İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan enib, Xankəndidən keçib, Xocalıya qonaq getdik - FİLM KİMİ ZİYARƏT

644 26.07.2024 20:10 Yazarlar A A

Şuşadan enib, Xankəndidən keçib, Xocalıya gedirik.

Kimlərdir bu müqəddəs ziyarətin zəvvarları? Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU jurnalistika fakiltəsinin dekanı Vüqar Zifəroğlu və bir də bu süjetin, oxuduğunuz bu mətnin müəllifi Rauf Arifoğlu. Həmkarımız Səriyyə Müslümqızı Xocalıda, yeni köçdüyü evində samovar qoyub, yolumuzu gözləyir...

Bu cümlələrin gözəlliyinə, sehrinə və heyrətamiz təsirlərinə baxın. Cəmi bir il öncə, 2023-cü ilin iyulunda belə mürrəkkəb cümlə qurmaq mümkün deyildi. Hətta "Xocalıya gedirik", kimi söz birləşməsi ifadə etmək, ən sadə cümlə qurmaq imkanımız da yox idi.

Ötən il Xankəndiyə, Xocalıya, Əsgərana, Ağdərəyə bağlı bütün iddia və ifadələr gələcək zamana aid idi... İndi o GƏLƏCƏK gəlmişdi, biz də onun içi ilə Xankəndidən keçib, Xocalıya gedirik...

WhatsApp Image 2024-07-26 at 19.57.13.jpeg (263 KB)

22 iyul 2024-cü ildir. 2-ci Şuşa Qlobal Media Forum işini bitirər - bitirməz Mətbuat Şurasının sədri Rəşad Məcid Səriyyə xanıma telefon açdı və "sizə gəlirik", dedi. Şuşadan Xocalıya məsafə nədir ki! Qala şəhərdən endikdən yarım saat sonra Xocalıdasan. Baxmayın, biz millət olaraq bu yola çıxmağı 31 il gözlədik. Şəhidlərimizin, qazilərimizin, Ordumuzun sayəsində bu YOL dediyimiz böyük nəticəyə nəhayət, ötən ilin 20 sentyabrından sonra çıxa bildik.

İndi buralar ən əmin yerlərdi. Maşınımızla Bakıdan Şuşaya, Oradan Xankəndiyə, oradan da bax indi olduğu kimi, Xocalıya şütüyürük, heç bir təhlükə hiss etmədən şəhid şəhərimizə doğru yol alırıq.

Budur, Azərbaycanın ən böyük fəlakətinin, gerçək soyqırımın yaşandığı şəhərə daxil oluruq. Bu da Səriyyə Müslümqızının müharibədən yaralı çıxan evi.

Untitled-40.jpg (361 KB)

Səriyyə Müslümqızı, bacısı və Rəşad Məcid

***

Şuşadan ziyarətinə gəldiyimiz Səriyyə Müslümqızı kimdir?

Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olub. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itirib.

1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirib.

1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləyib. Xocalı soyqırımından bəhs edən ilk kitabı

"Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunub.

Kitab və məqalələri əsasən Dağlıq Qarabağ, Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə və Xocalı soyqırımına həsr edilib.
Yazıçı, publisist, müstəqil jurnalistdir. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı - hərbi reportyordur.

Qarabağ həqiqətlərinin dünyada yayılması ilə bağlı yazı müsabiqələrində 1-ci və 2-ci yerlərin qalibi olub.

Bir çox əsərləri Azərbaycanın teatr səhnələrində oynanılır.

Səriyyə Müslüm qızı 21 kitab müəllifidir.

***

Səriyyə xanım danışır: "Mənim bütün həyatım burada keçib..." Bu, dil sürüşməsi deyil. Xocalıdan 32 yaşında çıxsa da, Xocalı hər zaman onunla olub, bütün həyatını, yaradıcılığını Xocalıya həsr edib. Bu anlamda, Səriyyə xanımın bütün həyatı əslində Xocalı ilə keçib...

Bu evin açarını Səriyyə Müslümqızına Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva veriblər. Qarabağı azad edib, onun açarını Azərbaycan xalqına qaytaranlar Səriyyə xanımı da öz evinə qaytarıblar.

Untitled (1)-64.jpg (404 KB)

Səriyyə xanımın özü kimi qürurlu evinin önündə

Səriyyə xanım danışır, bir kövrəlirik. Bizimlə söhbətdə Mehralıyev Elşən də iştirak edir. Elşən bəy Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında "Bərpa, Tikinti və İdarəetmə Xidməti"ndə böyük məsləhətçi kimi çalışır.

Elşən Mehralıyev soyqırım gecəsindın 2-3 gün əvvəl Xocalıdan atasının yük maşını ilə çıxmış, yolda erməni quldurlarına ailəcə əsir düşmüş və 3 yaşında böyük müsibətlər yaşamış soydaşımızdır. Ağdamın könüllü batalyon komandirlərindən olan Ala Yaqubun sayəsində ailə əsirlikdən qurtulub, sonra isə ölkənin müxtəlif bölgərində yaşayıblar. Elşən bəy İzmirdə universitet bitirib. Amma 3 yaşında çıxdığı Xocalıya 32 il sonra yenidən qayıdıb. Bu dəfə Xocalının bərpa edənlərdən, onun yarasını sarıyanlardan biri kimi...

Untitled (2)-60.jpg (317 KB)

Şuşadan çıxanda od alan samovarın çayı arxasında 32 ilin söhbəti

Səriyyə xanımın çayını içib, onumla sağollaşıb, Əsgəran səmtinə yol alırıq. Xocalı 1 saylı tam orta məktəbin, Xocalı parkının görüntülərini kameramıza köçürdürük. Bax, indi cənnətə bənzəyən bu ərazilərdə; bax, bu torpaqlara 26 fevral 1992-ci il tarixində erməni işğalçıları və sovet-rus hərbçiləri tərəfindən gerçək qətliam, soyqırım həyata keçirilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bəli, biz indi bu torpaqlardayıq. Elşənin 3, Səriyyə xanımın 32 yaşlarında didərgin düşdüyü Şəhid Xocalıdayıq. Yeni Xocalını dirçəldir, məskunlaşdırır, şəhər salırıq.

Gördüyünüz bu gözəlim, şəhid qanı ilə suvarılmış bu müqəddəs yerlərə 44 ailə qayıdıb. Böyük Qayıdış davam edir.

Xocalı bizimdi, Qarabağ Azərbaycandı...

Rauf Arifoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR