İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə narkoman sürücülər saxlanıldı - sürücülük vəsiqəsini necə alırlar...

630 17.02.2024 08:00 Ölkə A A

Elməddin Muradlı: “Həkimlər 80-100 manata sağlamlıq arayışı verirsə, buna polis nə etsin?”

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Onların barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində inzibati qaydada həbs, Murtuz Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri seçilib. 

Təəssüf ki, bu ilk belə fakt deyil. Azərbaycanda (Bakıda) taksi, hətta marşrut sürücüləri arasında da belələri var. Bir neçə gün öncə ailəsinin 5 üzvünü öldürən şəxsin sürücülük vəsiqəsi alması da neçə gündür ki, müzakirə olunur. Dəlilik kağızı olan birinin taksi sürücüsü olması, sürücülük vəsiqəsini necə əldə etməsi sual olunur. 

Ümumiyyətlə, bu cür hallar niyə azalmır? Onların kökünü kəsmək mümkünmü? Günahkar kim, hansı qurumdur? Narkoman adam necə sürücülük vəsiqəsi ala bilir? 

Əsas problemlər yenə də qalır" – ELMƏDDİN MURADLI – Operativ xəbərlər

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə “Yeni Müsavat”a dedi ki, narkomanlıqla bağlı problemlər xəstəlik sayılır: “Bu xəstəlikləri də yol polisi, yaxud da nəqliyyat müfəttişi, digər strukturun əməkdaşları üzə çıxarmır. Narkomaniyanı və dəliliyi müəyyən edən həkimlərdir. Həkimlər 80-100 manata sağlamlıq arayışı verirsə, buna polis nə etsin. Bu gün poliklinikaların bir çoxunda açıq şəkildə bazarda olduğu kimi alver gedir. Sağlamlıq haqqında arayışları 80-100 manat müqabilində satırlar. Təbii ki, ora gedən sürücü şikayətinin olduğunu demir. Həkim  də yazır ki, heç bir şikayəti yoxdur. 80 manatı alır, 40 manat dövlət rüsumunu ödəyir, qalanını da özünə saxlayır. Dünən baş prokuror Kamran Əliyev də dedi ki, burada neqativ hallar var, qanunvericilikdə boşluqlar var. Çox güman ki, bunu nəzərdə tutur. Taksi şirkətləri sürücüdən arayış tələb edir ki, həkimdən arayış alsınlar. Onlar da gedib pulla alıb gətirirlər. Buna taksi şirkəti nə etməlidir? Arayışı verən strukturdan soruşmaq lazımdır ki, bunu niyə verirsiniz? Vicdanınız haradadır? Əhməd kimi cinayətkarlar sizin kimi həkimlərin rüşvətxorluğunun nəticəsidir. Bu gün Əhməd kimi potensial cinayətkarlar taksi sürücüsü qismində aramızda gəzir. Onların da hissləri nə vaxt baş qaldıracaq, növbəti cinayət də onda baş verəcək. Nə qədər taksi sürücüsü qadına, qıza sataşır. Biabırçılıq buradan başlayır. Tibbi müayinə və tibbi sağlamlıq arayışı fərqli anlayışlardır. Sürücülərin tibbi müayinəsi gündəlik həyata keçirilməli olan prosedurdur. Amma sağlamlıq haqqında arayış ilkin sənəddir. Sürücü olmağa hazırlaşan şəxs sağlamlıq haqqında arayış almalıdır. Dövlət qanun qəbul edib. Prezidentin Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncamı var. Milli Məclisdə bu məsələ müzakirə olundu. "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişikliklər qəbul edildi və sairə. Nazirlər Kabineti bu qədər əziyyət çəkir, sənəd imzalayır. Ortada hansısa bir mənəviyyatsız, yaramaz bir həkim, poliklinika saxta arayış verir, bu cür hadisələrin yaranmasına zəmin yaradır. Ölkə rəhbərindən tutmuş baş nazirə qədər, deputatlar, nazirliklər əziyyət çəkərək bu boyda məsələni qaldırdılar. Bu işin qarşısında bir həkim ölkəyə nə qədər ziyan vurur. Qurumlar buna nə etsin. Məsələnin kökü səhiyyədədir. Orada araşdırma aparmaq lazımdır. Kamera ilə izləmək lazımdır. Tez-tez əməliyyat keçirmək lazımdır. Baş həkim, digər həkimləri məsuliyyətə cəlb edəndən sonra bəlkə vəziyyət düzələ bilər". 

Ekspertlər bildirir ki, narkotiki yeni qəbul etməyə başlayan şəxsi müəyyənləşdirmək çətindir. Uzun müddət narkotik qəbul edən şəxslərin isə hətta dərisinin rəngində, görünüşündə bunu hiss etmək olur. Belə insanlar özlərinə daha az fikir verirlər. Səliqələri olmur. Eləcə də uzun müddət narkotik qəbul edən xəstələrin dərisində spesifik bir rəng yaranır. Dəridə solmuş, göyərmiş, saralmış rəng əmələ gəlir. Bununla belə, ekspertlərə görə, narkotik istifadəçiləri dəhşətli cinayət törədən insanlar olmur. Sadəcə olaraq, o, narkotik qəbul etmək halındadırsa, yəni dozasının vaxtıdırsa, həmin an təhlükəli ola bilər. Lakin qəbul etdikdən sonra sakit, ziyansız insana çevrilirlər.

Ərşad Hüseynov: “Qadınlar radar görəndə kişilər kimi tormozun üstünə  çıxmırlar”

Ərşad Hüseynov

Hüquqşünas Ərşad Hüseynov isə mediaya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, sürücü peşəsində çalışan hər bir şəxs işə düzələrkən və sonra dövri olaraq tibbi yoxlanışdan keçməlidir: “Bu qaydalar qanunvericiliyimizdə var. Amma qanun yazıldığı kimi, vicdanla, şəffaf şəkildə icra olunsa, bu kimi halların qarşısı alınar. Mövcud qanunvericilik müəyyən parametrlərinə görə dünyada mövcud olan qaydalardan heç də geri qalmır. Çünki hüquqda belə bir qayda var, qanun hərfi mənada tətbiq edildikdən sonra onun təcrübədə hansısa boşluğunun olduğu ortaya çıxır. Qanun tətbiq edilməyəndə boşluğun olub-olmadığını müəyyənləşdirmək çətin olur.

Qanunda qeyd edilib ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs yeni qaydalara əsasən buraxılış kartı əldə etməlidir. Bunun üçün həmin şəxsin sağlamlığı əhatəli olaraq yoxlanılmalıdır. Psixi-nevroloji yoxlanışdan keçdikdən sonra onun taksi fəaliyyətində çalışıb-çalışmaması müəyyənləşir. Sözsüz ki, bu qaydalar işləsə, müntəzəm tibbi yoxlamalar aparılsa, nəzarət olunsa, bu kimi hallar baş verməz. Eyni zamanda bu hal fəaliyyət prosesində də aşkarlana bilər.

Hər hansı şəxsin müəyyən tarixdə sağlamlıq haqqında arayış alması onun tam və daim sağlam olması demək deyil. Elə xəstəliklər və psixi durum var ki, onları aşkara çıxarmaq uzunmüddətli müşahidə tələb edir. Kobud qayda pozuntuları, davranışları şəxsin normal olmadığına dəlalət etsə, onun təkrar yoxlanışa cəlb edilməsi ilə bağlı da mexanizm olmalıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR