İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan gəldi, gücümüzü gördü və getdi - Getdimi?

944 25.02.2023 09:50 Siyasət A A

Cümşüd Nuriyev: “Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər”

Rusiyalı milyarder Ruben Vardanyan Azərbaycan ərazisində cəmi 112 gün “davam gətirə” bildi. Şimal qonşumuzun açıq-aşkar “desantı” olan bu zatın “torbası”, nəhayət, tikildi.

Artıq onu Qarabağa bağlayan əsas faktor - saxta vəzifəsi yoxdur. Zorən də olsa “istefa”ya göndərildi. Çünki lap əvvəldən Azərbaycan Prezidentinin sərt tələbi idi ki, Rusiyadan təlimatla göndərilən Ruben Vardanyanla heç bir danışıq olmayacaq və o, Qarabağı tərk eləməlidir. Qovulandan sonra isə o, Qarabağda qalacağını, hətta Qarabağsız özünü təsəvvür etmədiyini bildirib. Guya hansısa layihələri var və onları davam etdirəcək.

Erməni mediası da yazıb ki, Vardanyanın “vəzifə”dən getməsi Bakının Laçın dəhlizinin açılması və Dağlıq Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı Xankəndi ilə danışıqlara başlaması üçün şərtlərdən biri olub.

“Onun ”vəzifəsi"ndən uzaqlaşdırılması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını artıracaq".

Rusiyalı politoloq Sergey Markov belə düşünür.

Onun fikrincə, Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa gəlişi, əslində Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarından yayınmaq, eyni zamanda, Rusiya rəhbərliyi ilə də münasibətləri pozmamaq üçün idi: “İndi Vardanyan özünün Ermənistan və ehtimal ki, Fransa vətəndaşlığından istifadə edərək Qərb biznesindən Rusiya aktivlərini ucuz qiymətə alacaq. Vardanyan hiylə işlədərək öz milyardlarını sanksiyalardan azad edə bildi, üstəlik, hələ əlavə milyardlar da qazanacaq”, - deyə o bildirib.

Necə deyərlər, Vardanyan gəldi, gücümüzü gördü və getdi. Getdimi? Kremlin “desantı” “istefa”dan sonra da Kremlin diktəsi ilə Qarabağda qalıb aranı qarışdırmağa, əsəblərimizlə oynamağa davammı edəcək?

Cümşüd Nuriyev: “Üçüncü Dünya Müharibəsi qaçılmazdır” - MÜSAHİBƏ | KONKRET

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Ruben Vardanyan artıq “vurulmuş kart”dır və limiti bitib: “Ruben Vardanyan Azərbaycan torpağı Xankəndinə xüsusi missiya ilə göndəilmişdi. Lakin o, bu missiyanı yerinə yetirə bilmədi və bu mümkün də deyildi. Ona görə də onun getməsi məsələsi gündəmə gəldi. İlham Əliyevin Münxen konfransındakı çıxışı onun yola salınmasında böyük rol oynadı. Avropa istəyir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Müqavilənin irəli sürdüyü ədalətli şərtlər qəbul edilməlidir”.

Politoloqa görə, Vardanyanın Qarabağda qalıb-qalmaması elə də əhəmiyyət kəsb etmir: “Azərbaycan çox uğurlu gedişlərlə Ruben Vardanyanın missiyasını heçə endirdi. Onun bundan sonra Qarabağda qalması nəyisə dəyişməyəcək. Rusiya yenidən cəhd edib onun kimisini oyuncaq Araik hakimiyyətinə gətirə bilməyəcək. Ruben Vardanyan milyarder olmaqla yanaşı, qatı millətçidir. O, loyal deyil. Onun Qarabağdakı biznesini bizim ekofəallar dayandırdı. Ruben Vardanyanın yerinə gətirilən əldəqayırma prokuror Nersesyan da elə bir rol oynaya bilməyəcək. Bu mənada hazırda gedən proseslər Azərbaycanın xeyrinədir”.

Politoloqun fikrincə, bu gün Azərbaycanın müharibəyə təhrik edilməsi cəhdləri var: “Azərbaycanı müharibəyə çəkirlər. Qarabağda müharibənin başlamasında ABŞ və Qərbin özəl maraqları var. İstəyirlər ki, Rusiya bu istiqamətdə ikinci cəbhə açsın. Azərbaycan heç bir halda müharibəyə getməməlidir. Bu baxımdan Azərbaycan Prezidentinin tutduğu mövqe çox doğrudur. Düzdür, ölkədə müharibə istəyən radikallar var. Müharibə istəyənlər Ukraynaya baxsınlar. Oradakı dağıdıcı müharibənin dəhşətləri Azərbaycan ərazisinə daşına, ölkə başdan-başa müharibə poliqonuna çevrilə bilər. Bu gün təmkin göstərməklə istəklərimizi addım-addım həyata keçirə bilirik. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni ”Pirr qələbəsi"nə çevirməməlidir".

Politoloq hesab edir ki, ABŞ və Qərb dövlətləri Qafqazda möhkəmlənmək üçün müəyyən addımlar atırlar: “Rusiya və İran isə əksinə, ABŞ və Qərb dövlətlərinin Qafqazda möhkəmlənmələrinə qarşıdır. İran və Rusiyanın planlarında Azərbaycanı müharibəyə çəkməklə Şuşa və Hadrutu almaq hədəflənir. Müasir münaqişələrin idarəetmə nəzəriyyələri də göstərir ki, Azərbaycan məsələyə Ukrayna kimi yanaşsa, çox mənfi nəticələrlə üz-üzə qala bilərik. Bu baxımdan səbir etməliyik. Amma Qarabağda antiterror əməliyyatları da dayanmamalıdır”.

Politoloq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun Azərbaycana qarşıdakı səfərinə də diqqət çəkib: “Rusiya hazırda Ermənistana siyasi zərbə vurmaq üçün müxtəlif planlar üzərində işləyir. Sergey Lavrovun belə bir vaxtda Azərbaycana səfəri təsadüfi deyil. Bir daha vurğulayıram ki, indiki zamanda Rusiya Qafqazda ikinci cəbhə açmağa risk etməyəcək. Hazırda Azərbaycan Xocalının təhvil verilməsini tələb edir. Xocalının tələb edilməsi Şuşanın təminatı, Xankəndinə tam nəzarət deməkdir. Amma bu müharibə yolu ilə deyil, təzyiqlər və danışıqlar yolu ilə baş tutmalıdır”.

Elxan Şahinoğlu: “Azərbaycanın mövqeyi həmsədrlərə çoxdan bəllidir ”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur. Çünki etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsi ilə bağlıdır: “Bu tələbimiz hələ ki, yerinə yetirilməyib”.

Politoloqa görə, bu səbəbə Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə, etirazın dayandırılması doğru olmaz: “Fikrimcə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır. O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək”.

Politoloq əmindir ki, Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizə davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR