İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı soyqırımının 32-ci ili - şəhəri azad etdik, hərbi canilər isə...

814 24.02.2024 09:13 Gündəm A A

Hüquqşünas: “Azərbaycan hüquq-mühafizə orqanları Xocalı soyqırımının təşkilatçısı və iştirakçıları olan rus zabitlərin yaşadıqları, işlədikləri ünvanları da bilir”

Xocalı soyqırımının 32-ci ildönümü yaxınlaşır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdiyi Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi bu günədək naməlumdur. Şəhər yerlə-yeksan olunub. 

Faciəvi gecə zamanı 487 Xocalı sakini ciddi şəkildə şikəst edilib və onlardan 76 nəfəri uşaqlar idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib. Öldürülən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla məhv edilib.

Bu soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. 

Sözsüz ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost yəhudi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

Qeyd edək ki, mərhum prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. 

Siyahıda adı olan ilk Xocalı canilərindən biri Xankəndidəki 366-cı alaya rəhbərlik edən polkovnik Zaviqarov Yuri Yureviçdir. 1992-ci ilin 24 fevralında Xankəndidə əsgərləri qarşısında çıxış edən polkovnik fevralın 25-i gecəyə planlaşdırılan hücumdan öncə deyib: “Sabahkı davamız dini savaşdır. Biz xristianları islamdan xilas etməliyik, ona görə bacardıqca daha çox türk-müsəlman öldürün”.

23-cü diviziyanın komandiri general-mayor Boris Budeykin isə polkovnik Zaviqarova nağd 36 min dolları məhz həmin gecədə törətdikləri vəhşilik aktlarına görə təqdim etdiyini təsdiq edib.

Bəs bu genosidin təşkilatçılarını, əsas icraçılarını niyə hələ də cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb? Azərbaycan dövləti daha hansı addımları atmalıdır? Beynəlxalq axtarışa verilənlər arasında rus hərbçilər də varmı? Rusiyadan onları niyə tələb etməyək? 

Çingiz Qənizadə: “Biz kimlərəsə söz verməmişdik ki, sizi azadlığa  buraxdıracağıq” - GlobalInfo.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 1992-ci ilin fevralında baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımının törədilməsində isə SSRİ-dən qalan 366-cı rus alayının xüsusi rolu olub: “Bu alay olmasaydı, onun ermənilərə hərbi-texniki dəstəyi olmasaydı, vəhşilik, qırğınlar o həddə olmaya bilərdi. Xocalıya qarşı əməliyyatı 366-cı alayın komandanlığı ilə erməni separatçılarının komandirlərinin birlikdə hazırlayıb həyata keçirdikləri faktdır: Yuri Zaviqarov və 366-cı alayın digər zabitləri soyqırım cinayətinin təşkilatçıları hesab edilir. Onlar barəsində də Azərbaycanın hüquq-mühafizə orqanları həm ittihamedici aktlarla çıxış ediblər, cinayət işi əsasında həm də beynəlxalq axtarışa veriblər. Bəzən cinayətkarlar öz məqsədlərinə çatmaq üçün din amilindən istifadə edirlər. Polkovnik Yuri Zaviqarov məhz 24 fevral 1992-ci ildə çıxışında qəddarlığı daha da artırmaq üçün bu savaşı xristian-müsəlman dini savaşı kimi təqdim edib. Əslində burada motiv azərbaycanlıları yaşadıqları yurdlarından güclə qovub çıxarmaq, məhv etmək və ərazini işğal etmək idi. Xocalı soyqırımına görə Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi şəxslərin demək olar heç birini hələ həbs eləyə bilməmişik. Yalnız 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri zamanı biz öz gücümüzlə həmin cinayətkarların bəzilərini həbs etmişik. Hazırda onların istintaq prosesi gedir”. 

Hüquqşünas vurğuladı ki, istər rus hərbçilər, istər ermənilər olsun Xocalı canilərinin beynəlxalq axtarışa verilməsi və saxlanılıb bizə təhvil verilməsi üçün hüquqi prosedurlarla bağlı nə lazımdırsa Azərbaycan tərəfi edib. Lakin təəssüflər olsun ki, İnterpol xətti ilə axtarışa verdiyimiz həmin caniləri heç bir ölkə bu günə qədər saxlayıb Azərbaycana təhvil verməyib: “Hüququn tələbinə bu məsələdə də təəssüf ki, riayət etmirlər. Azərbaycan isə başqa ölkələrin ərazisində həbslər üçün əməliyyat tədbirlərini razılaşdırılmadan həyata keçirə bilməz. Dövlətlər isə razılıq vermirlər. Yuri Zaviqarov kimilər böyük pullar alaraq Xocalıda və digər Azərbaycan ərazilərində həyata keçirilən qətliamların təşkilatçılarından və iştirakçılarındandır. Ancaq Rusiya həmin cinayətkar hərbçilərin saxlanması üçün indiyə qədər heç bir addım atmayıb”. 

Ç.Qənizadə qeyd etdi ki, biz onları tələb etsək belə, Rusiya yox cavabını verəcək: “Azərbaycan hüquq-mühafizə orqanları həmin rus zabitlərin yaşadıqları, işlədikləri ünvanları da dəqiq bilir. Amma onların yaxalanması ilə bağlı Rusiya tərəfi heç bir addım atmır. Barələrində cinayət işi olan və beynəlxalq axtarışa verilən şəxslər 10 illərdir sərbəst gəzirlər. Ancaq Rusiya onları həbs etmir. Yəni bizim cinayət işi açıb beynəlxalq axtarışa verdiyimiz caniləri başqa dövlətlər öz ərazilərində həbs etmirlərsə, bu, bizim hüquq-mühafizə orqanlarının işində hər hansı qüsur və fəaliyyətsizlik demək deyil”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR