şərt”lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər (Trend). Yəni ermənilər yenə “köhnə mahnı”nı oxuyur, Azərbaycana qarşı hansısa “sanksiya”lar tələb edirlər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-ın rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər. Hərgah belə bir missiyanın məqsədi heç ermənilərin özünə də aydın deyil.

Xatırladaq ki, Kamala Harris hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün dəstək verib. 2016-cı ildə verdiyi bir bəyanatda “Prokurorluq və Kaliforniya ştatının ədliyyə naziri vəzifələrini tutduğum dövrlərdə olduğu kimi Senatda bəşəriyyət tarixinin ən qaranlıq dövrlərindən biri olan "erməni soyqırımı"nın uyğun formada tanınması və nəticə əldə etmək üçün erməni ictimaiyyətinin yanında olacağam" demişdi. 

Bundan başqa, o, 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsinə imza atıb: “Keçmişimizlə əlaqədar, bunları təkrarlamaq üçün hər zaman müzakirə etməyimiz lazımdır. Bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən biri olan "erməni soyqırımı"nı tanıyaraq, həyatını itirənləri şərəfləndirir və insan haqlarını qoruma qətiyyətimizi müəyyən edirik", - deyə bildirib.

Bəs ermənilərin gözləntisi nə dərəcədə əsaslıdır? Harris ermənidən çox erməni, Baydendən çox ermənipərəst olacaq? Bu da faktdır ki, Harrisin əri yəhudidir. Bu amil Azərbaycanın xeyrinə işləyə bilərmi? 

Yusif Bağırzadə seçkidə namizəd kimi iştirak etməyəcək

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, ermənilərin ABŞ-da ciddi imkanlara sahib millətçi təşkilatı ANCA-nın rəhbəri eyni şərtin yer aldığı müraciəti prezidentliyə müstəqil namizəd Robert Kennediyə də ünvanlayıb: “Kennedi isə onun şərtlərini qəbul edib və bir az da ermənilərin xeyrinə əlavələri edib. Kamala Harris hələ ki reaksiya verməyib. Amma aydındır ki, o da ermənipərəstliyini göstərəcək, ABŞ-dakı erməni lobbisinin səsindən, imkanlarından seçkilərdə yararlanmağa çalışacaq. Harrisin prezident seçilməsi ehtimalı çox yüksək deyil. Hətta o, seçilsə belə, onun prezident olması ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir etməyəcək. Harrisin hakimiyyətə gəlməsi o demək olacaq ki, Bayden hakimiyyətinin kursu davam eləyəcək. 

Demokratlar həmişə erməni və yunan lobbisinin təsiri altında olublar. Ona görə də Demokratların Azərbaycana münasibəti həmişə Respublikaçıların münasibəti ilə müqayisədə sərin olub. ABŞ-Azərbaycan münasibətləri Respublikaçıların hakimiyyətdə olduqları zamanlarda daha yaxşı olub. Kamala Harris də erməni lobbisinə yaxın fiqur kimi tanınır. Ümumiyyətlə, Kaliforniyadan olan senatorlar, konqresmenlər xüsusilə ermənilərlə həmişə daha yaxın münasibətlərdə olurlar. Bu da onların Azərbaycan və Türkiyəyə münasibətlərinə təsir göstərir. Qərb dövlətlərinin başında kimin dayanmasından asılı olmayaraq o dövlətlərin türkə münasibəti heç vaxt dəyişməyəcək".

Y.Bağırzadə qeyd etdi ki, ehtimal az olsa belə, Harris prezident olacağı halda ermənilərin heç də bütün istəklərini reallaşdırmayacaq: “Buna ABŞ-ın maraqları və güclü yəhudi lobbisi və digər məqamlar imkan verməz. Keçmiş təcrübə də bunu göstərir ki, namizəd olan zaman ermənilərə verilən vədlərin heç də hamısını prezident seçilən şəxslər yerinə yetirmirlər. Ənənəvi olaraq yəhudi lobbisinin və İsrailin münasibətləri soyuq olub. Budəfəki seçkilərdə ABŞ-dakı güclü yəhudi lobbisi öz sözünü deyəcək. Onlar Trampa dəstək verəcəklər. Nəzəri cəhətdən hesab etsək ki, Harris seçilib, o zaman onun siyasi xəttinin necə yönlənməsinə yəhudilər təsir göstərəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR