İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarımçıq qalan Mehri yolu və Bakı-Naxçıvan qatarının ilk sərnişinlərinə TƏBRİK əvəzi

7545 09.02.2024 17:22 Yazarlar A A

Bu gün, fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam oldu. Min illərdir Azərbaycan türklərinin yurd saldığı, yaşadığı, Atabəylər – Eldəgizlər dövlətinin paytaxtı olan, tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər, sənətkarlar, alimlər, mədəniyyət, incəsənət xadimlərini, Əcəmi kimi memarları yetişdirmiş Naxçıvan diyarı başdan-başa tarixdir, qürur duyduğumuz müqəddəs bölgələrimizdəndir.

NAXCİ SON.jpg (124 KB)

Naxçıvanı qoparmaq üçün çox çalışdılar. Başı müsibətlər çəkib, ötən əsrin əvvəllərində Zəngəzurun taleyini yaşatmaq üçün çox çalışdı erməni daşnaklar, onların havadarları, planları iflasa uğradı. Naxçıvana Muxtar Respublika statusu verildi, təhlükədən yayındırıldı. Ondan qabaq Atatürk Türkiyəsinin Lenindən qızıl pul müqabilində Sədərək istiqamətindən 11 km-lik dəhliz yol alması, Qars müqaviləsi də bu bölgənin daşnak əlinə keçməməsində önəmli tarixi rol oynadı. Növbəti dəfə əsrin 90-cı illərdə təkrar cəhd göstərdilər, Qarabağ bölgəsi kimi, Naxçıvanı da qəsb etmək üçün var gücləri ilə çalışdılar, alçaq təxribatlara əl atdılar. Mərhum prezident Heydər Əliyevin tarixin çox çətin dönəmində Naxçıvanı qoruması, işğal olunmasına imkan verməməsi də tarixə həkk olunub. Düşmənlər yalnız Kərkini Sədərəkdən qopara bildilər, həm də bütün ətrafı əvvəlki dönəmlərdə budandığı üçün, Kərkimiz “ada”da qaldığına görə...

33-cü ildir ki, Naxçıvan blokada şəraitində yaşayır, fədakarlıq göstərir, düşmənin qarşısında dağ kimi sinə gərir bütün çətinliklərə. Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəsi ilə birləşdirən dəmir yolu da 90-cı illərin əvvəllərindən başlayaraq tar-mar edilib.

YOL SON.jpg (120 KB)

Düz 72 il sonra! Xatırlatma üçün: 1920-ci il dekabr ayının 2-də Naxçıvan İnqilab Komitəsinin qərarı ilə dəmir yolunun Naxçıvan şöbəsi yaradılıb. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 20 oktyabr 1926-cı il tarixli qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyasının rəsmi açılışı olub. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası fəaliyyətə başlayıb. 1936-cı ildə Ələt-Mincivan xəttinin tikintisi başa çatıb və istismara buraxılıb. Ümumi uzunluğu 126 kilometr olan Mincivan-Culfa dəmiryol xətti isə Naxçıvanı Azərbaycanın paytaxtı ilə birləşdirib. Bu sahədə yol təsərrüfatına xidmət məqsədilə həmin ilin sentyabr ayında Ordubad Yol Distansiyası yaradılıb. Bu faktlar da Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəmiryolu xəttinin Azərbaycanın mülkiyyəti olduğunu bir daha təsdiqləyir!

xerite son.jpg (160 KB)

44 günlük Vətən müharibəsindən sonra müxtəlif bəhanələrlə 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndini, Naxçıvana quru əlaqənin təmin edilməsi barədə öhdəliyini icra etməkdən boyun qaçıran Ermənistan hökuməti bununla həm də Azərbaycan əmlakına edilən təcavüzü ört-basdır etmək istəyir. Başına endirilən Dəmir Yumruqdan sonra belə, səndələyə-səndələyə yüz milyardlıq silah müqaviləsi imzalayacaqlarının anonsunu verən Nikol Paşinyan əvvəlcə Naxçıvana gedən dəmir yolunu bərpa etməli, Azərbaycana 30 ildən artıq vurulan zərəri ödəməlidir. Zəngəzur dəhlizi açılmalıdır! Niyə Naxçıvanın yarım milyonadək əhalisi bundan sonra da zülm çəkməlidir? Niyə vətəndaşlarımız öz evlərindən çıxıb qatarla, yaxud avtomobillə ölkəmizin istənilən ərazisinə getmək hüququndan məhrum olmalıdırlar? Ermənistan anlamalıdır, Naxçıvan əhalisi əliyalın Kərkidən, Arazdəyəndən üzü İrəvana, yaxud elə Mehridən üzü Zəngilana tərəf üz tutsa, qarşısına çıxan haylar ayaqlar altında qalarlar! Səbrimizi daşırmasınlar!

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin geniş qeyd olunması ilə əlaqədar sərəncam imzalamışdı. Mən şübhə etmirəm ki, yubiley tədbirlərinin daha geniş şəkildə keçirilməsinə maneə olan əsas səbəb məhz Naxçıvanın blokada şəraitində yaşaması, Vətənin əsas hissəsinə quru yolunun olmamasıdır! Niyə belə olmalıdır ki? Məğlub Ermənistana bu haqqı kim verib?!

Nikol Paşinyan dəmir yolu xəttindən ara-sıra danışır. Sadəcə danışır… Amma avtomobil yolunu görməzdən gəlir, eşitməzliyə vurur. Zəngəzurdan keçəcək avtomobil yolu Azərbaycan üçün olmazsa olmazdır. Zamanında bu yolun çəkilişi başlasa da, onun sona çatdırılmasına imkan verilməmişdi, erməni məkri nəticəsində. Üç il əvvəl bu mövzuda da araşdırmamız olmuşdu. Əslən Nüvədi kəndindən – 1929-cu ildə Ermənistana verilən, 1969-cu ilin mayında Azərbaycan SSR Ali Sovetində ratifikasiya olunan tarixi yurd yerimizdən – olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, sabiq deputat Alqış Həsənoğlu çox ilginc açıqlamalar vermişdi. Bildirmişdi ki, Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti olub.

YOL YENİ.jpg (130 KB)

7 fevral seçkilərindən sonra tarixinin yeni mərhələsinə qədəm qoymuş və qarşısında böyük hədəfləri olan Azərbaycanın Zəngəzur dəhlizinə nə qədər önəm verdiyi dosta da bəllidir, düşmənə də. Bu mənada aktuallığı nəzərə alaraq hörmətli Alqış bəyin həmin fikirlərini bir daha oxucularımız üçün xatırladıram. Sitat: “Həmin yolun tikintisi birbaşa Moskvanın nəzarəti altında idi. Ölkənin tikinti-quraşdırma, körpü salmağa, yol ötürücüləri qurmağa dair ən müasir avadanlıqları bu proyektin reallaşmasına səfərbər edilmişdi. Yolun bütün xərclərini SSRİ Müdafiə Nazirliyi maliyyələşdirirdi. Burada bir incəlik var. Yolun adı hərbi strateji xarakterli olsa da, mahiyyətcə siyasi idi, Bakı-Naxçıvan yolu idi. Bu yolun çəkilişi ilə bağlı müzakirələr 79-cu ilin sonlarından başlayaraq start götürmüşdü. Axı Moskvanın ciddi nəzarəti altında Heydər Əliyev “mən Naxçıvana Mehridən yeni yol çəkirəm” düşüncəsini açıq-aşkar həyata keçirə bilməzdi. Ona görə bu yol Müdafiə Nazirliyinin layihəsi kimi Siyasi Büroda təsdiq edilmişdi”.

RELS ON.jpg (155 KB)

Alqış Həsənoğlu qeyd etmişdi ki, Bakıdan Naxçıvana çəkilən yolun Nüvədiyə qədər hissəsi təxminən 430 km-dən bir qədər artıq idi. Həmsöhbətim çox ilginc bir xatirəsini də bölüşmüşdü:

“Nüvədiyə yol çəkiləndə Heydər Əliyev Moskvada idi. O zaman belə bir əhvalat da olmuşdu. Yolun Zəngilanla Nüvədini birləşdirən hissəsində ləngimə vardı. Səhv etmirəmsə, 1983-1984-cü illər idi. Bakıdan yol tikinti idarəsinin nümayəndəsi Nüvədiyə gəlmişdi. Uşaqlıq yaddaşım məni aldatmırsa, o şəxs bizim sabiq baş nazirin müavini Abid Şərifov idi. Nüvədililər Abid müəllimi çox narazılıqla qarşıladılar. O da yadımdadır ki, kəndimizin Məscid düzü deyilən yerindən bir az aşağıda, əmimgilin evinin qarşısında Abid müəllim “Villis”dən düşüb, yamac səmtə qalxaraq “sizi and verirəm Həzrət Abbasın kəsik qollarına, imkan verin, bir-iki kəlmə də mən danışım” dedi. Ondan sonra sakitlik yarandı. Abid Şərifov dedi ki, sizin narahatlığınızı rəhbərliyə çatdıracağam. Abid müəllimin kəndə gəlişi və nüvədililərin etirazı nəticəsiz qalmadı. Zəngilandan Nüvədiyə geniş asfalt yol çəkildi. Həmin yol Nüvədi üçün 1988-91-ci illərdə həyati əhəmiyyət kəsb edirdi”.

MEHRİ SON.jpg (123 KB)

Alqış Həsənoğlu bir məsələni də qeyd etmişdi ki, o zaman Naxçıvan tərəfdən yolun ancaq Mehrinin Aldərə kəndinə qədər hissəsini çəkmək mümkün oldu:

“Haradasa 20 km məsafə qalmışdı ki, ermənilər müxtəlif bəhanələrlə bu yolu tamamlamağa imkan vermədilər. Çünki ermənilər bu yolun nə demək olduğunu hamıdan əvvəl dərk etmişdilər. Atam danışırdı ki, Ermənistan Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Dallakyan təbliğat aparırmış ki, buna imkan vermək olmaz, bu yolun çəkilişi nəticəsində Mehridə yüzlərlə hektar meyvə bağı tələf olacaq. Əlbəttə ki, meyvə bağları bəhanə idi. Digər tərəfdən, deyirdilər ki, Bakı-Naxçıvan yolu artıq Mincivan, Qafan, Maralzəmi, Lehvaz və Mehridən keçir. Qalan 20-25- km-lik Nüvədi-Aldərə yolunu çəkməyə ehtiyac yoxdur. Əsas məqsəd isə Bakı-Naxçıvan yolunu əngəlləmək idi. Təəssüf ki, o zaman ermənilər buna nail ola bildilər”.

Beləcə, Naxçıvana gedən yolumuzu ermənilər və havadarları 80-ci illərin əvvəllərində kəsmişdilər. Çox güman ki, Qarabağda qoparacaqları tufan ərəfəsində Naxçıvan üçün vacib əhəmiyyət kəsb edən yolun çəkilməsini öz planlarına maneə sayıblar. Axı əsrin əvvəlində Zəngəzurun böyük parçasını qoparmaqla həm də Naxçıvanı Ana Vətəndən ayırmışdılar. Ermənistan yenidən yolkəsən rolunu oynamaq istəyir, amma alınmayacaq.

Naxçıvana ASAN gediş-gəlişimiz ya olacaq, ya da olacaq! Bunu Prezident İlham Əliyev deyibsə, mütləq olacaq! Ötən il Xankəndidə ilk dəfə səs verəcək vətəndaşlarımıza öncədən təbrik yazmışdım. Prezident, ailə üzvləri və çoxsaylı seçicilər Xankəndidəki 14 saylı məntəqədə səs verdilər, möhtəşəm tarix oldu.

XANKİ.jpg (93 KB)

Bu yazıda da Bakı-Naxçıvan qatarının ilk sərnişinlərini indidən təbrik edirəm! Həmçinin şəxsi minik avtomobilləri ilə Zəngəzurdan keçib, “Yavru Vətən”ə qovuşanları!

Hələliksə gününüz, Muxtar Respublika adına 100 illiyiniz mübarək, Naxçıvanın fədakar insanları! İnşallah yaxın gələcəkdə Bakıdan yola çıxan qatar və avtomobillər Ordubad stansiyasında gül-çiçəklərlə qarşılanacaq! Şuşa, Xankəndi, Xocalı ZƏFƏRİNƏ inandığımız kimi inanırıq!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR