İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə birgəyaşayış modeli - azərbaycanca da danışırlar, rusca da, ermənicə də... VİDEO

1836 01.03.2024 15:57 Ölkə A A

- Salam, necəsən?

- Salamatlıqdır.

- Deyəsən, qocalmısan ha?

- Hə, qocalmışam...

Bu dialoq bu günlərdə Xankəndində, azərbaycanlı və erməni arasında olub-erməni dilində.  Azərbaycanın İctimai Televiziyası Xankəndində çəkiliş edərkən azərbaycanlı və erməninin görüşünü lentə alıb. Aptekdə əczaçı işləyərkən Zakir Həsənov Mişa Qriqoryanla görüşüb. Mişa işğaldan əvvəlki illərdə ondan tez-tez dərman alıb. Daha sonra erməni işğalı nəticəsində Zakir Həsənov doğma yurdundan didərgin düşüb. Xankəndi azad edildikdən sonra isə o da digər azərbaycanlılar kimi öz yurdunu, evini ziyarət edib. Erməni Mişa ilə dialoqda rusca da danışırlar. Sonra da Mişa azərbaycanca deyir ki, 40 ildir Xankəndində yaşayır. Əlavə edir ki, ermənilər yaxşı yaşayırdı. Lakin azərbaycanlıları təhdid edirdilər. Sitat: “Bu müharibəni başladanların əllərini kəsmək lazımdır. Azərbaycanlılardan zərrə qədər zərər görməmişəm”.

Göründüyü kimi, azərbaycanlı erməni ilə azərbaycanca da danışa bilir, rusca da, hətta ermənicə də...Bəs bu təsadüfi görüş birgəyaşayış modeli üçün nümunə ola bilərmi?

QHT Agentliyinin müşahidə Şurasının üzvü Günel Səfərova Musavat.com-a açıqlamasında qeyd etdi ki, Xankəndi həm azərbaycanlıların, həm də ermənilərin sıx yaşadığı şəhər olub.

O vurğulayıb ki, Xankəndini digər ərazilərdən fərqləndirən orada birgəyaşayışın hər zaman təmin olunmasıdır:

“Çox az sayda erməninin qalmasına baxmayaraq, görünən odur ki, birgəyaşayış modeli inkişaf və təbliğ edilməlidir. Anti-terror tədbirləri ilə əlaqədar Ermənistan hökuməti Qarabağda yaşayan erməni icmasını məcburi şəkildə köçməyə vadar etdi. Ermənilər bizim mülki əhaliyə xətər yetirməyəcəyimizi bizdən də yaxşı bilirlər. 2020-ci ili xatırlayaq- Azərbaycan heç bir mülki obyekti hədəf almadı. Odur ki, prosesləri izləyərkən başqa ölkələrin müdaxiləsi aydın görünür. Təbii ki, bundan Azərbaycana qarşı istifadə etməyi düşünüblər. Məncə, onlar fiaskoya uğrayıblar. Dövlət rəhbərliyinin, eyni zamanda diplomatik siyasətin əsas xətlərindən biri budur ki, erməni əsilli vətəndaşların Qarabağda yaşamasını təmin etməyə hazırıq. Azərbaycan etnik tərkibi müxtəlif olan dövlətdir. Ermənistan isə monoetnik dövlətdir. Təbii ki, ermənilərin bizə yaşatdıqlarını nəzərə alsaq, onları digər etniklərlə bir tərəziyə qoymaq olmaz. Xocalı faciəsini törədən ermənilər olub. 44 günlük Vətən müharibəsində Gəncədə və başqa ərazilərdə mülki əhalini hədəf alan da ermənilər idi. Azərbaycan əraziləri işğal altında olanda xalq diplomatiyası anlayışı var idi. Bu, daha çox icmalarası dialoqun qurulması, münasibətlərin yaxşılaşdırılmasına xidmət etməli idi. Lakin müharibə zamanı sülh carçıları anında müharibə carçılarına çevrildilər. Hətta Ermənistanda sülh çağırışçılarının demək olar ki, 99 faizi Azərbaycan əleyhinə müharibə çağırışçısına çevrildi, radikal addımlar atdı. Azərbaycanda isə əksinə, “no war”çılar var idi. Bu isə sülh platformasında çalışan insanlarda çaşqınlıq yaradır. Yəni onlara inam qalmır. Bizim üçün reallıq budur ki, ərazilərimizi şəhid verərək işğaldan azad etmişik. Ermənistanda isə revanşist qruplar var. Onlar daha çox diaspor təşkilatlarına bağlıdırlar. Bu revanşist qüvvələr Ermənistan dövlətinə, hökumətinə, gələcəyinə çox böyük ziyan vururlar. Buna görə də mən mərhələli birgəyaşayış modelinin tərəfdarıyam. Bu, könüllülük prinsipi əsasında olmalıdır. Məcburi olsa, beynəlxalq hüquq nöqteyi-nəzərdən problem yaranacaq. Bu iki xalq bir-birinə ömürlük düşmən qala bilməz. Biz coğrafi baxımdan qonşuyuq”.

G.Səfərova Qərb auditoriyasının prosesə süni şəkildə daxil olma cəhdlərinə diqqət çəkərək bildirdi ki, ilk mərhələdə təhlükəsizlik məsələləri daha çox gündəmdə ola bilər: “Qərb dövlətləri və təşkilatları Azərbaycan icmasının təhükəsizliyindən danışmırlar. Qarabağda mina problemi, revanşist qüvvələrin azərbaycanlılara hücum etməsi  ehtimalı, yerli idaerəetmə formalarında Azərbaycanla bağlı heç bir fikir səslənmir. Bu baxımdan mərhələli reinteqrasiyanın tərəfdarıyam.    Bu məsələni Azərbaycan və Ermənistan ikilikdə müzakirə etməli və qərar qəbul etməlidir. İstənilən ölkənin müdaxiləsi qərəz yarada bilər. Ermənistanın silahlandılması sülh quruculuğunda iştirakın göstəricisi sayıla bilməz. Düşünürəm ki, dialoqlar olmalı, müzakirələr aparılmalıdır. QHT fəal iştirak etməlidirlər. Süjetdən göründüyü kimi, insanlar öz arasında rahat ünsiyyət qura bilirlər. Hər hansı formada dialoq mümkün olacaq. Hələ ki, sosial platformada ünsiyyət var, amma əksəriyyət neqativdir. Əminəm mi, Azərbaycan hökumətinin reinteqrasiya ilə bağlı aydın planı var, Ermənistanın isə yoxdur. Ermənistan daha çox özünə tərəfdaş tapmaq dərdindədir.  Zaman lazımdır...”

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR