İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xəzərdə hərbi təlimlərin keçirilməsi qadağan edilməlidir” - ekoloq

454 26.05.2022 10:30 Gündəm A A

“Bu təlimlər balıqçılığa mənfi təsir göstərir, radioaktiv maddələr suyu çirkləndirir, flora və faunaya ciddi neqativ təsirləri var”

Son günlər respublikada hava qeyri-sabitdir. Gah külək əsir, gah yağır yağır. May ayında bu cür qeyri-stabillik isə bəzi suallar yaradır. Bunun səbəbi iqlim dəyişikliyi ola bilərmi? Yazın son günlərində müşahidə olunan qeyri-sabit hava şəratinin  planetdə baş verən hansı hadisələrlə əlaqəsi var?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya elmləri doktoru Rauf Sultanov “Yeni Müsavat”a bildirdi ki, iqlim dəyişikliyi təbii prosesdir: “12 ildən bir belə dəyişikliklər müşahidə olunur. Yerin öz oxu ətrafında fırlanması də prosesə təsir edir. Xəzər dənizində 50-100 metr çəkilmə qeydə alınır. Son yüzilliklərdə bu hal dəfələrlə baş verib. Səbəb yay fəslinin isti keçməsidir.

Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən  birinə çevrilib” – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM  ASSOSİASİYASI

Rauf Sultanov

Yağıntı kənd təsərrüfatı üçün münbit şərait yaradır. Yeri gəlmişkən, respublikada şərq küləyi üstünlük təşkil edir, şərqdə isə səhralıq ərazilər çoxdur. Bu da yağışın tərkibində tozun miqdarını artırır. Bakı küləklər şəhəridir, fikir vermisinizsə, tozlu külək əsəndə sanki toz dumanı olur. Bu, yağış suyunun tərkibinə də təsir edir”.

Mütəxəssis eyni zamanda müharibələrin də ekologiyaya  təsir etdiyinə diqqət çəkdi: “Xüsusilə Xəzər dənizində hərbi təlimlərin keçirilməsi qadağan edilməlidir. Amma ruslar buna fikir vermir. Xəzərin ekoloji təhlükəsizliyi ilə bağlı müraciətlər olub. Bu təlimlər balıqçılığa mənfi təsir göstərir, radioaktiv maddələr suyu çirkləndirir, flora və faunaya ciddi neqativ təsirləri var. Bu fəsadları təbiət çox gec bərpa edir”.

Azərbaycanda kəskin istilərin səbəbləri AÇIQLANDI

Umayra Tağıyeva

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib: “Ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrastları yaranıb. May ayının keçən günlərinin havasının təhlili göstərir ki, havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub. Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn, Bakıda 29 faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz, Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub”.

U.Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub: "Lakin son zamanlar bu sanki regionlara da keçib. Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin bu, aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür".

Nazirlik rəsmisi bildirdi ki, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR