İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqın səsi

1597 19.08.2022 09:20 Yazarlar A A

“Danışmaq dananı qurda verər”

(Azərbaycan ata sözü)

Bu dəfə maraqlı bir mövzuya - ekzotik oxucu xahişlərinə toxunmaq fikrindəyəm (maraqlı olmasa da nə edəcəksiniz, artıq boynunuza qoymuşam).

Bölgədən bir sadiq oxucu bu yaxında məktub yazıb deyir ki, qəzetinizdə hər şey yaxşıdır, ancaq 3 nəfər var, onların şəklini qəti dərc etməyin. Bu üç nəfər ibarətdir... Yox, mən onların adını indi burada çəkmək istəmirəm, çünki Baş Prokurorluqdan xəbərdarlıq alsam nə edəcəyik? Sərbəstlik verirəm, hər kəs istədiyi 3 tipi düşünsün.

Maraqlıdır ki, oxucu bu 3 zatın qəzetdə sözlərinin getməsinə etiraz bildirmir - məsələnin bu tərəfini yəqin ki, dəqiqləşdirmək lazımdır - yalnız deyir şəkilləri getməsin. Şəkillər niyə getməsin, oxucu bunun da ciddi bir səbəbini söyləmədi, heç mən də soruşmadım, nahara tələsirdim.

Şəxsən mən özüm də bəzi şəkillərin kütləvi informasiya vasitələrində göstərilməsinə pis baxıram. Məsələn, hansısa bomba partlayışından, təbii fəlakətdən sonra insan cəsədlərinin, qanın, camaatda mənfi hisslər oyadan başqa təfərrüatların qəzetdə və ya televizorda nümayişinə qarşıyam. Bu, jurnalist etikasına da ziddir. Əgər belə detalları göstərmək mütləq vacibdirsə, bu halda da gərək elə göstərəsən uşaqlar-filan bunu görmək imkanında olmasın. Halbuki bizdə manyak telekanalizasiyalar var, ölüm xəbərləri verəndə insan qanını xüsusi böyüdüb göstərir, üstünə mozaika çəkmək ağlına gəlmir. Sanki bunlar xəstədir, irin-qan göstərəndə camaatın sevimlisi olurlar. Televizor idarəsinin müdiri də evdə milli dolma dürməyi basa-basa belə videolara məmnuniyyətlə baxır, xəbərdarlıq-zad eləmir.

Nə isə, sözümün canı odur ki, yuxarıda adı çəkilən 3 şəxsin fotoları belə kateqoriyalara aid deyil, ancaq oxucu istəyir bunların şəklini qəzetdə görməsin. Bilmirsən bu vəziyyətdə neyləyəsən.

Başqa bir oxucumuz isə yazır ki, amerikalılar şeytan xasiyyətli adamlardır, dünyada pis işlər görürlər və bu pis əməllərdən biri də... insan fikrini oxuyan aparat qayırmaqlarıdır. Deyir, bizim əlaqədar orqanlar həmin aparatdan birini alıbdır, hazırda camaatın fikirlərini gizlicə öyrənirlər. Aparatın iş mexanizmi telepatiyaya əsaslanırmış və sairə (Yeri gəlmişkən, məktubun bu yerində hörmətli oxucumuz mən də daxil, hamımızın boynuna qoyub ki, biz telepatiyaya inanırıq. Belə də yazıb: “Hamımız bilirik ki, telepatiya var”. Daha neyləyə bilərik, əgər belə yazıbsa, deməli, hamımız inanmağa borcluyuq. Boş bir şeyə görə soydaşımızın xətrinə dəyəsi deyilik ki?)

Məktubun qəribə cəhəti nədir? Söhbət ondadır ki, adam məktubu yazıb, axırında da qeyd edib: “Bu faktı qəzetdə dərc edin, qoy xalq əlaqədar orqanların Amerikadan fikir oxuma qurğusu aldığını bilsin, ancaq mənim adımı qəzetə verməyin”.

Halbuki xəbəri yoxdur, mənə bu məktubu yazmağı fikirləşdiyi anda əlaqədar orqanların əməkdaşları həmin qurğu vasitəsilə onun fikirlərini oxuyublar, adını da qəşəng bilirlər. Nə gizlədim, elə bu yazını yazdığım anda əlaqədar orqanlardan zəng vurdular, dedilər, hörmətli (bu cür də dedilər) Zamin bəy, biz o adamın fikirlərini oxumuşuq, narahat olma, dövlətçiliyə təhlükə doğurmur, məsləhətdirsə adını da qəzetdə dərc edə bilərsən.

Hər halda, mən oxucunun adını burada yazmıram, ümumiyyətlə, daha bu mövzuda fikirləşmirəm. Qoy əlaqədar orqanların qurğusu mənim fikrimi axtarıb xarab olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR