İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə neft ləkəsi: mümkün fəsadlar – Ekoloqun şərhi

797 22.06.2026 15:25 Ölkə A A

Xəbər verildiyi kimi, 19 iyun tarixində "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumatda qeyd olunub ki, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib.

“Belə ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün çirklənmə mənbələrinin bir neçə variantı nəzərdən keçirilib. Aparılmış nəzarətli diaqnostik yoxlama nəticəsində çirklənmə mənbəyinin "Azneft" İB-yə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib. Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. "Azneft" İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb, - məlumatda deyilir.

Vurğulanıb ki, "Azneft" İB-nin dalğıc xidməti tərəfindən aparılmış diaqnostik tədbirlər nəticəsində sualtı neft kəmərində mexaniki xarakterli zədələnmələr aşkar edilib. İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib: “Zədələnmə aşkar edildikdən dərhal sonra təmir-bərpa işlərinə başlanılıb. Bu işlər başa çatana qədər zədələnmiş kəmər istismardan kənar saxlanılır ki, bu da dənizə neft sızmasının davam etməsinin qarşısını alır. İnsidentin nəticələrinin aradan qaldırılması, o cümlədən dənizin və sahilyanı ərazilərin təmizlənməsi işləri Fövqəladə Hallar Nazirliyi və "Azneft" İB tərəfindən sıx koordinasiyalı şəraitində həyata keçirilir”.

Qeyd etmək yerinə düşər ki, bənzər hadisələr dünyanın bir çox ölkəsində baş verib və onların nəticələri göstərir ki, neft sızmasının təsiri təkcə görünən neft ləkəsi ilə məhdudlaşmır. Məşhur nümunələrdən biri 2010-cu ildə "ABŞ tarixinin ən böyük ekoloji fəlakətlərindən biri sayılan “Deepwater Horizon”- neft sızmasıdir. Meksika körfəzindəki platformada partlayış nəticəsində milyonlarla barrel neft dənizə axmışdı. Təmizləmə əməliyyatları aylarla davam etsə də, alimlər ekoloji təsirlərin illərlə hiss olunduğunu bildirmişdilər. Balıq populyasiyaları, dəniz quşları və mərcan rifləri ciddi zərər görmüşdü.

Digər məşhur hadisə 2002-ci ildə İspaniya sahillərində baş verən Prestige oil spill qəzasıdır. Tankerin batması nəticəsində minlərlə kilometr sahil xətti çirklənmiş, təmizləmə işləri uzun müddət davam etmişdi.

Hazırkı Dübəndi hadisəsi bu qəzalardan miqyas baxımından qat-qat kiçik görünür. Çünki məlumatlara görə sızma mənbəyi müəyyən edilib, kəmər dərhal istismardan çıxarılıb və neft axınının qarşısı alınıb. Bu, ekoloji ziyanın böyüməsinin qarşısını alan ən vacib amillərdən biridir.

Ekspertlərə görə, əgər sızma qısa müddətdə dayandırılıbsa və neft böyük əraziyə yayılmayıbsa, görünən çirklənmənin aradan qaldırılması bir neçə gün və ya bir neçə həftə çəkə bilər. Lakin ekoloji monitorinq və təsirlərin qiymətləndirilməsi aylarla, bəzən isə illərlə davam edir.

Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün burada neft çirklənməsinin nəticələri açıq okeanlarla müqayisədə daha həssas hesab olunur. Su mübadiləsi zəif olduğundan çirkləndiricilər daha uzun müddət mühitdə qala bilir. Buna görə də Dübəndidə aparılan operativ müdaxilə və təmizləmə işlərinin sürəti xüsusi əhəmiyyət daşıyır. Hazırkı məlumatlara əsasən, sızmanın mənbəyinin tez müəyyənləşdirilməsi və kəmərin dərhal bağlanması hadisənin daha böyük ekoloji fəlakətə çevrilməsinin qarşısını alan ən mühüm amil hesab oluna bilər.

Şamaxıda ardıcıl zəlzələ: faciəvi tarix yenə təkrarlanacaq? – RƏSMİ -  Globalinfo.az

Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq-seysmoloq Ənvər Əliyev Musavat.com-a deyib ki, son illərdə dünyada yüksək texnologiyaların tətbiqi sayəsində neft çirklənməsi ilə bağlı xoşagəlməyən hadisələrin sayı azalıb, lakin bu problem tamamilə ortadan qalxmayıb:

“Əvvəllər bu cür hallarla daha tez-tez rastlaşırdıq. Hesab edirəm ki, dənizin ekoloji mühitini qorumaq üçün müasir texnologiyalardan daha düzgün və ardıcıl şəkildə istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, neft sızmalarının bu ekosistemə vurduğu ziyanı bərpa etmək olduqca çətindir və bunun üçün illərlə vaxt tələb olunur. Çirklənməyə səbəb olan maddə adi yüngül neft deyil, söhbət qatı xam neftdən və mazutdan gedir. Bu cür maddələri dəniz səthindən sadəcə yığıb götürməklə problemi həll etmək olmur, çünki onlar suyun dərinliyinə hoparaq ekosistemi tamamilə korlayır. Bu çirklənmə dənizdəki zəncirvari həyatı, yəni balıqları, fitoplankton və zooplanktonları, eləcə də balıqların əsas yemi olan yelgəcləri məhv edir. Bütün bu canlı kütləsini yenidən necə bərpa etmək və dənizi necə təmizləmək sualı böyük bir problem olaraq qalır. Üstəlik, Xəzərin ekoloji vəziyyəti tək bununla bitmir; gəmilərin və tankerlərin atdığı ballast suları və digər tullantılar da vəziyyəti ağırlaşdırır. Ümumiyyətlə, Xəzər dənizinin bugünkü ekoloji halı o qədər də ürəkaçan deyil. Ona görə də ən doğru addım müasir texnologiya ilə bu işə daha diqqətli və sistemli şəkildə yanaşmaqdır”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR