İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xüsusi səfir”in söz oyunbazlığı - “Dağlıq Qarabağ” ifadəsinin keçdiyi son sənəd

2770 29.11.2022 16:35 Yazarlar A A

Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz “şefi” kimi son vaxtlar sarsaq açıqlamaları ilə tez-tez gündəmə gəlir. Bu günlərdə o, klassik erməni sırtıqlığı ilə belə bir “tvit” paylaşmışdı ki, guya Qarabağda (Sarıbaba) tapılan və 2021-ci il Ermənistan istehsalı olan minaları Azərbaycan özü qəsdən (!) basdırıb. “Azərbaycan Laçın dəhlizini mübahisələndirmək üçün saxta əsaslar yaratmaq məqsədilə Ermənistan ərazisindən minaları yığışdırıb öz nəzarətindəki Dağlıq Qarabağ ərazisinə çatdırıb”, – Marukyan utanıb-qızarmadan, heyrətamiz həyasızlıqla yazmışdı.

Üstündən iki gün keçməmiş, “xüsusi səfir” başqa bir sərsəmləməsi ilə “parladı”, özünü yenə gülünc duruma saldı. Azərbaycan rəhbərliyinin, Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” anlayışı artıq yoxdur açıqlamaları ilə bağlı bildirdi ki, Azərbaycan Prezidentinin də imzası duran 10 noyabr (2020) üçtərəfli bəyannamədə “Dağlıq Qarabağ” ifadəsi 5 yerdə keçib.

Dəhşətli kəşfdir. Hərçənd, bu qəbil açıqlamanı Paşinyandan tutmuş, XİN başçısı Ararat Mirzəyanadək, Ermənistanın digər yüksək çinli rəsmiləri də vaxtaşırı dilə gətirir, özlərinə və topluma “miatsum” təsəllisi verməyə çalışırlar. Öz aləmlərində bu yolla hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımadıqlarını, hətta 10 noyabr sənədə imza atan Rusiyanın da guya eyni mövqedə durduğunu isbatlamaq istəyirlər, konfliktin bitmədiyi rəyini yaratmağa səy edirlər.

Boşuna məşğuliyyətdir və suda boğulanın “saman çöpü”ndən yapışmasına bənzəyir. Heç olmasa, ona görə ki, 10 noyabr üçtərəfli bəyannamədə “Dağlıq Qarabağ” ifadəsi yer alsa da, orada heç bir statusdan, Qarabağda hansısa separatçı qurumun varlığından və ən əsası, onun müstəqil tərəf kimi tanınmasından söhbət getmir. Belə bir anlayış, yanaşma, qeyd yoxdur.

Digər yandan, ərzi bütövlüyü və suverenliyini bütün dünyanın tanıdığı unitar Azərbaycan dövləti kimsənin qarşısında “Dağlıq Qarabağ” anlayışına sonsuzadək sadiq qalacağı, onu saxlayacağı barədə öhdəlik götürməyib. Ona görə ki, aranlı-dağlı Qarabağ Azərbaycanın qanuni, ayrılmaz parçasıdır, hansısa eksterritorial, şərikli və yaxud mübahisəli ərazi yox! Rəsmi Bakı kapitulyasiya aktından sonra öz ərazisinin inzibati quruluşunda dəyişiklik edəndə, Qarabağ iqtisadi zonası yaradanda Ermənistandan, Rusiyadan, yaxud Fransadan icazəmi almalı idi?! Təbii ki, YOX.

Nəhayət, haylar tam əmin ola bilərlər: 10 noyabr yazılı anlaşmasında “Dağlıq Qarabağ” ifadəsi varsa belə, daha olmayacaq! Bu, Azərbaycanın Ermənistanla imzaladığı və həmin ifadəsinin keçdiyi sonuncu ortaq sənəddir. O da yəqin ki, Rusiya sülhməramlı qüvvələrin dislokasiya yerini daha dəqiq göstərmək naminə istifadə olunub.

Bu da daşdan keçən başqa dəlil-sübutlar. 44 günlük müharibədən sonra Ermənistan, Azərbaycan, Rusiya və Avropa İttifaqının imzaladığı çoxtərəfli sənədləri nəzərdə tuturuq. Onlara diqqət edək:

11 yanvar 2021-ci üçtərəfli Moskva Bəyanatı – “Dağlıq Qarabağ” ifadəsi yoxdur;

26 noyabr 2021 üçtərəfli Soçi Bəyanatı - cəmi bircə dəfə, o da konfliktlə bağlı istifadə olunub;

14 dekabr 2021-ci il üçtərəfli Brüssel sənədi – yoxdur;

6 aprel 2022-ci il üçtərəfli Brüssel sənədi – yoxdur;

23 may 2022-ci il üçtərəfli Brüssel sənədi – yalnız “Qarabağın etnik erməni əhalisi” ifadəsi var;

6 oktyabr 2022-ci il 4-tərəfli (+Fransa) Praqa anlaşması – yoxdur;

31 oktyabr 2022-ci il Soçi Bəyanatı – yoxdur.

Göründüyü kimi, məlum ifadə 10 noyabr 2020-ci ildən sonra, 2 il ərzində qəbul edilmiş 8 sənədin yalnız birində (26 noyabr Soçi Bəyanatı), Rusiya sülhməramlı kontingentin dislokasiya yeri ilə bağlı giriş hissədə istifadə olunub: “Dağlıq Qarabağ münaqişəsi zonası” sözləri şəklində. Yəni keçmiş münaqişənin ərazisi olaraq.

Lakin ondan sonra, eləcə də digər 6 sənəddə bir daha işlədilməyib. Özü də bunu Paşinyan öz imzası ilə dəfələrlə təsdiq də edib! Odur ki, onun komanda üzvləri, marukyanlar nə qədər özlərinə tez gəlsələr, xam xəyalların qanadında uçmaqdan bezib göydən yerə ensələr, bir o qədər öz bədbəxt xalqına yaxşılıq eləmiş olarlar. Çünki kapitulyant ölkəyə hava-su kimi lazım olan böyük sülhü yaxınlaşdırmış olarlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR