Öncə Ermənistanda parlament seçkisində qalib gəldiyi üçün Paşinyanı təbrik edirəm, qoy bir təbrik də bizdən getsin. Seçkilər, yeri gəlmişkən, yenə bizdəki kimi, demokratik şəkildə baş tutdu, müxalifətçilər deputat oldular. Məsələn, bizdə də keçən dəfə REAL üzvü Erkin müəllim gərgin mübarizə sayəsində qalib gəlmişdi. Biləcərinin də deputatı müxalifətçi olmalıdır, yazını bitirənə qədər tapsam, əlavə edərəm.
Ancaq, əlbəttə, Ermənistan bizdən zəif ölkə olduğu üçün orada seçkilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın müdaxiləsi şiddətli idi. Ruspərəst 2-3 partiya baryeri aşmışdır. İlkin hesablamaya görə, parlamentdə Paşinyanın komandası 64 deputat yeri əldə edib, ruspərəstlər isə 29 və 12 yer. Sonuncuların ayrı-ayrı yazılmasının səbəbi isə budur ki, Rusiyayönümlü qüvvələr Ermənistan seçkilərinə parçalanmış şəkildə getdilər.
3 ruspərəst qüvvənin topladığı faizləri üst-üstə gələndə, əlbəttə, yenə Paşinyana çatmır və hardasa 35 faizə yaxın edir (Paşinyanın partiyası 49 faiz yığıb). Ancaq bu fakt özü-özlüyündə ciddi məsələdir və Rusiyanın hətta öz əlaltılarını birləşdirməyi, vahid qüvvə kimi dəstəkləməyi bacarmadığını göstərir. Belə yaza da bilərik: imperiyanın “Parçala, hökm sür” siyasəti özündən də yan keçməyib və parçalanmaqdan başqa yolları qalmayıb. Artıq Putini nökərləri də eşitmir.
Erməni mövzusu bizim başqa sferada gözlənilməz şəkildə ortaya çıxıb. Deyirlər, ABŞ Azərbaycana təzə səfir göndərir, bu mister isə... erməni əsilli bir nəfər imiş. Bəzi zəhmətkeşlərimiz bunu neqativ qiymətləndirir, mən isə müsbət yanaşıram. Yəqin Tramp Ermənistan-Azərbaycan sülh sazişinə bu yolla töhfə vermək istəyir, bəlkə də İrəvana səfiri də azərbaycanlılar, türklər arasından seçib göndərəcəkdir. Keçən günlərin təcrübəsinə baxanda, buna şükür edirik, çünki bir ara Amerikanın səfiri YAP Binəqədi rayon şöbəsinə üzv yazılmışdı, növbəti səfiri isə ancaq Şəki pitisi, xaş, xəngəl, kabab yeyən görmək olurdu.
Ölkəmizdə daxili ictimai-siyasi vəziyyətə gəlsək, burada əziyyət yoxdur, hər şey yaxşıdır, qurd quzu ilə otlayır, artistlər çıxış edir, ağzını şişirdən, burnunu düzəldən... qısası, hamı öz işindədir. Yeganə olaraq İçərişəhərdə bir ağsaqqal şortik geyinmiş cavanı söyüb qovalamışdı, əlaqədar orqanların qəti, profilaktik tədbirindən sonra ağsaqqal üzrxahlıq videosu yaydı.
Maraqlıdır ki, həm gəncin ailəsindən və özündən, həm Azərbaycan xalqından ayrıca üzr istəmişdir. Şəxsən mənim bu temadan xəbərim yox idi, ona görə arayıb tapdım ki, görəsən, Azərbaycan xalqının bir nümayəndəsi olaraq məndən niyə üzr istənilibdir. Görünür, bundan sonra trend, dəb belədir, bütün məsələlər Azərbaycan xalqı ilə mütləq müzakirə ediləcəkdir. İstər söyüş olsun, istər üzrxahlıq.
Hər halda, əvvəlcədən hamımıza xəbər verilsə üzrxahlıq daha güclü, effektiv olar – belə düşünürəm. Yoxsa baxırsan adam çıxır efir(lər)ə, 10 milyonluq xalqdan üzr istəyir, bilmirik tema nədir. Şortikdir, yoxsa manısın şalvarı? Mahnının sözlərinə görədir, yoxsa manısın kökslərinə görə? Bunlar hamısı dəhşətli dərəcədə maraqlı problemlərdir.
Yeri gəlmişkən, son günlər Türkiyədə milyarder Rəhmi Koç əfəndi də bir anekdotun zibilinə düşmüşdü, üzr istətdilər. Həmin anekdotda Türkiyədəki etnik toplum nümayəndələrindən birinin üzvü, yaşlı qadın xəstəxanaya gəlir, həkim deyir, keç şirmanın arxasına, soyun. Qadın deyir, doktor, ilk siz soyunun. Belə bir söhbət... Vaxtilə bizdə də o cür etnik anekdotlar çox olardı, Allah göstərməsin. Biri belə idi ki, etnik azlıqlardan kimsə 1945-ci ildə, Qələbə paradında gedib Stalinə deyir: “Səndən incimişik, bu boyda müharibə aparmısan, bizə niyə deməmisən?”.
Sözümün canı odur ki, üzrxahlıq mövzularını da bizə - Azərbaycan xalqına vaxtlı-vaxtında çatdırın. Bəlkə bu istiqamətdə ASAN-üzrxahlıq xidməti tipli bir idarə qurulsa yaxşı olar.






