İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xarıbülbül” festivalı bitdi, xatirələri illərlə yaşayacaq...

791 15.05.2024 10:38 Media A A

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən üçgünlük tədbirdə yaşananlar...

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Festivalı mayın 13-də Laçında başa çatdı. Bu dəfə ərazi bütövlüyümüzün tam bərpa olunması fonunda keçirilən festival bu il daha mədəni, siyasi, geopolitik əhəmiyyət daşıdı.

Qeyd edək ki, bu il 35 yaşını qeyd edən festival 11 maydan etibarən Şuşa və Laçın şəhərlərində üç gün davam etdi. Şuşa şəhəri budəfəki “Xarıbülbül” festivalına həm də “İslam dünyasının mədəniyyət paytaxtı” kimi ev sahibliyi etdi. Xatırladaq ki, Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması qərarına görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürünü bildirib.

qaynarinfo.az

“Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir. Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.

Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq", - deyə İlham Əliyev bildirib. 

Prezident həmçinin Şuşa şəhərin görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir: “Şuşa, sözün əsl mənasında, dirçəlir”.

Şuşanın bir çox tarixi və dini abidələrinin işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdıldığını vurğulayan İlham Əliyev qeyd edib ki, hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır: “Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir: "Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi".

Festivala Cıdır düzündə “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin və ”Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılış konserti ilə start verilib. Xatırladaq ki, builki festivalın iştirakçıları arasında, həmçinin ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunub.

Festivala rəng qatan, hər kəsi duyğulandıran məqamlardan biri Xalq artisti Arif Babayevin ifası oldu. Məlum olduğu kimi, ilk festival 1989-cu ildə Ağdamın Abdal-Gülablı kəndində keçirilib və həmin vaxt Arif Babayev ifa etdiyi mahnını 35 il sonra, həmin kadrların fonunda Şuşada ifa edib. 

Azerforum.com

Eləcə də 87 yaşlı SSRİ xalq artisti Zeynəb Xanlarova böyük ruh, coşğu və enerji ilə səhnədə çıxış etdi. 

Xalq artisti Zülfiyyə Xanbabayevanın çıxışı da iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Belə ki,  müğənni tədbirdə “Şuşanın dağları” mahnısını yeni versiyada oxudu. Mahnıda “Şuşanın dağları”nın ilk ifaçısı Xan Şuşinskinin də səs yazısı yer aldı. Beləliklə də, Xanbabayeva Xan Şuşinski ilə virtual duet ifa etmiş oldu.

Xan Şuşinskinin qızı istefa verdi

“Şuşanın azadlığını görmək, hər qarışı, hər cığırı doğma olan bu yerləri dolaşmaq mənim üçün çox böyük xoşbəxtlikdir. Şuşa təkcə orada doğulub boya-başa çatan, uşaqlığı, gəncliyi həmin diyarda keçənlərin deyil, hər bir azərbaycanlının vətənidir. Düşünürəm ki, burada təşkil olunan tədbirlərin hamısı bir-birindən gözəl və qiymətlidir. Belə gözəl tədbirlərdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Allahımdan çox razıyam ki, dualarım çin oldu və mən Qarabağı azad görə bildim", - deyə Xalq artisti Arif Babayev festival ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib. “Cıdır düzündə səhnəyə çıxmaq böyük xoşbəxtlikdir. Buraya dəfələrlə gəlsəm də, burada ilk dəfədir səhnəyə çıxıram. Bu, böyük xoşbəxtlikdir. Çox sevinirəm ki, belə gözəl festivalda həm iştirak etdim, həm də mahnı ifa etdim. 

 “Xarıbülbül” festivalının özünəməxsus yeri var. Bu festival bir daha xalqımızın sülhsevərliyini, qurub-yaratmaq əzmini, bəşəri dəyərlərə sonsuz hörmətini, ən əsası, milli musiqimizə, mədəniyyətimizə sonsuz sevgisini göstərir". Bu sözləri isə Xalq artisti Zeynəb Xanlarova deyib.

Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu – » SenzoR.az

Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva festivalla bağlı təəssüratlarını “Yeni Müsavat”a bölüşüb: “Hər dəfə mənə zəng edib deyəndə ki, ”sizi “Xarıbülbül” festivalına dəvət edirik", həmin vaxt keçirdiyim hisləri sözlə ifadə etmək olmur. Çox kövrəlir, sevinərəm, qanad taxsalar pərvazlanaram. Çünki mənim ən gözəl, ata-analı günlərim Şuşada keçib. Sovet dövründə Şuşanı Qafqazın konservatoriyası adlandırırdılar. Mən deyərdim ki, Şuşa Şərq dünyasının konservatoriyasıdır. Kiçik bir şəhərdə onlarla dahilər yetişib. Bu da ondan irəli gəlir ki, mənim ulu babam Pənahəli xan Şuşa şəhərini salanda orada əsasən ziyalılar, alimlər, sənətkarlar, nəqqaşlar, simaca gözəl insanlar toplamışdı. Orada yetişən dahilər də həmin bu cür xüsusi insanların törəmələri idi.

Budəfəki “Xarıbülbül” festivalını ərazi bütövlüyümüzün fonunda qeyd etdik. Qarabağın elə bir ərazisi qalmadı ki, işğal altında qalsın. Festivala gələn hər kəs çox sevinirdi, bir-birini qucaqlayıb, təbrik edirdi. Bu böyük sevinci bizə yaşatdığı üçün prezidentimiz İlham Əliyevə təşəkkürümüzü bildirir, qəhrəman qazilərimizə can sağlığı arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu günümüzə çox şükürlər olsun!

Budəfəki festivalın proqramı çox möhtəşəm, fərqli tərtib olunmuşdu. Məlum olduğu kimi, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və bu baxımdan festivalda İslam ölkələrindən ifaçılar gəlmişdi, onlar hətta bizim mahnılarımız öz dilimizdə ifa etdilər. Həmçinin biz orada Qarabağ atlarını, atlıların dalğalandırdığı Türk dünyasının bayraqlarını gördük. Bir sözlə,  “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı musiqiləri, rəqsləri, muğamları, ifaları, proqramı ilə möhtəşəm idi. Bir qarabağlı, şuşalı xanım kimi fəxr etdim!"

“Şuşa doğrudan da möcüzədir. Cənab Prezident deyəndə ki, əziz Şuşa, sən azadsan... Ağladıq, uşaq kimi ağladıq. Mən orada keçirilən festivalda öz əsərimi ifa edəndə baxdım ki, bir qartal uçur... Bu bilirsiz, möcüzədir. Heç bir konsert zalında bu mümkün deyil. Amma Şuşada bu olmuşdu”. 

Bunu Azərbaycan SSR Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib. O, Böyük Qayıdışı ümidlə izlədiyini, Prezident İlham Əliyevin bu sahədəki siyasətinin dünyada bənzərinin olmadığını vurğulayıb.

Yazını hazırladı: Xalidə GƏRAY

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR