İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə papaq problemi-Qarabağda kimlərlə masaya oturaq?

2863 09.12.2022 17:31 Yazarlar A A

Qarabağ erməniləri ilə Bakının hansı formatda və ən əsası kimlərlə masaya oturacağı haqda ən müxtəlif şərh və mülahizələr var. Son olaraq bu mövzuya dair Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev danışdı. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair dediklərini birmənalı təkzib etdi.

Yaddaşım yanıltmırsa, Qriqoryan bu fikri ilk dəfə səsləndirmir, bunu internet üzərindən də dəqiqləşdirmək olar. Ola bilsin, rəsmi Bakı Qriqoryanın açıqlamasını ya görməzdən gəlmişdi, ya da bəlkə də ciddiyə almamışdı. Prezidentin köməkçisi Qriqoryanla təkcə Vaşinqtonda deyil, Brüsseldə də görüşüb və müzakirə edilən məsələlərin birbaşa iştirakçısıdır. Ermənistan parlamentinin bugünkü iclasında isə Qriqoryan deputatlardan birinin  sorğusuna cavab olaraq daha da irəli gedib, deyib ki, “Bakının Vaşinqtonda əldə olunmuş razılaşmaları təkzib etməsinə təəccüblənir, çünki görüş Amerika tərəfinin iştirakı ilə keçirilib və müvafiq protokollar var”. Biz əlbəttə ki, ermənin deyil, öz dövlət məmurumuzun dediklərini mötəbər mənbə hesab edirik. Ermənistan rəsmiləri birinci və sonuncu dəfə deyil ki, bu cür informasiya spekulyasiya ilə məşğul olurlar. Fikrimcə, Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sllivanın iştirakı ilə olan son sentyabr görüşünü nəzərdə tutaraq “yalançının şahidi kimi” göstərməsi Vaşinqtonun da bu mövzuya reaksiyasını zəruri edir. O da sirr deyil ki, “sülhün Vaşinqton variantı” deyilən mərətdə də Qarabağla bağlı belə bir təhlükəsizlik mexanizminin yaradılmasından söhbət getdiyi deyilir.

Rəsmi İrəvanın bu mövzuda “həssaslığının” səbəbi aydındır. İstəyirlər ki, indi də Qarabağ erməniləri ilə danışıqlar üçün bir Minsk Qrupu kimi format yaratsınlar, onlar da bir 30 il gəlib-getsinlər. Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqları mövzusunu Vardanyanla və ya Paşinyanla deyil, oradakı ermənilərlə davam etdirməkdə maraqlıdır. Bunu Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb.

Amma indi əsas sual budur ki, bu danışıqlar kimlərlə olacaq? Vardanyan gözlənilmədən Xankəndə yerləşəndə o düşüncə vardı ki, danışıqlar onunla aparıla bilər. Bunun üçün bəzi “arqumentlər” də gətirilirdi: Vardanyan iki müharibədə aktiv iştirak etməyib, Qarabağa ilk dəfə 2012-ci ildə gəlib və sairə…Amma Prezident Əliyev bu danışıqlar üçün ortaq nöqtələr axtaran Avropa Birliyinin təmsilçilərinə birmənalı dedi ki, Vardanyanla belə bir danışıqlar olmayacaq.

Azərbaycanın axtarışa verdiyi, hazırda isə Fransada sülənən və telekanallarda “artsax prezidenti” kimi təqdim edilən Araik Arutyunyanla danışıqlar mümkündürmü? Bəs, Bakıdan gedən ekoloqlarla görüşdə iştirak edən, azərbaycanlılara divan tutmuş, barəsində bizim prokurorluğun cinayət işi qaldırdığı qondarma “təhlükəsizlik şurasının katibi”  Vitali Balasanyanla necə?  Prinsipcə, Robert Köçəryan və Serjik Sərkisyan da terrorçu idilər, amma Bakı onlarla danışıqlar aparırdı. Amma indi reallıqlar dəyişib və şərtləri diktə edən tərəf Azərbaycandır. Kimlə istəyirik onunla danışacağıq və biz nə vaxt istəsək...Bakının mövqeyi birmənalı belədir.

Qarabağlılar ermənilərinin psixologiyasını az-çox bələddir, indi arada qan yerinə su axıb, düşmənçilik geridönməz hala gəlib və sairə... Halbuki elə bu it Balasanyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı komandirlərlə dəfələrlə görüşüb, çox azərbaycanlının və erməninin qaytarılmasında iştirak edib. Birinci Qarabağ müharibəsində elə azərbaycanlılar olub ki, bir əsirin qaytarılması üçün Xankəndinə maşın sürüb. Çünki bilib ki, onu tanıyan, onun tanıdığı  ermənilər ona güllə atmayacaqlar. Ermənilər də vaxtilə duz-çörək kəsdikləri azərbaycanlılardan hansısa erməninin qaytarılması üçün kömək istəyiblər. Belə faktlar çoxdur. İndi isə siyasət hər evə girib, həm də nəsil dəyişib, yeni ermənilər ortaya çıxıb. İndi onların əksəriyyəti qondarma “artsax parlamentində” “deputatdırlar”.  Üstəlik, guya 5 “fraksiyaları” da var. Yəni Qarabağ ermənilərinin əksəriyyətinin təmsilçiləridir guya. Son hadisələrə dair bu əclaflar bəyanat veriblər ki, bəs Qarabağda baş verənlər genosid kimi tanınmalıdır. Laçın dəhlizində mini-keçid postu qoyulmasına da etiraz ediblər. Üstəlik, həyasızcasına bəyan ediblər ki, “söhbət müəyyən silahlardan getsək belə, özünümüdafiə və onun təşkili üçün müvafiq vasitələrin olmasını heç bir sənəd qadağan etmir”. Bunlarla necə danışasan?

Xankəndidə vaxtilə bir sözünü iki etmədikləri nüfuzlu ermənilər olub. Onların çoxu Qarabağ hadisələri başlayanda köçüb getdilər Rusiyaya. Gördülər ki, daha ermənilər onları eşitmirlər, Ermənistandan gələn siyasi dəllarlara  qulaq asırlar. Elələri vardı ki, azərbaycanlılarla düşmən kimi üz-üzə gəlməmək üçün utandıqlarından köçüb getdilər. Amma Şuşa ətrafındakı məşhur Daşaltı kəndi elə deyildi. Qarabağda ən qansız, daşnaq  ermənilər oraya toplaşmışdı. Deməyim budur ki, bu toplumun ağzını bir neçə nüfuzlu erməninin bir yerə toplaması dövrü bitib. Məsələn, ermənilər toplaşıb bir neçə ağıllı və nüfuzlu adam ortaya çıxaralar, deyələr ki, biz Ermənistanın siyasi tulalarına deyil, sizə inanırıq, sizə güvənirik, bizim burada rahat yaşamağımız üçün çalışın, danışın, anlaşın.  Çeçenistan-Rusiya savaşı yadınızdadır. Moskva nümayəndələri ilə danışıqlara məktəb oxumamış o papaqlı və ağsaqqal kişilər də gedirdilər. Xankəndidə isə indi elə başıpapaqlı erməni yoxdur…Bəs, biz kiminlə danışacağıq?

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR