İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzun çəkən canvermə -rus imperiyasının labüd tənəzzülü

2489 15.03.2022 09:35 Yazarlar A A

 

İmperiyaların tərəqqisi və tənəzzülü deyilən bir ifadə var. Müəyyən bir coğrafi arealda bir dövlət əmələ gəlir, iddialı, amansız, qəsbkar bir hökmdarın iradəsi ilə böyüməyə başlayır. Başqa ölkələri, xalqları müstəmləkə və kölə saymaq hesabına böyüdükcə böyüyən bu dövlət öz inkişafının apogeyinə çatır, sonra qurucu imperatorun, yaxud onun bənzər ardıcılının ölümüylə bu inkişaf dayanır. Bir müddət ətalət qanununa uyğun olaraq öz vahidliyini qoruyan imperiyada, nəhayət, tənəzzül, çöküş başlayır və bu, o vaxta qədər davam edir ki, böyük imperiya qurmuş xalq özünə, öz məcrasına, tarixi qınına qayıdır.

Qədim imperiyalar da belə olub, orta əsrlərdə təşəkkül tapanlar da, son yüzillikdə böyüyən-balacalaşan o birilər də. Bu tale hazırda boy göstərən böyük dövlətləri də gözləyir. Geci-tezi var.

Vaxtilə dünyanın 225 ölkə və əyalətində müstəmləkəsi olan Fransa bu gün özünə yığışıb. Böyük Britaniya böyüklüyünü az-çox qoruyub saxlasa da, yüz il əvvəlki nəhəngliyini xeyli itirib. İspaniya, Portuqaliya, Almaniya, Hollandiya da onlar kimi.

120 il əvvəl Türkiyə nə boyda idi, indi nə boydadır. Hələ Mustafa Kamal Atatürk və onun cəfakeş silahdaşlarının, eləcə də qəhrəman türk xalqının mübarizə əzmi olmasaydı, müasir Türkiyə dövləti qat-qat kiçik və zəif bir dövlət olardı. Amma vaxt vardı, iddialı sultanların hesabına o üzü qərbə və cənuba doğru böyüdükcə böyüyürdü.

Bəzən tarixçilər hissə qapılır, üzgörənlik edir, Osmanlı imperiyasını “dünyanın ən ədalətli, qanunlarla idarə olunan dövləti” adlandırırlar, amma burada şişirtmə var. Araşdıranda məlum olur ki, müasir monqollar da Çingiz xan və züryətlərinin qurduğu böyük monqol imperiyasının dünyanın və bütün zamanların “ən ədalətli dövləti” sayırlar. Britaniyalılar və fransızlar əmindirlər ki, dünyaya mədəniyyəti, təhsili onların qurduğu imperiya yayıb.

Ancaq imperiyaların tənəzzülü ondan xəbər verir ki, bu dağılma prosesi öz-özünə baş vermir. Yadellilərin istismarı, zülmü ifrata varır, istismar olunan yerlilərin ayaqlanmasına, əvvəlki qaydada yaşamaq istəməməsinə, üsyana qalxmasına səbəb olur, nəticədə imperiyada silkələnmə başlayır, orda-burda baş qaldıran titrəmələr son nəticədə imperiyanın dağılmasına səbəb olur. Bu proses uzun çəkə bilər, amma başlayıbsa, onu ram etmək mümkün deyil.

100+ il əvvəl “proletariatın dahi rəhbəri” Vladimir Lenin Rusiya imperiyasını “xalqlar həbsxanası” adlandırmışdı. Sonra özü hakimiyyətə gəldi və həmin “həbsxana”da yeni “korpuslar tikdirdi”, müstəqillik qazanmış respublikaları 11-ci, 15-ci və axırıncı orduların qanlı reydləri hesabına yenidən həmin həbsxanaya doldurdu. Beləliklə, Lenin və silahdaşları yeni bir cəlbedici ideologiyanın - kommunizmin sayəsində rus imperiyasının çöküşünü 70 il ləngidə bildilər.

Fəqət, 1989-cu ildə sovet qoşunlarının Əfqanıstandan çıxmasıyla başlanan sürətli çöküş 1991-ci ildə başa çatdı, qondarma SSRİ adlı qırmızı rus imperiyası ərazisinin xeyli hissəsini, iqtisadi gücünü itirdi, “arıqladı”, arıqlığından yavaş oldu, amma neoimperiya iddiasından vaz keçmədi.

Çoxlarına elə gəlirdi ki, öz inkişafının apogeyini SSRİ dövründə, ötən əsrin 70-80-ci illərində yaşamış Rusiya bir daha böyük dövlət yaratmaq sevdasına düşməyəcək, çünki o, onsuz da dünyanın ərazicə ən böyük dövləti olaraq qalırdı və yenə də yüzlərlə xalq üçün həbsxanaydı.

Bu gözləntilər doğrulmadı, qiymətləri kəllə-çarxa qalxmış neft və qaz satışından gələn milyardlar sayəsində özünə gələn Rusiyada SSRİ dövründəki geniş sərhədlərə görə getdikcə güclənən xiffət baş qaldırdı və o, öz müstəqil dövlət olmuş qonşularıyla açıq-gizli münaqişələr yaşamağa başladı. Zatən, hələ SSRİ dağılanda Rusiya Moldovanı, Azərbaycanı, Ermənistanı və Gürcüstanı aktiv separatizm buxovuyla özünə bağlamışdı, Qazaxıstan və Ukraynada potensial separatçı bölgələr saxlayırdı, Belarusu özündən bilirdi, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanı isə istənilən vaxt, əlavə rıçaqlara ehtiyac olmadan ram edəcəyinə əmin idi.

Hazırda şiddətlənən Rusiya-Ukrayna müharibəsinə əsasən bu prizmadan baxmaq lazımdır. Burada Qərbin rolu ikinci dərəcəlidir. Əsas məsələ odur ki, rus imperiyası öz tənəzzülünü durdurmaq, necəsə, hansı adlasa, onu yenidən dirçəltmək istəyir.

Rifah içində yaşayan ortaboylu, kiçik və cırtdan dövlətlərdən ibarət olan Avropadan fərqli olaraq, Çinin Rusiya dəstək verməsinin əsas səbəbi odur ki, özü də imperiyadır, “xalqlar həbsxanası”dır və heç bir xalqı öz caynağından buraxmaq istəmir.

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR