İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Milli Şura – ögeylər və doğmalar ... .

4344 25.08.2013 08:34 Yazarlar A A

23 avqust sessiyası əslində yeni Milli Şura ortaya çıxartdı. Burada təkcə namizəd dəyişikliyi yapılmadı; bunlarla bərabər və əsasən idarəetmə, iyerarxiya sistemi, mövcudluq fəlsəfəsi, ideologiya (erməni faktoruna münasibət, Dağlıq Qarabağ probleminin həllinə baxış, Rusiya amilinə yaklaşım, Avroatlantik məkana inteqrasiya təmayülü və s.) dəyişdirildi.  
Bundan “əvvəlki” Milli Şura sırf Rüstəm İbrahimbəyova görə yaradılmışdı – onunku idi, ona tabeydi, onun ağzına baxırdı ... Onun açıqlamaları ilə, onun telefon danışıqları və Eldar Namazovun üstün vasitəçiliyi ilə idarə olunurdu. Virtual rəhbər, virtual lider və onu mifik göstərən Eldar Namazov ranqında vasitəçi...  İbrahimbəyov yerin sahibi idi, söz ondaydı -  elə bir vəziyyət yaratmışdı ki, hörmətli Eldar Namazov müxalifətin iki əsas liderindən daha üstün duruma gəlmişdi. Qeyri-rəsmi, lakin faktiki olaraq Rüstəm müəllimin sözçüsü idi, cənab Namazov. Dəqiqləşdirək -  SÖZÜ idi, Bakıdakı proyeksiyası sayılırdı... 

R. İbrahimbəyova jurnalistlərin əli (yəni zəngi) hər zaman çatıb; kim istəyirdi, ən kritik anlarda belə, onunla dərhal danışırdı. Gizlənmədi, kin saxlamadı, “sən məndən pis yazdın”, -  deyə, hansısa qəzetin zəngini geri çevirmədi. Lakin Milli Şurasını qurub-verən liderlərin əlləri, zəngləri çatmırdı ona... Onlar ilk zəng vurmadılar – jurnalist deyillər ki, mandatlarına əsasən söhbətə sualla girsinlər... 
Rüstəm bəy də Eldar Namazovdan və Eldəniz Quliyevdən başqa kiminləsə danışmadı aylarla.  Beləcə, yarım ildən də çox  cənab Namazov liderin özü və sözü kimi siyasi səhnədə parladı. Mən dəqiq bilirəm, bu, iç məlumatdır, kimsə inkar etsə də mənasız sayacam, İbrahimbəyov əslində Eldar Namazovu prezidentliyə vahid namizəd etmək niyyətində idi. Ləng, könülsüz davranmasının əsas səbəblərindən biri də bu idi. Əmin idi ki, müxalifət liderləri onun “prinsini” müqavimət göstərmədən, alternativ variant olaraq,  “B planı” yerinə qəbul edəcəklər. 
İbrahimbəyov hələ Tiflisə yola düşərkən qət etmişdi ki, bu variantı keçirəcək. Bizə bilgi onun yaxın adamlarından birindən sızmışdı -  birbaşaydı; planın içini bilirdik. Yazdıq -  qınandıq, “müxalifətin heç bir B planı yoxdur, bu yazılanlar hakimiyyətin ev tapşırığıdır”, - deyə böhtan yedik. Lakin gözlənilən nəticəni aldıq. Hörmətli Rüstəm müəllim bu barədə Tiflisdə danışmadı; plandan vaz keçdi -  lakin Eldar Namazovdan yox -  onu Moskvaya apardı, təmaslara cəhdlər oldu. Fəqət... Moskva dəyişmişdi,  soyumuşdu, layihəsinə “STOP” vermişdi... (Bütün iddia və cümlələrin hər birinin arxasında səhih məlumatlar durur - R.A. )
Hələlik dərinə getməyək və Bakıya, yeni və mipMilli Şura yaradılan günə -  23 avqusta qayıdaq.  Hörmətli professor Cəmil Həsənlinin ehtiyat (əslində real) vahid namizəd seçilməsi ilə dəngələr dərhal dəyişdi. Müxalifət düşərgəsinə milli azadlıq hərəkatından gəlməyən “ögeylər” hökm etməyə başlamışdılar; onlar açıq şəkildə hər şeyi “sabotaj” edirdilər; indi də edirlər. Milli azadlıq hərəkatının, daha sonra isə 20 illik Əliyev iqtidarı ilə mübarizənin əks cinahında yer almış cənab İbrahimbəyov asanlıqla müxalifətin başına keçən kimi “ögey”lər onun ətrafını sardılar – Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva (təmsilən), Eldar Namazov, “EL” hərəkatı vasitəsi ilə vurulmuş bütün əski heydərəliyevçilər Milli Şurada təmərküzləşdilər və hətta ağırlıq qazandılar. Elə bir məqam oldu ki, ənənəvi müxalifətin iki lideri öz sözünü keçirə bilmədi; keçirəndən sonra isə onu icra etdirməyi bacarmadı... Bu baxımdan buraxılan səhvin nəhayətdə düzəldilməsi və milli azadlıq hərəkatının öz yetişdirməsinin -  doğma oğulun - MŞ-nin başına keçməsi vahim durumu xilas etdi. Hətta bir az zaman qalsaydı -  yaxşı bir gediş kimi də dəyərləndirmək olardı baş verənləri. 
Lakin seytnot bütün oyunlardakı kimi, siyasət oyununda da nəticələrə ciddi təsir edir. Bu baxımdan görünən budur ki, “ögey”lər bütün düşərgəni seytnotla üz-üzə qoymağı bacarıblar...
****
 Professor Cəmil Həsənli özü öz sözünü deməyə başladı artıq -  həm də o, bunu çoxlarından daha yaxşı bacarır. Müxalifətin insani resurslarına hökm edən iki liderlə də birbaşa və yaxşı münasibəti var. Bu baxımdan, onun artıq sözçüyə ehtiyacı qalmayacaq. Bundan sonra proseslərin ağırlığı və mərkəzi yeni vahid namizədin Seçki Qərargahına keçəcək. Artıq Moskva, Tiflis əlçatmazlığına son qoyuldu. Namizəd Bakıdadı, ehtimalən Müsavatda oturacaq, tərəfdarları ilə birbaşa ünsiyyət quracaq. Erməni məsələsinə, Güney Azərbaycan hədəfinə, Avroatlantik məkana inteqrasiya ideologiyasına fərqli baxışı yoxdur - elektoratı nə düşünürsə, o da bunları deyir...
Cəmil Həsənli həm də müntəzəm olaraq bir-birini ilə çəkişən Müsavat və AXCP funksionerlərini, elektoratını yaxınlaşdıra  biləcək ideal fiqurdur. Bu iki iri güc hər zaman davadadı – onların ortaq mövqedə olması adətən qısa zaman kəsiyində, hər seçkinin finişinə həftələr, bəzən günlər qalanda müşahidə olunur. Zamanın yerdə qalan hissəsində bu firqələr aralarında savaşırlar. Hələlik bu təşkilatlar bir-birindən adam öldürməyib, kimsəni yaralamayıb. Lakin bir-birinə söz yarası yetiriblər, iftira da atıblar, söyüş də söyüblər... Nə ibrətamiz ki,  tale bunlara qədər əkizliyi biçib -  demokratik düşərgənin məğlubiyyətlərini hər zaman paylaşmaq məcburiyyətini yazıb. İndi Allah lütf eləsə, qələbəni bir daha (1992-dən sonra) paylaşmaq fürsəti də verəcək...
****
Professor Cəmil Həsənli üçün çətin olacaq. Bunu onun özü hamıdan yaxşı bilir. Üstəlik, hər kəs bilir ki, ondan əvvəlki uğursuz start nəticəsində Cəmil Həsənlinin müxalif düşərgəyə qələbə modeli olduğunu iddia etmək də çətindir. Düz 6 ay gecikib düşərgə -  start hələ indi verilir. 
Ancaq Cəmil Həsənli ləyaqətli mübarizə aparmaq, nəticə üçün vicdanla işləməkdən ötrü müxalif düşərgəyə stimul verə biləcək səviyyədə birisidir. 
Hörmətli Rüstəm bəyə gəlincə... Özünün də bizim qəzetə anons etdiyi kimi, məlum olur ki, bu seçki üçün xeyli para toplayıb. Onun kiçik bir qismini EL hərəkatı son mitinqdə bayrağa-filana xərcləyib (120 bayraq x 120 manatdan. Bu da iç xəbərdir). Qalanları isə qalır yəqin.  
İnanmaq istərdim ki, R. İbrahimbəyov gözünü yolda qoyduğu müxalifətdən ondan gözlənilən yeganə şeyi əsirgəməyəcək...
****
Yeni Milli Şura batmaqda olan müxalif düşərgəni bir günün içindəcə dirçəltdi. Professora ”Xilaskar Cəmil” deyilsə, yeri var... Dürüst qərar, doğru seçim belədir.  Macəraçı siyasətə son vermək lazımdır. Siyasi liderlər ətraflarında hər sözlərinə tapınan tərəfdarlar saxladıqları kimi, tənqidçilərinə də yer ayırsınlar. Tənqid allergiyası bütün müxalif düşərgəni başına alıb.  
İnanmaq istəyirəm ki, yeni lideri – namizədi ilə yeni Milli Şura hətta sabah oradan bir partiya aralansa belə, ölkə siyasətinə qısa müddətdə böyük töhfələr verə biləcək.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR