İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “yorğan davası”: separatçılar bir-birini qırır

1970 16.05.2023 12:39 Siyasət A A

“Mitinq-mitinq oyunu” nəyə hesablanıb; politoloq: “Ruben Vardanyanın yenidən aktivləşməsi birbaşa kənar güclərin sifarişidir”

Rusiya “sülhməramlılarının” müvəqqəti nəzarətində olan ərazimizdə separatçı ünsürlərin “dövlətcik-dövlətcik” oyunu davam edir. Eyni zamanda, gələn bilgilərə görə, Azərbaycan dövləti oyuncaq rejimin mühasirəsini daraltdıqca onların arasında didişmə-çəkişmə də güclənir. Xəbər verdiyimiz kimi, qondarma “DQR”in “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan bu həftədən Xankəndidə mitinqlər keçirməyə hazırlaşdığını bildirib. Bu barədə “Past” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Samvel Babayan əsas məqsədinin “dövlət naziri” vəzifəsinə təyin olunmaqdan ibarət olduğunu söyləyib. Babayan öz çevrəsində məqsədinə çatmaq üçün hər şeyə hazır olduğunu söyləyib.

“Bildiyiniz kimi, Qarabağda (ermənilər arasında-red.) Araik Arutyunyana qarşı olan və ona kifayət qədər pis münasibət bəsləyən çoxlu insan var. Bu səbəbdən Babayanın niyyəti kifayət qədər böyük rezonans doğurub. Mayın 9-da Ruben Vardanyanın təşkil etdiyi mitinq Ermənistan hakimiyyətinin xoşuna gəlməyib və əldə etdiyimiz məlumata görə, həm də bu səbəbdən Nikol Paşinyana xidmət edən Qarabağ erməniləri arasında bəzi siyasi dairələr, o cümlədən Samvel Babayan hərəkətə keçib”, - deyə qəzet yazıb.

Xatırladaq ki, “Rusiya desantı”, hələ də Qarabağda sülənən Ruben Vardanyan mayın 9-da Xankəndidə Bakıya qarşı təxribatçı mitinq təşkil eləmiş, növbəti dəfə Azərbaycana meydan oxumuşdu. Lakin mitinq çox sönük keçmişdi. 

Samvel Babayan qarabağlı olmayan Ruben Vardanyanın qatı əleyhdarlarından sayılır. Bəs onun mitinq cəhdləri nə verəcək? Ümumiyyətlə, separatçılar arasında didişmə-çəkişmə qanlı toqquşmalara gətirə bilərmi?

Bəzi məqamlar hələ də açıq qalır”-İlyas Hüseynov

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ruben Vardanyanın yenidən aktivləşməsi birbaşa kənar güclərin sifarişidir. Digər tərəfdən, Ruben Vardanyan qondarma rejimdəki postundan kənarlaşdıqdan sonra gözlənilirdi ki, onun bölgəni tərk etməsi baş versin: “Çünki Vardanyan projesində əsas hədəf bundan ibarət idi ki, o, separatçı rejimdə "dövlət naziri" “vəzifəsi”ndə bir müddət özünə nüfuz qazandıqdan sonra Xankəndidən Ermənistana transfer olunacaq və Nikol Paşinyan hansısa formada hakimiyyətdən uzaqlaşdırılacaq, yerinə Ruben Vardanyan gətiriləcək. İrəvanda Rubenin aktivləşməsi gözlənilirdi. Lakin Vardanyan projesi iflasa uğradı. Ötən həftə Vardanyanı yenidən yoxlamaq üçün ona mitinq keçirməsi göstərişi oldu. Lakin Vardanyanın mitinqi çox sönük keçdi. Bəlli oldu ki, artıq Vardanyan kartı işə yaramır. Bu mitinq Ruben Vardanyanın siyasi meyit olduğunu bir daha ortaya çıxardı. Onun Qarabağda ermənilər arasında nüfuzunun olmadığı tam aydınlaşdı. Ona görə də qarabağlı separatçı ermənilərdən olan Samvel Babayan bu vəziyyəti özünün irəli çıxması üçün fürsət kimi görür. Əslində separatçılar da “miatsum hərəkatı”nın sonunun yetişdiyini bilirlər. Sadəcə olaraq, hesab edirlər ki, özlərinin guya güc olduqlarını mitinqlər keçirməklə göstərə bilərlər. Bu cür aksiyalar separatçıların son çırpıntıları kimi dəyərləndirilə bilər. Samvel Babayan mitinq keçirməklə Araik Arutyunyana təsir göstərməyə çalışır ki, qondarma rejimdə onu “vəzifəyə” qaytarsın. Araik onun istəklərini yerinə yetirməyəcəyi halda münasibətlərində gərginlik arta bilər". 

Akif Nağı: “Azərbaycanın ilk üçlüyünə daxil olan partiyalardan biri olmaq  istəyirik, potensialımız var” Pravda.az

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Xankəndi erməniləri özlərini çətin vəziyyətı salıblar. Reallıqla hesablaşmaq istəmirlər, reallığı dəyişməyə də gücləri çatmır. Yenidən 80-90-cı illərin mitinq taktikasına qayıdırlar. Ancaq yenə də yanılırlar: “Başa düşmürlər ki, artıq bu metodlar işləmir və 30 il əvvəlki taktikaya qayıtmağın mənası yoxdur. Rusiyanın göndərdiyi və dəstək verdiyi Ruben Vardanyan artıq istədiyi kütləvilikdə mitinqlər keçirə bilmirsə, digər separatçı canilərin də çağırdığı mitinqlərin zəif olacağı əvvəldən aydındır. Bu cür mitinqlərlə separatçılar yalnız "mən daha izdihamlı mitinq keçirdim" deyə digərlərindən üstünlüyünü göstərmək istəyirlər. “Mitinq-mitinq oyunu” ilə onlar ən uzağı ictimai rəy davası apara bilərlər. Belə mitinqlərlə separatçı quldur rejim özünü düşdüyü vəziyyətdən xilad edə bilməz. Dediyimiz kimi, reallıqlar artıq 30-35 il öncəkindən fərqlidir və artıq qondarma mitinqlərlə nə Azərbaycanın, nə də dünyanın mövqeyinə təsir etmək mümkün deyil.  Ruben Vardanyan Xankəndidə yad ünsürdü, ona götə də dəstək qazana bilmir. Samvel Babayanın bir az reytinqi qalıb. Amma oradakı bədbəxt ermənilər artıq passiv kütləyə çevriliblər, onları tərpətmək mümkün deyil. Hər dəfə tərpənmək istəyəndə Azərbaycan tərəfindən elə cavab alırlar ki, bir az da geri çəkilməli olurlar. Ona görə də Babayanın da mitinq cəhdlərinin nəticə verəcəyi, dəstəklənəcəyi inandırıcı deyil. Orada qarşıdurma ehtimalları da yox dərəcəsindədir. Çünki güclü tərəflər yoxdur, həm də onların içərisində ümidsizlik hökm sürür. Bu cür ümidsizlik içərisində bir-biri ilə sərt qarşıdurmaya gedəcəkləri gözlənilmir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR