İnsanlara hürriyət, millətlərə istiqlal!

Yalan və təxribatlarla mübarizənin yolu - sağlam media cəmiyyəti ağuşuna almalıdır!

918 28.07.2022 21:24 Yazarlar A A

Təkcə Azərbaycan deyil, bütün dünya saxta, təxribatçı, yalan xəbərlərin yayılmasından əziyyət çəkir.
Dezinformasiyalar, yayılması qadağan olan məlumatlar əsasən hər birimizin həyatına icazəsiz daxil olmuş sosial şəbəkələr üzərindən asanlıqla tirajlanır. İnsanlar doğru xəbərə çatınca, azı 3 gün keçir və bu 3 gün ərzində ölkəni şayiələr başına götürür, təşviş yaranır və "qara missionerlər" qısa müddətlik də olsa öz arzlarına çatırlar.

Bəzən bir xəbər təkzib olunandan 5 ay sonra belə cəmiyyət onu çeynəyir. Çünki doğrunu öyrənməyə hələ gedib çatmayıb, o mənbəni müəyyən edə bilmir.
Oturuşmuş cəmiyyətlərdə, böyük, güclü dövlətlərdə feyk xəbərlərə inanan az olur. Çünki həmin ölkələr təxribatçı, yalan informasiyaların ayaq aça bilməməsi üçün əks mexanizm qurublar.

Əlbəttə, həmin ölkələr buna nail olmaq üçün bəlli bir yol keçiblər - sərt hüquqi tədbirlər də görüblər, cəmiyyətdə təşviş yaradanları tutublar, xəbərdarlıq ediblər, missioner media orqanlarını sıradan çıxarıblar və s. Yəni bütün effektiv mübarizə üsulları sınaqdan keçirilib, tətbiq olunub. Yekunda dünya bu qənaətə gəlib ki, saxta xəbərlərin cəmiyyətlərdə yayılmasının qarşısını yalnız sağlam, böyük oxucu kütlələri olan, etimad göstərilən media qurumları, başı çalışan jurnalistlər ala bilər.
Müasir dövrün tələblərinə uyğun şəkildə iş qurulmalıdır: Ciddi, doğru, yoxlanılmış xəbərlər yayan, dezinformasiyaları anındaca deşifrə, ifşa edən saytların izləyicisinin, oxucusunun, qəzetlərin tirajının maksimuma çatdırılmasına nail olunmalıdır.

Eyni zamanda bu sayt və qəzetlərin sosial şəbəkələrdəki hesabları böyüdülməli, bütün ölkə əhalisinə doğru-dürüst informasiyaları qısa zamanda təqdim edə bilməsi halına gəlməlidir. Hər bir sağlam media orqanının milyonlarla izləyicisi olmalıdır - Facebookda, Tik-Tokda, Youtube-də və s.
Təbii, insanları üzərinə qışqırmaqla, əmr etməklə, yalvarmaqla dürüst mətbuata cəlb etmək mümkün deyil. Əvvəla, insanları saytlara, qəzetlərə və onların sosial şəbəkə hesablarına son dərəcə maraqlı materiallar verməklə cəlb etmək olur. Bunun üçün isə redaktor, təsisçi, jurnalist, müxbir statistika, sayt boş qalmaması üçün çalışmaq məcburiyyətindən azad olmalıdır. Media quruluşunun imkanları, reklam bazarı, iqtisadi durumu o səviyyədə olmalıdır ki, yaxşı araşdırmalar apara bilsin, maraqlı yazılar dərc etsin, insanlar da o maraqlı yazıları oxumaq üçün mediaya baş vursun. Ancaq... 500-600 manat maaş alan, sosial problemlər içərisində olan jurnalistin dediyimiz o yazıları yazmaq həvəsi, imkanları olarmı?... Yaxud maaş büdcəsini təmin edə bilməyən media quruluşu bu materialları haradan əldə etsin?!...
Əgər ölkə əhalisinin 40-50 faizi məlumatı hansısa boşboğazın, ciddiyyəti olmayan birinin sosial şəbəkə hesabından deyil, ciddi mediadan almaq vərdişinə yiyələnsə, dezinformasiya ayaq açıb yeriməkdə çətinlik çəkəcək. Bildiyim qədər hazırda Amerika, Almaniya, Fransa, Türkiyə bu metodları tətbiq edir.
İkincisi, ciddi media orqanlarının sosial şəbəkə hesablarını bəlli mexanizmləri bilən mütəxəssislər idarə etməli və böyütməlidir. Bu gün saytlar imkansızlıqdan bu işi ya təcrübə toplayan jurnalistlərə etdirir, ya da təcrübəsiz bir adminə - çünki 200-300 manatdan o yana bu işə pul vermək imkanları yoxdur. Peşəkarlar isə o məbləğdən 5 qat artıq istəyir...
Habelə, həmin hesablar ciddi şəkildə mühafizə olunmalıdır, təhlükəsizlik üçün tələb olunan vəsaitlər qarşılanmalıdır ki, məsələn, günün birində 1 milyon izləyicisi olan səhifəni 1 dəqiqədə dağıda bilməsinlər.
Ayrı-ayrılıqda nüfuzlu, sosial şəbəkə hesablarında izləyici sayı çox olan, şəffaf, təcrübəli, inamlı jurnalistlərin bu fərdi imkanlarından da yararlanmaq çox faydalı olar.

Təbii, medianın nüfuzunun artırılması da ona oxucu kütləsinin daha ciddi maraqla yaxınlaşmasına böyük kömək edə bilər. Bunun üçün "reket media" ilə mübarizənin güclənməsi də mütləqdir. Təbii, sui-istifadə hallarına yol vermədən.
Dövlət sirri təşkil edən xəbərlərə dair mütəmadi maarifləndirmə işləri də aparılmalıdır. Sosial şəbəkə aktivlərinə təlimlər keçirilməsi də faydalı olar və lazımdır. Kimsə heç bir qayda-qanun tanımadığını isbat edəndə isə qanunun gücü obyektivliklə, ictimaiyyəti də detallarla tanış etməklə işə salınmalıdır.
Sağlam medianın və şəffaf, dürüst jurnalistlərin əhatə dairəsini, imkanlarını bütün platforma və istiqamətlər üzrə genişləndirmək feyk-nyusla mübarizənin ən effektiv yoludur.
Başqa metodlar çox az fayda verəcək.

Sağlam, etimad göstərilən media, nüfuzlu jurnalistika və jurnalistlər bütün cəmiyyəti öz ağuşuna almayana - insanlar informasiyanı dəqiq mənbədən əldə etməyə qədər vəziyyət yaxşı olmayacaq.
Dünya belə edir.

d5622ee1de0270d122a1b4cd40722c11.jpg (85 KB)

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR