İyunun 4-də Xəzər dənizində yenə zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Xəzərdə tez-tez zəlzələ olur. Son günlər isə Xəzər dənizi akvatoriyasında qeydə alınan seysmik aktivliyin artması ictimaiyyətdə müəyyən narahatlığa səbəb olub. Ümumiyyətlə, zəlzələlərin dəqiq proqnozu yoxdur. Uzunmüddətli və orta müddətli proqnozlar mövcuddur ki, bu da yalnız ərazinin seysmik aktivliyi ilə bağlı ümumi ehtimalları ifadə edir. Dəqiq proqnoz yəni hansı gün, hansı saat, hansı episentrdə və hansı maqnitudada zəlzələnin baş verəcəyini söyləmək bu gün dünyanın heç bir ölkəsində mümkün deyil.

Xəzərdə zəlzələlərin intensivləşməsi hansı risklər vəd edir?
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a bildirib ki, Xəzər dənizi zonasında yerləşdiyimiz üçün burada zəlzələlərin baş verməsi təbii hal sayılır və Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir: “Xəzərdə baş verən bu cür zəlzələlər əsasən böyük dərinlikdə olduğu üçün hiss olunma səviyyəsi də fərqli olur. Elə gün olmur ki, ümumiyyətlə zəlzələ qeydə alınmasın. Sadəcə, onların bir qismi hiss olunur, digərləri isə yalnız cihazlarla müəyyən edilir və beynəlxalq standartlara uyğun şəkildə qeydə alınıb yayımlanır. Bununla belə, narahatlıq üçün ciddi əsas yoxdur. Xəzərdə baş verən zəlzələlər adətən daha dərin qatlarda 60-70 km, bəzən isə 75 km dərinlikdə qeydə alınır, bəzi hallarda 30-40 km intervalında da olur. Ümumilikdə, ölkə üzrə ən dərin zəlzələlər məhz Xəzərdə müşahidə edilir. Respublikanın digər bölgələrində isə güclü, dağıdıcı aktivlik qeydə alınmır”.

Q.Yetirmişlinin sözlərinə görə, il ərzində Azərbaycanda minlərlə yeraltı təkan qeydə alınır və onların bir hissəsi hiss olunan olur:
“Lakin hazırkı vəziyyətdə dağıdıcı zəlzələnin baş vermə ehtimalı aşağı qiymətləndirilir. Xəzərdə aktivlik müşahidə olunur. Xırda təkanların baş verməsi labüddür. Aprel ayında baş verən 5,3 maqnitudalı zəlzələdən sonra laylarda parçalanamalar yaranıb. Sıxılma vəziyyətində olan laylarda xırda təkanlar baş verir. Həm vertikal, həm də qırılmalar boyu proseslər gedir. Dərinlikdə dinamika hələ də aktivdir. Bu cür xırda təkanlarla Xəzərdə enerji boşalması baş verir, narahat olmağa dəyməz. Xırda təkanlar nə qədər çox olsa, güclü zəlzələnin olma şansı da az olar”.
Şahanə Rəhimli
Musavat.com






