İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə ardıcıl zəlzələlər- təhlükəni dənizdən gözləyək? - Qurban Yetirmişli danışdı

1184 06.01.2023 10:19 Gündəm A A

“Onda mən də deyim ki, suitilərin ölməsinə Rusiyanın Xəzərdən Ukraynaya raket atması səbəb olub?!”

Yeni il gələndən Xəzər dənizində ard-arda zəlzələlər baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib. Bildirilib ki, yanvarın 3-də saat 04.48-də qeydə alınan yeraltı təkanlar 45 km dərinlikdə olub. Daha bir zəlzələ isə bir gün öncə qeydə alınmışdı. Hər iki zəlzələ 3 bal gücündə qeydə alınıb. Qeyd edək ki, son aylar Xəzər dənizinin Azərbaycan sahili də daxil  kütləvi suiti cəsədləri aşkar olunub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində bildirilib ki, Xəzər dənizinin Xaçmaz rayonu (Bakıdan 168 kilometr şimal, Rusiya ilə sərhəd) ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.

Moskva Dövlət Universitetinin Coğrafiya kafedrasından  “RİA Novosti” agentliyinə bildirilib ki, Xəzərdə suitilərin kütləvi ölümünə səbəb seysmik aktivlik nəticəsində metan tullantılarının buraxılması ola bilər.

Zəlzələlər bəşəriyyətin üzləşdiyi təbiət hadisələrindən ən təhlükəlisi kimi qiymətləndirilə bilər. Dünyanın bir çox iri şəhərləri seysmik zonalarda yerləşir və onların sakinləri bu təbiət hadisəsinin yarada biləcəyi təhlükəni yaşayır.

Nəzərə çatdıraq ki, Azərbaycan seysmik baxımdan aktiv zonadır. Ölkə ərazisində şimal, şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusilə cənubda Talış dağlıq hissəsi seysmik aktiv bölgələrdə yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən yol saldığız ildə ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələdir. Ümumilikdə maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub.

Azərbaycan ərazisində hazırda 84 rəqəmsal seysmik stansiya fəaliyyət göstərir, 3 quyu tipli və 7 seysmik stansiya isə sahil boyu Xəzər dənizində quraşdırılıb. Bundan əlavə, palçıq vulkanlarının təhlili və dinamikasının öyrənilməsi üçün 12 stansiyadan ibarət yeni şəbəkə yaradılıb. 

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli mövzu ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandırıb. 

- Qurban müəllim, bilirik ki, Bakı üçün əsas təhlükə Xəzər dənizindəki zəlzələ ocaqlarından gəlir. Xəzərdə ardıcıl zəlzələ narahatlıq üçün əsas verirmi? Bölgədə seysmik aktivlik müşahidə olunurmu?

- İl boyu nəzər yetirsək Şamaxıda, İsmayıllıda təkanların sayı daha çox olur. Ötən ilə nisbətən o biri il, yəni 2021-ci illə 2022-ci ili deyirəm, qərb bölgəsində, cənubda, Xəzərin şimal-şərqində daha çox müşahidə edilib. İndi də yeni il başlayandan Xəzərdə təkanlar baş verib, amma bu  o demək deyil ki, güclü zəlzələlərdir. Yerin daxilində-litosferdə gedən hərəkətlərdir. Bu ərazinin hamısı seysmogen bölgə sayılır. Mən onu deyə bilmərəm ki, yaxınlarda güclü zəlzələ olacaq. Ancaq bu cür təkanlar olmalıdır və labüddür. Xəzər də ən aktiv bölgələrdən biridir.

Qurban Yetirmişli — Vikipediya

- Moskva Dövlət Universitetindən Xəzərdə suitilərin kütləvi ölümünə səbəb seysmik aktivlik nəticəsində metan tullantılarının buraxılması ehtimalı doğru ola bilərmi?

- Mən onların fikri ilə heç də razı deyiləm. Birincisi, maqnitudası 3 bal olan zəlzələ harada hiss olundu?! Elə quru əraziləri götürək, Xəzəryanı yaşayış məntəqələrində, heç bir yerdə olmayıb. Sadəcə, xırda təkanlar olub. Birinci dəfə deyil ki... Bundan güclü təkanlar olub. Belədirsə, 2002-ci il zəlzələsi  varıydı, onda Xəzərdə bir dənə də suiti qalmazdı, hamısı qırılardı. O zəlzələ hətta Xəzərin o biri tərəfində, Türkmənistanda belə hiss olunmuşdu, böyük əraziləri əhatə etmişdi. Niyə onda bir suitinin ölüsü belə üzə çıxmadı.  İndi hiss olunmayan xırda təkanlar necə suitilərin ölümünə səbəb ola bilər?! Keçən il Xəzərin şimalında suitilər ölmüşdü. Dağıstandan yuxarı Rusiya ərazisi, yəni Xəzərin o bölgəsində olmuşdu. İndi mən də deyirəm ki, yəqin Xəzərdən Ukraynaya raket atdılar, suitilərin ölməsi onunla bağlıdır. Bəlkə də epidemiya var. Mən dəqiq bilmirəm. Ona görə də o bioməsələyə qarışmıram. Birmənalı şəkildə deyirəm ki, Xəzərdə birinci dəfə deyil ki, dalbadal təkanlar olsun, onda balıqlar da qırılardı da... Gedib araşdırsınlar da... Xəzərdə suitilər kütləvi şəkildə öləndə onda zəlzələ olmuşdu?!  Nəyisə  birmənalı əlaqələndirmək düzgün deyil, bunu araşdırıb hərtərəfli öyrənmək lazımdır.

- İndi müasir avadanlıqlarla dənizdə olan ocaqların parametrləri dəqiqliklə öyrənilir. Bu, yalnız zəlzələlərin olmasını aşkarlayır?

- Biz partlayışları da qeydə alırıq. Sənaye partlayışları ki var, karyerlərdə-filanda partlayışlar olur, il ərzində İran ərazisində, Daşkəsəndə, bizim bölgələrdə partlayışlar olursa, bilirik. Hətta iki min, üç min kilometrdə hər hansı bir nüvə partlayışı sınaqdan keçirsələr, onların qeydiyyatı aparılır. Necə deyərlər, ovcumuzun içi kimi araşdırmaq imkanımız var. Eyni zamanda həm zəlzələlərin dəqiqliyi, ondan başqa biz ayrı-ayrı sahələrdə sürət modelləri qururuq. Hansı laylarda dalğanın sürəti necə olub, bunu öyrənirik. Bundan başqa, yer daxilində gedən sıxılmalar, genişlənmələrin hansı bölgələrdə necə getməsi, aktivlik harada baş verir, necədir hamısını əvvəldən öyrənirik. Dekabrın əvvəlində Lökbatan vulkanı püskürdü, vulkan püskürməmiş, axşam saat 9-a işləmiş aktivlik xırda-xırda başlamışdı, stansiyalar artıq qeyd edirdi. Səhərə yaxın püskürdü. Yəni elmi cəhətdən araşdırmalarda, tədqiqatlarda stansiyaların sıx olmağının böyük əhəmiyyəti var.  Stansiyalar nə qədər sıx olsa, həm parametrlərin dəqiqliyində, eləcə də elmi araşdırmalarda özünü göstərir. Bunlar böyük araşdımalardır.

- Süni şəkildə zəlzələnin törədilməsi ilə bağlı fikirlər də var. Hansısa ölkələrin bunu etməsi barədə iddialar var. Bu qurğularla həmin süni yaradılan zəlzələləri də əvvəlcədən müəyyən etmək olarmı?

- Süni zəlzələnin olması üçün o bölgədə güclü partlayışlar olur, misal üçün, Ukraynaya atılan raketləri deyək, istər-istəməz yeri silkələyir. Bölgələrdə hərbi reaktiv təyyarələrin hərəkətindən pəncərələr belə cingildəyir. O  vaxt əmələ gətirər ki, zəlzələ ocağı hazırlıqdadır, orada sıxılma gedir, onu bir az tezləşdirə bilər. Süni zəlzələ yaratmaqdan ötrü gərək o zəlzələ ocağına o qədər impulslar verəsən ki, bunu oyatsın.  Nağıl danışırlar da... Elə olsaydı, onda bu qədər raketləri, dronları niyə icad edirdilər. Elə yerin altından zəlzələ törədərdilər, dağıdardılar da. Müharibənin məqsədi infrastrukturu dağıtmaq, insanları öldürməkdir də...

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR