İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Məmmədovun qardaşı gərginliyi Bakıya “gətirdi”-Özünü müxalifətdən ayırdı, amma...

493 25.07.2024 01:30 Yazarlar A A

Sabiq nazir Elton Məmmədovun deputatlığa namizədliyinin Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilməsinə ciddi etirazını bildirib.

E.Məmmədov "Gününsesi.info" saytına açıqlamasında sərt danışıb: “Namizədliyimin ləğv olunması barədə xəbəri indi saytlardan oxudum. Mən nə əmlaklarıma aid, nə də başqa bir sənədlərimdə heç bir saxtalaşdırma etməmişəm. Ən böyük saxtakar Məzahir Pənahovdur!”

Sabiq deputat daha sonra bildirib ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib: ”Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da “hə” deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Əgər YAP-dan olan rəqibim qələbə qazansa, əlini ilk sıxan mən olacaqdım. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim, ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir”. 

thumb.jpg (382 KB)

Elton Məmmədov deyib ki, MSK-nın onu iclasa dəvət etməməsi də bir başqa qanunsuzluqdur: “Mənə orada sübutlar təqdim etməli idilər. Mən də öz arqumentlərimi, izahatımı verməliydim. Məni də dəvət etmədilər. Çünki saxtakar özləridir”.

MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli isə Elton Məmmədovun iclasa dəvət edilməməsi barədə dediklərinə mübasibət bildirib: ”İclasa şikayətçi dəvət olunub. O, öz şikayətinə dair sübutlarını, arqumentini ifadə edib. Buna uyğun olaraq da qərar qəbul olunub”.

Yada salaq ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərində namizəd kimi qeydə alınıb. Sonra isə bir qrup seçici tərəfindən MSK-ya daxil olan şikayəti araşdıran qurum üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.

Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub və yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Məmmədovun namizədliyi ləğv edilib. 

resize.jpg (62 KB)

70 yaşlı Elton Məmmədov bəllidir ki, Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir. İddialara görə, Ziya Məmmədovun oğlu ilə şərikli biznesi olmuş Trampın yenidən Ağ Evə qayıdış şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb. E.Məmmədovun namizədliyinin əvvəl qeydə alınması, daha sonra isə ləğv edilməsi diqqət çəkir. Sabiq nazirin qardaşının açıqlamasında “müxalifət deyiləm” açıqlaması da əslində iqtidarın əleyhinə yönəlik fikirdir. Yəni Məmmədov iddia edir ki, seçkidə müxalifət bu cür aqibətlə üzləşə bilər, amma o iqtidarın əsgəridir və bu cür münasibəti haqq etmir. Maraqlıdır ki, Ziya Məmmədovun qudası, Anar Məmmədovun qayınatası bu seçkilərdə YAP-dan namizəddir.

Daha bir maraqlı məqam. E.Məmmədovun sənədlərində bu qədər ciddi qanun pozuntuları olduğu halda, DSK ona namizəd vəsiqəsini necə və hansı əsaslarla verib?

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR