İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudilərə atılan "qan böhtanı" nədir? - Tarixin dərinliklərində gizlənən sirlər üzə çıxır...

5295 15.07.2023 12:41 Yazarlar A A

Sultan Süleymanın ədaləti və ya Holokostdan sağ çıxan yəhudiləri gözləyən sonrakı faciə 

Yəhudi və xristian tarixində “Qan böhtanları” səhifəsi xüsusi yer tutur. Belə ki, orta əsrlərdən başlayaraq yəhudilərin dini mərasimləri zamanı xristian uşaqlarını öldürdükləri və matza adlı bayram çörəyinin xəmirinin xristian uşaqlarının qanı ilə yoğurduqları  haqqında miflər uydurulmağa başladı. Nəticədə bir çox xristianlar yəhudilərdən qorxmağa və nifrət etməyə başladı. Əslində, bu varlı yəhudilərin əlindən varidat və imtiyazların alınması üçün uydurulmuş hiyləğər yalandan başqa bir şey deyildi.

2323.jpg (61 KB)

Tarixdə yəhudilərə qarşı ilk ritual qətl ittihamı Misirdə, təxminən eramızdan əvvəl 40-cı ildə yunan-misir müəllifi Apion tərəfindən uydurulmuşdu:  “Antiox məbədin içəri hissəsində çarpayıda uzanmış bir adam tapdı və onun yanında hər cür ləzzətli yeməklər, balıq və quş ətindən hazırlanmış ləzzətlər olan düzülmüş süfrə vardı... İlbəil, əvvəlcədən müəyyən edilmiş tarixlərdə yəhudilər ildə bir   yunanı qaçırıb, onu hər cür ləzzətlə kökəldirlər, sonra şəhərə aparıb, orada öldürdülər və  insanların qovuşduğu yerdə öz qanunlarına və adət-ənənələrinə görə qurban kəsirlər. Sonra ölünü yunan quyulardan birinə atırlar”.

İlk qan böhtanı – Norviçli Uilyam xristian şəhidi elan olunur

Erkən orta əsrlərdə də yəhudilərin xristianları öldürdükləri rəvayətlər var idi. Lakin “qan böhtanı” tarixi İngiltərənin Norviç şəhərində, 25 mart 1144-cü ildə Pasxa bayramı  günündən başlayır. Həmin gün  12 yaşlı Uilyamın cansız cəsədi meşədən tapılır.

Pasxa bayramından əvvəl bazar ertəsi günü, özünü aşpaz kimi təqdim edən bir nəfər Elviva adlı qadından onun oğlu Uilyamı işə götürə biləcəyini soruşdu. Elviva razılaşdı və oğlan kişi ilə birlikdə getdi. Bir qədər sonra oğlanın cəsədi tapıldı.  Elvivanın bacısı   yuxuda ailəsinin yəhudilərin əli ilə cinayətə məruz qalacağı barədə xəbərdarlıq edildiyini xatırladı. Əslində isə sonradan aparılan tədqiqatlarda da Uilyamı işə götürən adamın yəhudi olub olmadığı məlum deyildi.

fdfdfdf.jpg (54 KB)

Dərhal ittihamlar ortaya çıxdı ki, yəhudilər onu bayram çörəyinin hazırlanması üçün öldürüblər. Norviçin şəhər rəisi ittihamlara məhəl qoymadı və yəhudiləri müdafiə etdi. Ancaq hekayə unudulmadı və cəsədi tapılan oğlan müqəddəs elan edildi. Qısa müddət sonra Norviç yəhudiləri qisas almaq istəyən kütlənin hücumuna məruz qaldılar və qaçmağa məcbur oldular. Bir qədər sonra yəhudi icması bu iş üzrə bəraət alsa da, onların geri qayıtması heç vaxt mümkün olmadı.

Orta əsrlər, "qan böhtanı"nın davam etməsi və yüzlərlə yandırılan yəhudilər

Norviçli Uilyamın qətlindən cəmi üç il sonra,  Almaniyanın Varzburq şəhərində suda boğulan xristian uşağın cəsədi tapıldı. Uşağın ölümünə görə məsuliyyət yerli yəhudilərin üzərinə qoyuldu. Yəhudi icmasının yalvarışlarına baxmayaraq  onların əksəriyyəti qətlə yetirildi. 

On bir il sonra, 1156-cı ildə  İngiltərədə “qan böhtanı” yenidən gündəmə gəldi. Linkolnda Pasxa bayramında  Huq  adlı bir xristian oğlanın cəsədi tapıldı. İşgəncə ilə alınan etiraflardan sonra 19 yəhudi asıldı. Tezliklə bütün İngiltərə yəhudiləri ritual qətllərdə iştirak etməkdə günahlandırıldılar. 

1171-ci ildə qan böhtanı Fransaya çatdı. Blois şəhərində yəhudilərin Pasxa matzası üçün qətl törətdikləri barədə şayiələr yayıldı. İttiham olunan yəhudilərə xristianlığı qəbul etmək təklif edildi. Bundan imtina edən 17 – si qadın olmaqla 33 nəfər Blois yəhudi icmasının üzvü odda yandırıldı.

1235-ci ildə Almaniyanın Fulda şəhərində beş oğlanın cəsədi tapıldıqdan sonra şəhər sakinləri 34 yəhudini yandıraraq öldürdülər.  

Böhtanların nəticəsi olan dəhşətli qətllərdən biri 1475-ci ildə İtaliyanın Triest şəhərində baş verir. Pasxa bayramının ilk günündə xristian ailənin iki – üç yaşı olan Simon adlı  uşağı yoxa çıxır. Onun cəsədi yəhudi ailəsinə məxsus evin yaxınlığındakı çayda tapılır. Yerli yepiskopun əmri ilə şəhərin yəhudi icmasının rəhbərləri həbs olunur və uşağın qanını içmək üçün onu öldürdüklərini “etiraf” edənə qədər onlara işgəncə verirlər. Körpənin qətli xəbəri bütün İtaliya və Almaniyaya yayıldı. Yəhudilər həbs edildi, işgəncələrə məruz qaldı və sonra dirəkdə yandırıldılar.  

jujujujuju.jpg (134 KB)

Orta əsrlərdə "qan böhtanı"  və yəhudilərin Avropadan qovulması

Yuxarıda haqqında danışdığımız orta əsr antisemitizminin son nəticəsi XIII əsrin sonlarından başlayaraq yəhudilərin Avropanın bir çox ölkəsindən qovulması oldu.

1290-cı ildə Kral I Edvard bütün yəhudiləri İngiltərədən qovdu və 1306-cı ildə Fransa, 1348-ci ildə İsveçrə və 1394-cü ildə Almaniya kralları bu ədalətsiz  ənənəni davam etdirdi.

İngiltərədə yəhudilərin 1656-cı ilə qədər geri qayıtmasına icazə verilmədi. 1490-cı ildə İspaniyada guya 4 yaşlı xristian uşağının yəhudilər tərəfindən öldürülməsi kraliça İzabellanın yəhudilərin ispan torpaqlarından qovulması üçün uydurulmuş səbəblərdən biri oldu.  

Təbii ki, əsas məqsəd xristianların yəhudilərə olan borclarının ləğvi və qovulacaq yəhudilərin əmlakları hesablarına varlanacaqlarına ümid etmək idi.

41.jpg (104 KB)

Osmanlı imperiyası  və çiçəklənən yəhudi icması!  Erməni və yunanlar tərəfindən yəhudilərə  atılan "qan böhtanı", Sultan Süleymanın ədaləti

 Yəhudilər Avropa torpaqlarından qovulduqdan sonra Osmanlı sultanları tərəfindən xoş məramla qarşılanaraq digər təbəələrin malik olduqları hüquq və azadlıqlara sahib oldular. Bu xüsusilə erməni və yunan icmasının paxıllıq və həsədinə səbəb olmuşdu. Osmanlı İmperiyasında ilk qan böhtanı hadisəsi Amasiyada bir erməni qadınının yəhudilər tərəfindən bir xristian uşağını öldürdüyünü görməsi iddiası ilə başlayır. Yəhudilərin həbsi onların amansız işgəncələrdən sonra “etirafları” ilə nəticələnir. Həbsdə olan yəhudilərin hamısı edam edilir. Lakin, öldürüldüyü iddia edilən  xristian oğlan qısa müddət sonra ortaya çıxdı. Uşağın ölmədiyini anlayan yerli Osmanlı məmurları aldandıqlarını anladılar. Osmanlı İmperiyası onu "qan böhtanı" işində istifadə edənlərə qarşı amansız oldu. Sultan Süleyman Qanuni  "qan böhtanı"nı yayan xristianlara yəhudilərlə eyni cəzanı verdi.

Osmanlı imperiyası zamanı isə ən məşhur hadisə 1840-cı ildə Dəməşq və  Rodosda baş vermişdir. Rodosda yunan provaslav icması adanın yəhudi camaatını bir  xristian uşağının qətlində günahlandırdılar. Yəhudi məhəlləsi bağlandı və 12 gün ərzində sakinlərə yemək və içmək verilmədi. Xüsusən  “Dəməşq işi” yəhudi tarixində dönüş nöqtəsi oldu, çünki ilk dəfə olaraq müxtəlif ölkələrdən olan yəhudilər, o cümlədən İngiltərə, Fransa, Avstriya, Almaniya və ABŞ-dakı yəhudi icma liderləri antisemitizmə etirazlarını bildirmək üçün birləşdilər.

Sonunda 1840-cı ildə Osmanlı torpaqları olan Dəməşq və Rodos hadisələri ilə bağlı Sultan Əbdülməcid fərman verdi. Fərman yəhudi dininin “Heç bir ətin qanını yeməyin, çünki hər növ ətin canı onun qanıdır və onu yeyən atılacaq” fəlsəfəsinə əsaslanaraq "qan böhtanı" iftirasını rədd edir və “yəhudilərin öz dinlərini rahat şəkildə ibadət etmələrinə heç kimin mane olmağa haqqı yoxdur ... və təbəələrimizə göstərdiyimiz məhəbbətə görə, onlara qarşı irəli sürülən cinayətdə günahsız olduğu açıq-aydın görünən yəhudi xalqının həqiqətdə ən kiçik əsası olmayan ittihamlar nəticəsində narahat olmasına və əzab çəkməsinə icazə verə bilmərik”  kimi ifadələr yer alırdı.

52.jpg (32 KB)

Qan böhtanı və Çar Rusiyası – “Beylis işi” və yəhudilərə qarşı dövlət antisemitizmi

Rusiya və onun müstəmləkələrində qan iftirası yeni hadisə deyildi. Ancaq bunların ən məşhuru Kiyev şəhərində baş vermiş “Beylis işi” adlanan məhkəmə prosesidir. Hadisə on iki yaşlı Andrey Yuşçinskinin  1911-ci il martın 12- də səhər məktəbə gedərkən yoxa çıxması ilə başlayır. Martın 20-də onun qırx yeddi bıçaq zərbəsi ilə öldürülmüş cəsədi tapıldı. Andreyin kim tərəfindən öldürüldüyü məlum deyildi. Ancaq şəhərdə dedi-qodular başlayır. Nəhayət, Kiyevdəki kərpic zavodunun yəhudi işçisi Beylis 1911-ci il iyulun 22-də həbs olundu. Cinayətin motivi kimi dövlət orqanları tərəfindən yəhudlərə bağlı ritual qətl göstərildi. Bu işdə Rusiyada millətçi və şovinist Qarayüzlər təşkilatı xüsusi fəallıq edirdi.  Bu prosesin təşkilatçıları dünya yəhudilərinin hamısının sözün hərfi mənasında qaniçən olduğunu sübut etməyə çalışırdılar. Dumanın bəzi deputatları belə bir absurd iddianın müzakirəyə çıxarılmasını tələb ediblər: “Yəhudilər tərəfindən qeyri-xristianların ritual qətllərinin qarşısı necə alına bilər?”. Bundan sonra bütün dünya yəhudiləri Beylisin müdafiəsinə qalxdılar.  Proses Rusiyada və bütün dünyada diqqəti cəlb etdi. 2 il sonra Beylis bəraət ala bilir.

Beylisin bəraəti Rusiyada yəhudilərə qarşı həyata keçirilə biləcək bütün zorakılıqların qarşısını alır. Bunlardan ən yüngülü ola biləcək yəhudilərin sürgünü idi.

Sovet İmperiyası dövründə "qan böhtanı"

Bolşevik hakimiyyətinin ilk illərində yeni hökumət dini xurafatlara qarşı müharibə elan etdi və antisemitizmi cinayət adlandırdı. Beylisin məhkəməsinin təşkilatçıları mühakimə olundu. Və 1919-cu ildə qan böhtanının araşdırılması üçün  komissiya da yaradıldı. Zaman-zaman SSRİ-nin bəzi yerlərində qan böhtanı haqqında xəbərlər hələ də eşidilirdi.

1950-1960-cı illərin ikinci yarısında Sovet İttifaqında açıq-aşkar antisemit xarakter alan kütləvi anti-İsrail təbliğatı yəhudilərə qarşı birbaşa və ya dolayı yolla qan böhtanı ilə bağlı təqiblərin yenidən başlanmasına təkan verdi.  Qeyri-xristianların qanından ritual məqsədlər üçün istifadə ittihamları, bir qayda olaraq, əhalinin qaranlıq, cahil təbəqələrinin nümayəndələrindən gəlirdi. Hakimiyyət isə sanki onlara məhəl qoymamağa çalışırdı. 

1960-cı ildə Dağıstanın “Kommunist” qəzetində dərc olunmuş məqalədə “Yəhudilər öz dinlərinə görə ildə bir dəfə müsəlman qanını içmək lazım olduğuna inanırlar. Bəzi yəhudilər 5-10 qr alırlar. Böyük bir çəlləkdə müsəlman qanı su ilə qarışdırılır və satılır”.

Holokostdan sonra ikinci faciə! Polşa yəhudilərinin İkinci dünya müharibəsindən sonra qan böhtanı iftirasına görə öldürülmələri 

II dünya müharibəsindən sonra Polşada yəhudir yenidən qırğına məruz qalırlar. Həm də bu dəfə faşistlər tərəfindən yox. 1946-cı ildə Polşanın  Kielce şəhərində yəhudilərin qırğını bir sıra "qan böhtanı" hekayələrindən fərqlənir.  İkinci Dünya Müharibəsi başlamazdan əvvəl Kielcedə təxminən 20 min yəhudi yaşayırdı ki, bu da şəhər əhalisinin üçdə birini təşkil edirdi. Müharibə bitdikdən sonra orada yalnız 200-ə yaxın Holokostdan sağ çıxan yəhudi yaşayırdı.  Qırğının başlamasına səbəb səkkiz yaşlı Henrix  adlı oğlanın yoxa çıxması idi.  Cəmi iki gün sonra evə qayıdan Henrix bildirdi  ki, yəhudilər onu qaçırıb  öldürmək niyyətindədirlər. 

1946-cı il iyulun 4-də səhər saat 10-da Kielce şəhərində çoxlu sayda insanın, o cümlədən hərbçilərin iştirak etdiyi qırğın başladı. Günortaya yaxın iki minə yaxın adam yəhudi komitəsinin binası yaxınlığında toplaşmışdı. “Yəhudilərə ölüm!”, “Övladlarımızın qatillərinə ölüm!” kimi şüarlar səslənirdi. Günorta saatlarında polis serjantı Vladislav Blahutun başçılıq etdiyi qrup binaya daxil olaraq müqavimət göstərməyə hazır olan yəhudiləri öldürdülər. 

Doğrudur,  Polşa Ali Məhkəməsi qırğında iştirak edən 9 nəfəri ölüm cəzasına məhkum etsə də Kielcedəki qırğın yəhudilərin Polşadan kütləvi şəkildə mühacirətinə səbəb oldu. 

1996-cı ildə (poqromun 50-ci ildönümü) Kielce şəhərinin meri şəhər əhalisi adından yəhudilərdən üzr istədi və 60-cı ildönümündə prezident və nazirlərin iştirakı ilə ölən yəhudilərin anım mərasimi keçirildi. Polşa prezidenti Lex Kaçinski Kielce bu qırğınını  “polyaklar üçün biabırçılıq və yəhudilər üçün dəhşətli faciə” adlandırdı.

63.jpg (45 KB)

Qan böhtanı XX əsrin müxtəlif dövrlərində hətta XXI əsrdə belə müxtəlif insanlar tərəfindən dilə gətirilir. Onlar arasında ən yüksək səviyyədə dövlət xadimləri belə zaman-zaman meydana çıxmaqdadır.  Ancaq yəhudi ibadətlərində insan qurbanının kəsilməsi və bu qanın içilməsi və ya hər hansı qidaya qatılmasnın haram olduğu çoxlarına  məlumdur. Çünki, yəhudi dinində insan və heyvan qanı içmək qəti qadağandır. Lakin bu bir həqiqətdir ki, xristian əhalisi və yerli din xadimləri onlara qarşı törədilən bu qırğının qarşısını ala bilməmiş, əksər hallarda isə onun iştirakçısına çevrilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR