Yay mövsümü insanların istirahətə, açıq havada pikniklərə, səfərlərə və müxtəlif qida məhsullarının daha çox istehlakına üstünlük verdiyi dövrdür. Lakin havaların isinməsi ilə birlikdə qida təhlükəsizliyi məsələsi də aktuallaşır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, yüksək temperatur bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır və bu da qida zəhərlənmələrinin sayının artmasına səbəb olur.
Xüsusilə iyul-avqust aylarında xəstəxanalara müraciət edənlər arasında qida zəhərlənmələri ilə bağlı şikayətlərin artdığı müşahidə olunur. Bir çox hallarda insanlar təhlükənin fərqində olmadan gündəlik istifadə etdikləri qidalar vasitəsilə sağlamlıqlarını riskə atırlar.

Bəs isti havalarda ən çox risk yaradan qida məhsulları hansılardır?
Mövzu ilə bağlı qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov Musavat.com-a danışıb.
Mütəxəssis ilk öncə qida təhlükəsizliyi ilə bağlı yol verilən səhvlərdən söz açıb:
"Yay aylarında insanların pikniklərə, istirahət məkanlarına və müxtəlif gəzintilərə üz tutması xeyli artır. Lakin məhz bu dövrdə qida təhlükəsizliyi ilə bağlı yol verilən səhvlər də çoxalır. İnsanların ən çox yol verdiyi nöqsanlardan biri soyuq qida zəncirinin qorunmamasıdır. Soyuducuda saxlanılmalı olan bir çox məhsullar açıq havada, yüksək temperatur şəraitində saatlarla saxlanılır ki, bu da son nəticədə qida zəhərlənmələri, ishal, qarın ağrıları, ürəkbulanma və müxtəlif mədə-bağırsaq pozğunluqları ilə nəticələnə bilir. Məlum olduğu kimi, yay mövsümündə piknik və açıq hava istirahətləri zamanı insanlar daha çox hazır qidalardan, yarımfabrikatlardan, müxtəlif ət məhsullarından, xüsusilə toyuq və quzu ətindən hazırlanan kabablardan istifadə etməyə üstünlük verirlər. Halbuki bu məhsulların hamısı temperatur rejiminə həssasdır və onların təhlükəsiz şəkildə saxlanılması üçün mütləq soyuducu şərait tələb olunur".

Həmsöhbətimiz dedi ki, burada yol amili də mühüm rol oynayır: "İnsanlar istirahət məqsədilə uzaq rayonlara və ya şəhərdən kənar ərazilərə üz tutduqda saatlarla yolda olurlar. Bu müddət ərzində qidalar yüksək temperaturun təsiri altında qalır. Təəssüf ki, bir çox hallarda insanlar istirahət və əyləncə ab-havasında qidaların saxlanma qaydalarını ikinci plana keçirirlər. Sanki heç bir təhlükə yoxdurmuş kimi davranırlar. Halbuki ən ciddi risklər məhz bu mərhələdə yaranır. Soyuq qida zəncirinin pozulması bakteriyaların sürətlə çoxalmasına əlverişli şərait yaradır. Xüsusilə salmonella, stafilokok və digər xəstəliktörədici mikroorqanizmlər isti hava şəraitində çox qısa müddətdə təhlükəli həddə çata bilir. Bu risk daha çox süd və süd məhsullarında, ət və ət məhsullarında, mayonez tərkibli salatlarda, tort və şirniyyatlarda özünü göstərir. Bundan əlavə, balıq və dəniz məhsulları da yüksək risk qrupuna daxildir. Yay aylarında bu məhsulların istehlakı nisbətən azalsa da, istifadə edən şəxslər üçün təhlükə qalmaqdadır".
İlkin Şirinov vurğulayıb ki, hətta dondurmalar belə düzgün temperatur şəraitində saxlanılmadıqda sağlamlıq üçün risk yarada bilər: "Bu səbəbdən daşına bilən kiçik həcmli portativ soyuduculardan istifadə etmək tövsiyə olunur. Xüsusilə avtomobillərlə səyahət edən şəxslər üçün nəzərdə tutulmuş soyuducu sistemlər qidaların təhlükəsiz saxlanılması baxımından olduqca faydalıdır. Bu vasitələrdən istifadə etməklə qidaların keyfiyyətini qorumaq və zəhərlənmə riskini minimuma endirmək mümkündür. İnsanların yol verdiyi digər ciddi səhvlərdən biri isə məhsul qonşuluğu qaydalarına əməl etməmələridir. Bir çox hallarda tortlar, ət məhsulları, mayonez, meyvə və tərəvəzlər eyni sellofan torbalarda və ya eyni qablarda saxlanılır. Çiy toyuq əti ilə tərəvəzlərin eyni qabda yerləşdirilməsi də geniş yayılmış yanlış təcrübələrdəndir. Halbuki müxtəlif növ qidaların bir-biri ilə təmasda olması çarpaz çirklənmə riskini artırır və bakteriyaların bir məhsuldan digərinə keçməsinə səbəb olur".

Mütəxəssis sonda dedi ki, daha narahatedici hallardan biri isə qida məhsullarının qeyri-qida məhsulları ilə birlikdə daşınmasıdır: "Bəzən sabun, yuyucu vasitələr, məişət kimyəvi məhsulları və digər qeyri-qida malları eyni torbada və ya eyni qablaşdırmada ərzaq məhsulları ilə birlikdə saxlanılır. Bu isə qida təhlükəsizliyi baxımından qətiyyən yolverilməzdir və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Ona görə də yay aylarında istirahətə və piknikə gedərkən qidaların düzgün saxlanılması, soyuq qida zəncirinin qorunması, məhsul qonşuluğu qaydalarına əməl edilməsi və qida ilə qeyri-qida məhsullarının ayrı daşınması mütləq nəzərə alınmalıdır. Əks halda xoş istirahət planı qida zəhərlənməsi və sağlamlıq problemləri ilə nəticələnə bilər".
Xalidə Gəray
Musavat.com






