İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən ucalan SƏS və Vətən savaşının 7 fevralı...

1184 07.02.2024 15:41 Yazarlar A A

Şumerlərdən bəri 7 rəqəmi müqəddəs sayılıb. Böyüklərdən bu mövzuda o qədər eşitmişik ki...İnanclarımızda dünyamız 7 günə yarandığı, insanın yaradılışının da 7 günə baş verdiyi ifadə olunur. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən 7 fevral prezident seçkisində 7 namizəd yarışdı, daha 7 il ölkənin başında dayanacaq şəxsin kimliyi də saatlar sonra elan olunacaq.

Seçkinin ən möhtəşəm anı...Prezidentliyə namizəd İlham Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Xankəndi şəhərində qurulmuş seçki məntəqəsində səs verməsi oldu! 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı seçki məntəqəsi müstəqil Azərbaycanın tarixində ilk dəfəydi ki, öz Evində qurulmuşdu! Qarabağın işğalda olduğu dönəmlərdə bu məntəqə də köçkün taleyi yaşayırdı, Bakıda hansısa ünvana sığınmışdı, seçicilər orada səs verirdilər. Amma 2023-cü ilin 19-20 sentyabr əməliyyatından sonra artıq Xanın kəndi də azad oldu. Bayağımızı ucaltdı Ali Baş Komandan...Budur, qələbəmizin Baş Memarı Bakıda, ənənəvi səs verdiyi ünvanda deyil, paytaxtdan 329 km məsafədə yerləşən seçki məntəqəsində səs verdi! Özü də səsverməyə gələnlərin növbəsində, sıraya duraraq, digər vətəndaşlar kimi! Bu, daha bir nümunə oldu.

243c5863-c6ca-4db2-9389-2a2fa808dd1e.jpeg (147 KB)

İlham Əliyevin Xankəndidə ailə üzvləri ilə birlikdə səs verməsi uzun illər boyunca Azərbaycanın səsini eşitməzliyə vuranlara birbaşa mesaj oldu. Yəni “səsimizi bundan sonramı eşitməyəcəksiniz, artıq biz Xankəndidə səsverməmizi də keçirdik”, ismarıcı! Bəlli paytaxtlar çox istərdilər ki, Azərbaycan xalqı ömrü boyu

“Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi”, oxusun, ürəyində qubar, gözlərində yaş ömür boyu qovurulsun.

17073040771189928507_1200x630.jpg (407 KB)

Azərbaycan dövləti bu planı pozdu, öz iradəsini ortaya qoydu. Xankəndinin xunta rejimindən təmizlənməsindən sonra Zəfər qazanmış ölkənin Baş Komandanı Xankəndi stadionunda iki Azərbaycan komandasının oyununun da açılışını etmişdi. Sonra da Qarabağ uğrunda canından keçən qəhrəmanların övladlarını bağrına basaraq, onlarla birgə futbol matçını izləmişdi. Bu da mesaj idi. Sonrakı dönəmlərdə Xankəndi başda olmaqla, digər şəhər və rayonlarımızda erməni vandalizminin izlərinin təmizlənməsi, yurd yerlərimizin yenidən qurulması prosesi sürətli şəkildə həyata keçirilməkdədir. Dövlət başçısı 2024-cü ilin ilk günündə elan etdi ki, bu il Xankəndi və Xocalı sakinləri öz evlərinə qayıdacaqlar! Bu, möhtəşəm qayıdışa günlər qalarkən İlham Əliyevin Xankəndidə,  Azərbaycanın daha 7 illik sabahlarına səs verməsi tarixi hadisədir. Bu səsin ardınca Xanın kəndinin sakinləri də evlərinə dönəcəklər, şəhər özünün bəlkə də heç zaman olmadığı firavan həyatına qayıdacaq. Bəli, Xankəndi başı müsibətlər çəkmiş ünvandır.

17073040746353738317_1200x630.jpg (438 KB)

Zamanında Qarabağ xanı buranı özü və ailəsinin üçün istirahəti üçün saldırmışdı. Amma sonradan qara buludlar Qarabağın başının üstünü aldı, ermənilərlə Çar Rusiyasının baş-başa verməsi nəticəsində istirahət guşəsinin qara günləri başladı, bu məkanın əsl sahibləri yurdlarından perik salındı, qətlə yetirildi, evləri yağmalandı. Başkəsən Şaumyanın adını qoydular belə müqəddəs ünvana...O vaxtdan hüzur tapmadı Xankəndi. 70 illik sovet əsarəti Azərbaycanın digər əksər şəhərləri üçün bitsə də, Xankəndi üçün bitmədi, 100 il çəkdi! Məhz bu səbəbdən Azərbaycanın müstəqillik tarixinə də tamarzı qaldı, Xankəndi, bircə dəfə də olsa, prezident, parlament, bələdiyyə seçkiləri keçirə bilmədik bu yurd yerimizdə. Xunta rejiminin seçki şouları qurduğu bu ünvanda nəhayət, Xankəndinin əsl sahibləri halal seçki təşkil etdilər! Belə bir tarixi seçkidə Azərbaycanın müasir tarixinin memarının şəxsən iştirakının olduqca mühüm əhəmiyyəti var. Bu, təkcə düşmənlərə və havadarlarına sərt mesaj deyil, eyni zamanda Azərbaycan xalqına ünvanlı nəsihətdir, öyüddür: Xankəndi bir daha özgənin olmayacaq, ola bilməz, xitabıdır! Azərbaycan son illərdə bir çox nümunələr ortaya oydu, ləyaqətli savaşı ilə, düşmən millətin nümayəndələrinə humanist yanaşması ilə...Ölkənin prezidentinin, prezidentliyə namizədinin azad olunmuş ərazidə səs verməsi faktı da müasir dünyanın ilkləri sırasına yazıldı. Özü də çoxlu sayda ölkələrin işğaldan, separatçılıqdan əziyyət çəkdikləri dönəmdə Azərbaycanın azad etdiyi ərazilərdə seçki keçirməsinin özü də nümunədir.

WhatsApp Image 2024-02-07 at 16.18.25.jpeg (140 KB)

Fəxr edirik dövlətimizlə. Təkcə Xankəndi də deyil, 7 fevral seçkiləri Şuşada, Laçında, Füzulidə, Zəngilanın Ağalısında, nəhayət...XOCALIDA! keçirilir. Xəbərləri izləyirik, Xocalıda seçkini müşahidə edənlər fərəhlə açıqlamalar verirlər, sosial mediada paylaşımlar edirlər. 1992-ci ilin 25-26 fevral soyqırımının qurbanlarının da ruhu şaddır, erməni vəhşiliyinin qurbanı olan insanlarımızın ruhu işğal dövründə nalə çəkirdi, ürəyimiz dağlanırdı, düşmənin at çapdığı bu ünvandan xəbərlər eşidəndə. Çox şükür, artıq Xocalıda ruhların nalə səsi yox, bu yurdun əsl sahiblərinin səsverməsi xəbərlərindən bəhs olunur! Şəhidlərimizə və qazilərimizə borcluyuq bu günü bizə bəxş etdikləri üçün...

Ölkədə heç vaxt olmadığı qədər seçici aktivliyinin olması qürurvericidir. Hər məntəqədə növbələr, izdihamlar yaşanır. Azərbaycan seçicisi sanki 44 günlük Vətən müharibəsində iştirak kimi baxır bu seçkiyə. Bir çoxları savaşa könüllü qatıla bilməsinin əvəzi olaraq borcunu ödəyir bəlkə də. Xatırlayırıq, müharibə zamanı minlərlə gəncimiz, hətta orta yaşlı insanlarımız savaşda könüllü iştirak etmək üçün hərbi komissarların qarşısına axışırdılar. 7 fevral günündə də hərbi komissarlıqları seçki məntəqələri əvəzlədi, vətəndaşlar Azərbaycan uğrunda səsverməyə gəldilər və gəlməkdədirlər. Bədnam qüvvələrin gözlərinə ox kimi sancılacaq seçki nəticələri! Düşünürdülər ki, Azərbaycanda seçkiyə gələn olmayacaq. Amma Azərbaycan xalqı növbədənkənar seçkilərə növbələrdə gözləməklə qatıldı, izdihamlar yaşandı. Bu, Azərbaycanın Qarabağ, Şərqi Zəngəzur zəfərinin seçki məntəqələrində rəsmiləşdirilməsidir!

Yeri gəlmişkən, prezidentliyə namizədlərin əksəriyyəti çox uğurlu çıxışları ilə seçkiyə rəng qatmağı bacardılar. Kimlər ki, müxtəlif bəhanələrlə seçkidə iştirakdan yayındılar, onlar xalqa yaxşılıq etmədilər, əksinə, Azərbaycana diş qıcayan qüvvə və paytaxtlara “stavka” etmiş oldular. Prosesə qatılıb, digər namizədlər kimi, ölkənin, vətəndaşın problemləri ilə bağlı çıxışlar etsəydilər, həll yollarını göstərsəydilər, bunun nəyi pis idi? Bu seçkilərdə iştirak Azərbaycana töhfə idi. Ölkəmizin üstünə AŞ-la, nə bilim xaş-la gələnlərin susdurulması üçün vacib addım olardı. Vətən Savaşının 7 fevralında namizəd kimi, seçici kimi iştirak, 6 milyondan artıq seçicinin iradəsini ortaya qoymaq olduqca vacib idi. Bu, həm də “BİZ BİRİK, BİRLİYİMİZİ KİMSƏ POZA BİLMƏZ”, -mesajı olardı. Bütün digər iddiaları Xankəndi, Xocalı...və digər ərazilərimizdəki səsverməyə qurban vermək bacarığı tələb olunurdu. Etmədi bəziləri... İlham Əliyevsə bacardı, bəzilərinin şübhələrini alt-üst edərək, Xankəndi üzərinə bayrağımızı sancmağı da, Xankəndidə seçici olaraq səsverməyə qatılmağı da! Şübhə etmirəm ki, seçkinin favoriti və qalibi digər 6 namizədin səsləndirdiyi təklifləri diqqətdə saxlayacaq, mövcud problemlərin həlli istiqamətində addımlar atacaq. 7 fevraldan sonra Azərbaycan yeni eraya adlayır. İnanırıq, gələcək çox gözəl olacaq, inşallah!

Və…Hamılıqla Xocalıdan, Laçından, Şuşadan, Füzulidən, Zəngilandan, Xankəndidən, məmləkətimizin hər guşəsindən gələn ZƏFƏR SƏSİMİZ mübarək, deyək!

WhatsApp Image 2024-02-07 at 15.19.30.jpeg (174 KB)

 Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR