İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan “nazir” kimi ilk çıxışında niyə “müharibə” dedi?

9340 04.11.2022 22:06 Yazarlar A A

Bakının iki aydır davam edən susqunluğunu erməni milyarderin bu gün rəsmiləşən qanunsuz “təyinatı” da hələ ki, pozmayıb, amma susmaq həmişə qızıl deyil...

Gözlənilən oldu. Noyabrın 4-də Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan “yeni dövlət naziri” Ruben Vardanyanın rəsmi təqdimetmə mərasimini keçirib, onu “hökumət üzvlərinə” və “dövlət nazirinin aparatının” əməkdaşlarına təqdim edib. Erməni milyarderi indi Qarabağda az qala küçə itləri də tanıyır. Aydındır ki, bu rəsmiyyətin səbəbi guya Qarabağda hansısa “dövlətin” mövcudluğunu göstərməkdir.
Arutyunyan deyib ki, Vardanyanın bu vəzifəni tutmaq təklifini qəbul etməsinə sevinir, çünki onun erməniləri “artsax” üçün bir ideya ətrafında birləşdirmək bacarığına inanır, üstəlik onun təcrübəsi, imkanları, bütün dünya ilə əlaqələri indiki mərhələdə “dövlət” üçün son dərəcə vacibdir. Arutyunyan yeni “nazir”i əmin edib ki, o, “prezident, hökumət, parlament və bütün “artsax” xalqının dəstəyini” alacaq. “Sizin və bizim uğur qazanmaqdan başqa yolumuz yoxdur” deyə, Arutyunyan bildirib.

Vardanyan isə deyib ki, indiki dövrdə “artsax” da vəzifə tutmaq onun üçün böyük şərəf və böyük məsuliyyətdir: “Vəziyyətin ciddiliyini dərk edərək bu qərarı verdim. Biz başa düşməliyik ki, indi bizim üçün vətən müharibəsidir, əgər biz bunu dərk etməsək və bu məqsədə çatmaq üçün hər şeyi etməsək, bu o demək olacaq ki, biz xalqımız qarşısında borcumuzu yerinə yetirməmişik”. 

1662189850_ruben-vardanyan-e1562792961160.jpg (54 KB)

Vardanyan Qarabağda olduğu iki ayda çoxlu insanlarla görüşdüyünü deyib: “Çətin vəziyyətə baxmayaraq, onlar burada qalırlar, yaşayırlar, uşaq dünyaya gətirirlər. Biz “artsax”ı əcdadlarımızdan almışıq və onu ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq”.

Vardanyan məncə, məqsədini kifayət qədər açıq mətnlə bildirib. Onun dediklərini sistemləşdirməyə çalışsaq, birincisi, o, etiraf edir ki, Qarabağda vəziyyətin ciddiliyini, hətta böhranlı olduğunu anlayır, hansı məsuliyətin altına girdiyini bilir. İkincisi, Vardanyan həm də bəribaşdan deyir ki, bu tək onun çiyninə yüklənəcək iş deyil, “artsax”ın təhlükəsizliyinin təmin etmək üçün heç kim yaxasını kənara çəkməməlidir. Üçüncüsü, Vardanyan Qarabağın ermənilərin dədəsinin torpağı olduğu yalanını təkrarlayır və onu “gələcək nəsillərə ötürmək borcunu” yada salır. Nəhayət, erməni mənbələrinin yaydığı çıxışında “müharibə” sözlərinə diqqət etmək lazım gəlir. Təyinatadək o bu cür ifadədən çəkinirdi, indi isə müstəqillik mübarizəsindən danışarkən “müharibə” ifadəsini istifadə edib.

Vardanyanın Qarabağa köçmək qərarından dərhal sonra bu barədə ən çox irəli sürülən versiyalara diqqət edək. 1)Vardanyan Kremlin adamıdır, onu mümkün Bakı-Xankəndi danışıqlarında masaya cinayətkar Araikin əvəzinə oturtmaq üçün gətiriblər. 2) Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün Rusiyadan çıxıb, hətta qaçıb və Kremlə heç bir aidiyyəti yoxdur. 3) Vardanyan əslində, erməni lobbisinin Qarabağa axan pullarına nəzarət üçün, yəni revanşist erməni klanın maraqlarına xidmət etmək üçün Xankəndinə yerləşdirilib. 4) Rusiya Vardanyana sadəcə, pullarını Qarabağı boşaltmamaq üçün ermənilərə xərcləməyə göndərib. Vardanyanın “nazir” kimi ilk çıxışında bu variantların hər birinin “izi”ni tapmaq mümkündür. 

Rusiyanın məkrli planı və ya Vardanyan Xankəndiyə gəlmir, Moskvadan  göndərilir - Ayna.az

Vardanyanın əvvəldən də “sülh göyərçini” olmadığı aydın idi, baxmayaraq ki, o, Birinci və İkinci Qarabağ müharibələrində aktiv rol almayıb, dəstə yaradıb azərbaycanlı kəndlərinə hücum təşkil etməyib və sairə. Amma Araik təqdimatında deyib ki, Vardanyan 20 ildən artıqdır ki, “artsax”ın yanında olub. Araik Vardanyanın fəaliyyətindəki bu məqamı indi qabartması təsadüfi olmaya da bilər. Yəni Arutyunyan onu Vardanyanla əvəz etmək istəyənlərə və ya Bakı ilə mümkün danışıqlarda təmsilçiliyinə rəğmən demək istəyir ki, “elə o da mənim tayımdır, yəni müharibədə vuruşmasa da, hər cür yardım(əlbəttə ki, silah alınmasını da) edib”.

Bakının iki aydır davam edən susqunluğunu Vardanyanın məlum qanunsuz təyinatı da hələ ki, pozmayıb. İqtidara yaxın bir deputatın açıqlamasını oxudum, həm deyir ki, bu ciddiyə alınacaq hadisə deyil, həm də ardınca sadalayır ki, “sülhə xidmət etmir, status-kvonu saxlamağa yönəlib” və sairə. Necə ciddi məsələ deyil ki, ardından bu qədər ciddi olaylar çıxa bilir? 

XİN: "Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz  ittihamları qəbuledilməzdir" - Avtosfer.az

Rəsmi Bakının indiyədək suqunluğu haqda da müxtəlif versiyalar irəli sürülür. Məsələn, iddia olunur ki, “Vardanyan planı”nın Rusiyada hazırlandığını bilirlər, amma bu oyunun hara qədər uzanacağını gözləyirlər. Yəni o ehtimal vardı ki, Rusiya onu bir müddət sonra geri çəkəcək, sadəcə, bu nəbz, bəlkə də Bakının əsəblərini yoxlanılmasıdır. Amma görünən odur ki, “Vardanyan planı” işləməyə başlayıb və o, artıq qanunsuz qurumun “baş nazir səlahiyyətli” “dövlət nazir”dir.

Ola bilsin ki, mümkün Bakı-Xankəndi danışıqlarında Vardanyan ən uyğun “təmsilçidir”. Azərbaycanın bu danışıqlar barədə mövqeyi ictimailəşməyib, amma ermənilər iddia edir ki, Vaşinqtonda keçirilən ikitərəfli görüşdə belə bir formatda danışıqlara razılıq alınıb. Bakı haqlı olaraq hesab edir ki, Qarabağ məsələsi daxili işidir və danışıqlara nə vaxt uyğun bilsələr, o zaman qərar verəcəklər. Bu artıq Putinin də, Paşinyanın da, Avropa Birliyinin də qəbul etdiyi gerçəkdir. Amma bu danışıqlar olacaqmı? Əgər Bakı buna mümkün variant kimi baxırsa, mövqeyini açıqlamaqda təhlükəli heç nə yoxdur. Erməniləri gec-tez yəqin ki, dinləmək lazım gələcək. Əgər Azərbaycan qanunları çərçivəsində yaşamaq istəməyəcəklərsə, ərazi bötüvlüyümüzə ziddi mövqe tutmaqda davam edəcəklərsə, bunu da netləşdirmək lazımdır. Hətta bu danışıqlara beynəlxalq təşkilatları da müşahidəçi kimi dəvət etmək mümkündür.

Susmaq həmişə qızıl deyil. Bu elə “Vardanyan vaqeəsi”nə də aiddir... 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR