İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni böhran xəbərdarlığı: özünü ərzaqla 25 faiz təmin edən Azərbaycan nə etməlidir?

1074 12.10.2022 08:00 İqtisadiyyat A A

Böhranın dünyada neftə olan tələbatı azaldacağı  fonunda ölkəmiz üçün risklər artır

Dünya iqtisadiyyatında müşahidə olunan texniki resessiya tədricən dərinləşməkdədir. Artıq nüfuzlu analitik mərkəzlər resessiyanın maliyyə böhranına keçməsi təhlükəsi barədə xəbərdarlığa başlayıblar. Qlobal iqtisadi mərkəzlərin demək olar ki, hamısında ciddi problemlər yaşanır.

Avropa Birliyi ölkələrinin yüksək inflyasiya, bahalı enerjidaşıyıcıları fonunda təsirli addımlar atmaq imkanları məhdudlaşıb. Bir tərəfdən Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırır, digər tərəfdən isə hökumətlər ifrat həddə qədər bahalaşan enerjidaşıyıcılarına görə biznesi və əhalini dəstəkləmək məcburiyyətində qalırlar. Artıq Almaniya, Fransa, həmçinin Böyük Britaniya hökumətləri irihəcmli yardım proqramları həyata keçirməyə hazırlaşırlar. Britaniyada Lis Tras hökuməti enerjidaşıyıcılarının bahalaşmasının mənfi təsirini azaltmaq üçün əhali və biznesə 150 milyard funtsterlinq, Almaniyada Olaf Şols hökuməti isə 200 milyard avroluq, Fransada Makron hökuməti isə 100 milyard avroluq dəstək paketinin icrasına başlayırlar. Bu, yalnız həmin ölkələrdə deyil, qlobal səviyyədə maliyyə və fond bazarlarına böyük təsir göstərə biləcək addımlardır. Təsadüfi deyil ki, artıq ABŞ Maliyyə Nazirliyi Britaniya hökumətini proqramın icrasında diqqətli olmağa çağırıb. Britaniyada gəlir vergisi dərəcəsinin 45 faizdən 40 faizə endiriləcəyi, dövlət borclanmasının artacağına dair məlumatlar qiymətli kağızlar bazarlarında böyük təlatümə səbəb olub. Bu, adıçəkilən bazarlarda yaxşı olmayan vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq addım kimi dəyərləndirilməkdədir.  Belə ki, bu ilin aprel-sentyabr  ayları ərzində dünyanın səhm və istiqraz bazarlarının həcmi 44 trilyon dollar kiçilib. Yaponiyanın nüfuzlu “Nikkei” qəzetinin ekspertlərə istinadən yaydığı məlumata görə, bu, rüblük ifadədə qiymətli kağızlar ticarəti tarixində ən böyük çöküşdür.

Qeyd olunan dövrdə istiqrazların ümumi dəyəri 20 trilyon dollar ucuzlaşmaqla 125 trilyon dollara düşüb. Dünya maliyyə meydanlarında səhmlərin dəyəri isə 24 trilyon itirməklə 86 trilyon dollar olub. “Nikkei” ekspertlərinin fikrincə, bu, 2001-ci ildən bəri ən böyük çöküş olmaqla, itkilərin miqyası 2008-ci il maliyyə böhranındakını da keçib. 

S&P beynəlxalq agentliyi 2023-cü ildə ABŞ-da iqtisadiyyatın 0,5 faiz kiçiləcəyini proqnozlaşdırır. Agentlik analitikləri buna Federal Ehtiyatlar Sisteminin(FED) həyata keçirdiyi sərt pul-kredit siyasətinin səbəb olacağını deyirlər. Agentliyin qiymətləndirməsinə istinad edən “Financial Times”ın yazdığına görə, agentliyin bundan əvvəlki dəyərləndirməsi 2023-cü ildə ABŞ-da 0,9 faizlik iqtisadi artımının olması yönündəydi: “Avqusta dair pessimist istehlak qiymətləri indeksi göstəricisi, ardınca isə FED-in sentyabr qərarından sonra ABŞ dövlət istiqrazlarının gəlirliliyi yuxarı sıçradı, ipoteka kreditləri faizləri və korporativ bondların gəlirliliyindən ibarət spred yüksəldi, fond bazarlarında isə əksinə, eniş sürətləndi, dollar daha da möhkəmləndi. Biz hesab edirik ki, maliyyə şərtlərinin sərtləşməsi ABŞ iqtisadiyyatını bir qədər əvvəl gözlənən ÜDM artımının azalması deyil, tam resessiyaya məruz qoyacaq”.

FAO-nun baş direktoru dünyada ərzaq böhranı XƏBƏRDARLIĞI » Azmarka.az

Qeyd edək ki, iki rüb ardıcıl ÜDM-in azalması texniki resessiya hesab olunur.  ABŞ-da resessiyanın başlanmasını Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) qeydə alır. Təşkilatın kriteriyalarına görə, bir neçə ay ardıcıl bütün iqtisadiyyat sahələrində aktivliyin əhəmiyyətli azalması resessiyadır.

S&P analitiklərinə görə, ABŞ iqtisadiyyatında zəif bərpa əlamətləri 2023-cü ilin üçüncü rübündə müşahidə olunmağa başlayacaq.

Çikaqo Federal Ehtiyat Bankının sədri Çarlz Evans hesab edir ki, iqtisadiyyatı və əmək bazarını “soyutmaq”  üçün FED hələ bir müddət də faiz dərəcəsini yüksək saxlamağa məcbur olacaq. Beləliklə də 2023-cü ilin əvvəlinə faiz dərəcəsi 4,5 faizdən bir qədər yüksək ola bilər. FED-in sentyabrdakı 0,75 faiz bəndi artım qərarından sonra hazırda ABŞ-da uçot dərəcəsi 3-3,25 faiz təşkil edir. Bu, 2008-ci ilin maliyyə böhranından bəri ən yüksək həddir. FED uçot dərəcəsi ilə bağlı növbəti qərarını 1-2 noyabrdakı toplantısında verəcək.

Bu həftə ABŞ-da inflyasiya göstəricisi açıqlanacaq. Bu göstərici FED-in sonrakı addımları üçün vacib amildir. Hazırda treyderlər FED-in uçot dərəcəsini daha 0,75 faiz bəndi artıracağını proqnozlaşdırırlar. Bundan əlavə, ekspertlərə görə, başlanmaqda olan korporativ hesabat dövrünün ABŞ fond bazarı tərəfindən müsbət qarşılanması gözlənilən deyil.

ABŞ-la yanaşı dünyanın ikinci böyük iqtisadiyyatında - Çində də iqtisadi göstəricilər nikbinliyə əsas vermir. Oktyabrın 10-da açıqlanan məlumatdan aydın olub ki, Çində iqtisadiyyatın vəziyyətinin qiymətləndirilməsi üçün əsas rol oynayan xidmət sektorunda alış menecerləri indeksi (PMI) sentyabrda avqustdakı 55 bənddən 49,3 bəndə düşüb. Bu göstəricinin 50 bənddən aşağı düşməsi Çinin xidmət sekorunda işgüzar aktivliyin aşağı düşməsindən xəbər verir. Göstəricinin aşağı düşməsinin əsas səbəbi Çində koronavirusa qarşı tətbiq olunan sərt məhdudiyyətlər hesab olunur.

Qlobal iqtisadiyyatda müşahidə olunan resessiyanın xammal və əmtəə bazarlarına təsirlərini qiymətləndirmək üçün neft bazarına diqqət yetirmək kifayətdir. Belə ki, OPEK+ alyansının noyabrdan etibarən gündəlik hasilatı 2 milyon barel azaltmaq barədə qərarından sonra 15 faizə qədər bahalaşan neft qiymətləri Çinin xidmət sektorundakı işgüzar aktivliyin azalması xəbərindən sonra yenidən üzüaşağı hərəkət edib. Dünənki hərraclarda Brent markalı neftin qiyməti 94 dollar civarına qədər azalıb. ABŞ-dan inflyasiya səviyyəsinə dair oktyabrın 13-də açıqlanacaq rəqəmlər əvvəlki ayla müqayisədə daha yüksək olarsa, bu, FED-in daha kəskin faiz artımına gedəcəyi demək olacaq. Uçot dərəcəsinin belə artımı isə xammal bazarlarında qiymətlərin daha sürətlə düşməsini şərtləndirəcək.

Qlobal ərzaq böhranı olacaqmı? - təhlil

Onu da qeyd edək ki, qlobal iqtisadi durğunluğun ardınca dərin iqtisadi böhranın gəlməsi bütün dünya ölkələri üçün böyük risklər formalaşdırır. İnkişaf etmiş ölkələrdə əsas risklər qiymətli kağızlar bazarındakı iflaslarla bağlıdırsa, Azərbaycanda bu bazarın inkişaf etməməsi belə iflasları istisna edir. Lakin Azərbaycanın valyuta ehtiyatlarının böyük hissəsi beynəlxalq səviyyəli qiymətli kağızlara yatırılıb. Buna görə də qlobal səhm və istiqraz bazarlarındakı enişlər ölkənin valyuta ehtiyatlarına ciddi təsir göstərir. İlin əvvəlindən bəri bu enişdən valyuta ehtiyatlarının mühüm hissəsinin toplandığı Azərbaycan Dövlət Neft Fondu böyük həcmdə zərər görməkdədir. Rəsmi məlumata əsasən cari ilin birinci yarısında ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən 3 milyard 434 milyon manat,  valyuta məzənnələrindəki dəyişiklikdən 1 milyard 793.3 milyon manat zərərlə üzləşib. Üçüncü rüb üzrə Fondun investisiya fəaliyyətinə dair məlumat hələ açıqlanmasa da, qiymətli kağızlar bazarlarındakı enmənin daha da dərinləşməsi zərərin həcminin daha da artdığından xəbər verir.

Bir sıra ekspertlər hesab edirlər ki, Azərbaycan  maliyyə böhranının mənfi təsirlərindən yayınmaq üçün valyuta ehtiyatlarında qızılın payını artırmalıdır. Lakin aydın məsələdir ki, qısamüddətli dövrdə bunu reallaşdırmaq mümkün deyil. Çünki Neft Fondu vəsaitlərinin mühüm hissəsi orta və uzunmüddətli kağızlara yatırılıb. Bu isə qlobal resessiyanın maliyyə bazarlarında böhran yaradacağı halda Azərbaycanın valyuta ehtiyatlarının kəskin azalması ehtimalının çox yüksək olduğunu göstərir.

Resessiya və böhranın dünyada neftə olan tələbatı azaltmaqla ölkənin gəlirlərini də aşağı çəkməsi fonunda Azərbaycan üçün heç də ürəkaçan olmayacaq vəziyyətin yaranması ehtimalı artır. Çünki ölkə iqtisadiyyatının qeyri-neft gəlirləri dövlətin vacib cari xərclərini qarşılayacaq həddə deyil. 2023-cü ilin dövlət büdcəsində neft-qaz sektorundan daxilolmaların büdcə gəlirlərində payı 53 faiz həcmində nəzərdə tutulur. Təəssüflər olsun ki, uzun illər ərzində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində təsirli addımların atılması təmin olunmayıb. Nəticədə bu gün Azərbaycan ən əsas ərzaq məhsulları ilə özünü təmin etmək imkanında deyil. İqtisadçi ekspert Natiq Cəfərlinin minval.az-a dediyinə görə, Azərbaycan özünü ərzaqla cəmi 25 faiz təmin edir, qalan 75 faiz isə xaricdən gətirilir: “Məsələn, müxtəlif adlar altında satılan çaylar. Sadəcə olaraq, istehlakçı tələbatını bu qədər həcmdə ödəmək üçün bizim belə geniş çay plantasiyalarımız yoxdur. Əsasən bu ”yerli çay" Şri-Lankadan gətirilir, qablaşdırılır və Azərbaycan brendləri ilə yerli bazara çıxarılır. Süd məhsulları ilə bağlı da vəziyyət eynidir: biz Azərbaycan bazarında çoxlu “yerli” firmaların olduğunu görürük, amma əslində bu məhsullar xaricdən gətirilir, xüsusən də süd tozu, sonradan ondan süd məhsulları hazırlanır və yerli brendlər altında satılır.  Deməli, bütün bu amilləri nəzərə alsaq, Azərbaycan istehlakçını yerli ərzaq məhsulları ilə cəmi 25 faiz təmin edir".

Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafı ölkədə xarici bazar faktorlarının makroiqtisadi sabitlik üçün ən böyük təhlükə olaraq qalmasını şərtləndirir. Bu şəraitdə qlobal səviyyədə proseslərin böhrana keçməsi ölkəmiz üçün çox ciddi təhlükələr gətirə bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR