İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni doğulanların sayında kəskin azalma - Ekspertlərdən SOS

1378 15.07.2024 17:17 Sosial A A

Azərbaycanda bu ilin 5 ayı ərzində 41 608 doğulan körpə qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41 608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

Qeyd edək ki, ölkəmizdə 1-ci sinfə gedən uşaqların sayında da ilbəil azalma müşahidə edilir. 2019/20 - 159 644 uşaq, 2022/23 - 152 000 uşaq, 2023/24 - 135 000 uşaq məktəbə gedib.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, əhalinin ümumi artımında müsbət dinamika müşahidə olunur, amma uşaq sayı azalır.

FARİZ.png (81 KB)

Professor Fariz Hüseynov demoqrafik vəziyyətlə bağlı hesablama aparıb və hesab edir ki, həyəcan təbili çalmağın zamanı gəlib:

“Azərbaycan əhalisinin demoqrafik quruluşuna baxdıqda 1990-cı ildə 0-15 yaş arası əhalinin payı 33% idi. İndi 22 faizə düşüb. 15-65 yaş arası artıb - 62%-dən 70%-ə, amma 2012-ci ildən bəri əhalinin işlək qrupunun nisbəti azalır.

Yəqin ki, qeydiyyat və statistika problemini qatsaq, bu nisbət daha azdır. 65-dən yuxarı əhalinin payı 1990-cı ildə 5%-dən az idi, indi 8,5% faizdir. BMT-nin hesablamaları yaşlı əhalinin sayının sürətlə artacağını göstərir.

Təkcə son 10 ilə baxsaq, əhalinin ən sürətlə azalan hissəsi 15-30 yaş arası və 0-4 yaş arası qrupdur. Məsələn, 2013-cü ildən bəri 15-30 yaş arası qrup 500 min azalıb. 0-4 arası yaş qrupunda 180 minə yaxın azalma var - gənclərin və uşaqların sayı azalır. 55 yaş üstü əhali isə 700 minə yaxın artıb.

1990-cı ildə əhalinin 70%-i 35 yaş altında idisə, son illər cəmi 52%-i 35 yaş altındadır. Bu nisbət getdikcə yaşlıların lehinə artacaq. 80% 45 yaş altı idi, son illər 68%-ə düşüb. Rəqəmlər şəhər və kənd yerlərində oxşardır, elə böyük fərq yoxdur. Bu rəqəmləri çox gözdən keçirmək olar, amma dəyişməz bir fakt var ki, demoqrafiya problemi var və bu barədə təsirli addımlar atılmalıdır. Təkcə Azərbaycana xas olan problem deyil, amma hər ölkə özünəxas tədbirlər görməlidir”.

BAYRAMLİ.jpg (36 KB)

Sosioloq Elçin Bayramlı isə hesab edir ki, ölkəmizdə həm doğum azalır, həm gənclər ölkədən çıxır, həm də qız uşaqları abortla məhv edilir:

“Demoqrafik faciəyə doğru gedirik. Əhalinin qocalması tendensiyası sürətlənir. Bunun qarşısının alınması üçün gənclərin təhsili, işi ilə bağlı ciddi layihələr hazırlanmalıdır. Ev almaq asanlaşmalıdır. Dünyaya gələn uşaqların normal böyüməsi üçün dövlət müavinətlər ayırmalıdır. Eyni zamanda cəmiyyətdə evliliklə bağlı aparılan mənfi təbliğat dayandırılmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR