İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni qlobal durğunluq anonsu - kim qazanacaq, kim itirəcək...

1191 05.10.2022 19:50 İqtisadiyyat A A

Azərbaycanın da gəlirləri azala, valyuta ehtiyatları əriyə bilər

Postpandemiya dövründə qlobal durğunluq olacağına dair proqnozlar artıq özünü doğrultmağa başlayıb. Əksər beynəlxalq qurumlar durğunluğun dərinləşərək qlobal iqtisadi böhrana keçməsi təhlükəsi barədə xəbərdarlıqlar yaymaqdadırlar. İki gün əvvəl BMT bəzi ölkələrdə faiz dərəcələrinin artması fonunda “sərt” iqtisadi konyunkturaya yönəlmə cəhdlərini qlobal durğunluq üçün real risk daşıdığını elan edib. BMT hesab edir ki, faiz dərəcələrinin artırılması əsasən zəngin ölkələrin inflyasiya ilə mübarizəsinin nəticəsidir.

BMT-nin ticarət və inkişaf konferensiyasının(UNCTAD) hesabatında bir çox ölkənin mərkəzi banklarının kəskin qiymət artımına qarşı faizləri yüksəltməsi “ehtiyatsız avantüra” kimi dəyərləndirilib. Hesabatda, bu cür addımların pis nəticələrə gətirib çıxara biləcəyi qeyd olunub.

Lakin inkişaf etmiş ölkələrin əksəriyyəti üzləşdikləri yüksək inflyasiya prosesini durdurmağın əsas yolu olaraq faiz dərəcələrinin artırılmasını görməyə davam edirlər. Artıq Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Banki (ECB) və İngiltərə Mərkəzi Bankının (BOE) yaxın perspektivdə uçot faiz dərəcələrini 0.50-0.75 faiz bəndi artıracaqlarına dair məlumatlar açıqlanıb.

Mərkəz bankları bu addıma vadar edən səbəb – inflyasiyanın səviyyəsi Avrozonanın 19 ölkəsində sentyabr ayında illik ifadədə ilk dəfə 10 faizə çatıb. Halbuki analitiklər 9,7 faizlik inlfyasiya gözləyirdilər.

Eurostat-ın yaydığı məlumata görə, ötən ilin sentyabrında Avrozonada illik inflyasiya 3,4 faiz təşkil edib. Bu ilin sentyabrında isə aylıq inflyasiya 1,2 faizə yüksəlib. Ən yüksək inflyasiya göstəricisi Estoniyada(24,2 faiz), Latviyada(22,5 faiz), Litvada(22,4 faiz), ən aşağı isə Fransada(6,2 faiz), Maltada(7,2 faiz) və Finlandiyada(8,4 faiz) qeydə alınıb. Avrozonanın ən böyük iqtisadiyyatına malik Almaniyada sentyabr ayında 10 faizli inflyasiya baş verib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində avqustun yekununda istehlak qiymətləri indeksi 10,3 faiz illik artım nümayiş etdirib. İyulda bu göstərici 10,2 faiz olmuşdu. Təşkilat üzvü ölkələrin 60 faizində enerjidaşıyıcılarının dəyərindəki bahalaşma illik ifadədə iyuldakı 35,3 faizdən 30,2 faizə qədər azalıb. Ərzaq məhsulları isə əksinə, 14,5 faizdən 15 faizədək bahalaşıb.

Avqustda G7 ölkələrində iyuldakı 7,6 faizdən 7,5 faizə qədər zəifləyb. Bu zaman ABŞ-da göstərici 8,5 faizdən 8,3 faizə, Fransada 6,1 faizdən 5,9 faizə, Böyük Britaniyada 8,8 faizdən 8,6 faizə azalıb, Almaniyada isə 7,5 faizdən 7,9 faizə yüksəlib.

Qlobal iqtisadi durğunluğun fəsadları artıq bank sektorunda hiss olunmaqdadır. Belə ki, Avropanın iri banklarından olan “Deutsche Bank” və “Credit Suisse”nin səhmləri sentyabr ayının sonunda tarixi rekord minimumlarına qədər ucuzlaşıb. Bank sektorundakı belə vəziyyət investorlara 2008-ci il ABŞ ipoteka böhranını xatırlatmağa başlayıb.

Ümumiyyətlə 2022-ci il qlobal bank sektoru üçün nikbin olmayıb. Belə ki, “Bank of America”nın kapitallaşması bu ilin fevral ayından etibarən 40 faizə yaxın ucuzlaşaraq 400 milyard dollardan 250 milyard dollara geriləyib. “Bank of New York Mellon”un səhmlərinin ümumi qiyməti isə 50 milyard dollardan 30 milyard dollara enib. Kanadanın “Royal Bank of Canada” bankının da səhmləri müvafiq dövr ərzində 30 faizə yaxın ucuzlaşma göstərib.

Analoji vəziyyət Asiya bölgəsində də yaşanır. Belə ki, Yaponiyanın nüfuzlu banklarından “Mitsubishi UFJ”nin kapitallaşması eyni dövr ərzində 32 faizə yaxın geriləyərək 57 milyard dollar təşkil edib.

“Otkritie investisii” şirkətinin qlobal araşdırmalar üzrə aparıcı mütəxəssisi O.Sırovatkinə görə, “qlobal bankların yüksək inflyasiya fonunda faizləri artırması ümidsiz borcların artmasına gətirib çıxarır. Bununla yanaşı 3-cü rübdə əsas aktivlərdə ucuzlaşma müşahidə olunub ki, bu da son nəticədə bankların balanslarının pozulmasına səbəb olub”(APA).

Yüksək inflyasiya və enerjidaşıyıcılarının bahalaşması fonunda əhalini və biznesi müdafiə etməyə çalışan Britaniya və Almaniya hökumətləri irihəcmli yardım proqramları həyata keçirməyə hazırlaşırlar. Britaniyada Lis Tras hökuməti enerjidaşıyıcılarının bahalaşmasının mənfi təsirini azaltmaq üçün əhali və biznesə 150 milyard funtsterlinq, Almaniyada Olaf Şols hökuməti isə 200 milyard avroluq dəstək paketinin icrasına başlayırlar. Bu, yalnız həmin ölkələrdə deyil, qlobal səviyyədə maliyyə və fond bazarlarına böyük təsir göstərə biləcək addımlardır. Təsadüfi deyil ki, artıq ABŞ Maliyyə Nazirliyi Britaniya hökumətini proqramın icrasında diqqətli olmağa çağırıb. Britaniyada gəlir vergisi dərəcəsinin 45 faizdən 40 faizə endiriləcəyi, dövlət borclanmasının artacağına dair məlumatlar qiymətli kağızlar bazarlarında böyük təlatümə səbəb olub. Bu, adıçəkilən bazarlarda yaxşı olmayan vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq addım kimi dəyərləndirilməkdədir. Belə ki, bu ilin aprel-sentyabr ayları ərzində dünyanın səhm və istiqraz bazarlarının həcmi 44 trilyon dollar kiçilib. Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinin ekspertlərə istinadən yaydığı məlumata görə, bu, rüblük ifadədə qiymətli kağızlar ticarəti tarixində ən böyük çöküşdür.

Qeyd olunan dövrdə istiqrazların ümumi dəyəri 20 trilyon dollar ucuzlaşmaqla 125 trilyon dollara düşüb. Dünya maliyyə meydanlarında səhmlərin dəyəri isə 24 trilyon itirməklə 86 trilyon dollar olub. “Nikkei” ekspertlərinin fikrincə, bu, 2001-ci ildən bəri ən böyük çöküş olmaqla, itkilərin miqyası 2008-ci il maliyyə böhranındakını da keçib.

Qəzet ekspertləri hesab edirlər ki, bu çöküşün əsas səbəbi aparıcı sənaye ölkələrinin əksəriyyətində inflyasiya ilə mübarizə məqsədilə kredit faizlərinin artırılmasıdır. Bu, həm də qlobal səviyyədə işgüzar aktivliyi azaldır.

Qlobal iqtisadiyyatda böhranı tətikləyəcək daha bir məsələ dünyanın bir saylı valyutasına malik ABŞ-da dövlət borcunun rekord həddə çatmasıdır. Ölkənin Maliyyə Nazirliyinin məlumatına əsasən ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 31 trilyon dolları ötüb. Məlumata görə, ABŞ-ın 31 trilyon 123 milyard 887 milyon 781 min 401 dollar 34 sent borcu var. Borcun böyük hissəsi - 24 trilyon dollar fiziki şəxslərə məxsusdur. Ölkənin xarici hökumətlərə borcu isə təxminən 7 trilyon dollar təşkil edir.

Onu da qeyd edək ki, qlobal iqtisadi durğunluğun ardınca dərin iqtisadi böhranın gəlməsi bütün dünya ölkələri üçün böyük risklər formalaşdırır. İnkişaf etmiş ölkələrdə əsas risklər qiymətli kağızlar bazarındakı iflaslarla bağlıdırsa, Azərbaycanda bu bazarın inkişaf etməməsi belə iflasları istisna edir. Lakin Azərbaycanın valyuta ehtiyatlarının böyük hissəsi beynəlxalq səviyyəli qiymətli kağızlara yatırılıb. Buna görə də qlobal səhm və istiqraz bazarlarındakı enişlər ölkənin valyuta ehtiyatlarına ciddi təsir göstərir. İlin əvvəlindən bəri bu enişdən valyuta ehtiyatlarının mühüm hissəsinin toplandığı Azərbaycan Dövlət Neft Fondu böyük həcmdə zərər görməkdədir. Bu ilin birinci yarısı üzrə zərərin məbləği 4 milyard manata yaxındır.

Bundan əlavə, qlobal bazarlardakı yüksək inflyasiya Azərbaycanda da eyni prosesi tətikləyir. Buna görə də əksər beynəlxalq təşkilatlar Azərbaycandakı inflyasiya gözləntilərinə dair proqnozlarına yenidən baxırlar. Bu günlərdə məlum olub ki, Dünya Bankı (DB) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib. Bankın “Bərpa üçün Sosial Müdafiə: Avropa və Mərkəzi Asiyanın iqtisadiyyatı" hesabatına əsasən, bu il Azərbaycanda inflyasiya 12,5 faiz (aprel proqnozu ilə müqayisədə 3,5 faiz bəndi çox), 2023-cü ildə isə 9,5 faiz (2,9 faiz bəndi çox) təşkil edəcək.

Dünya Bankı 2024-cü ildə Azərbaycanda inflyasiya proqnozunu isə 2 faiz bəndi artıraraq 8 faizə çatdırıb.

Qlobal iqtisadi böhran başlanarsa, bu, dünyada xammala tələbatın azalmasına, qiymətlərin sürətlə ucuzlaşmasına səbəb olacaq. Bu isə Azərbaycanın əsas gəlir mənbəyi olan xam neftin satışından əldə edilən gəlirlərin kəskin azalmasını şərtləndirəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR