İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzən adası olan “Batabat gölü”, "Ağbulaq" xizək mərkəzi, məşhur “Badamlı” suları... - Naxçıvandan REPORTAJ, FOTOLAR

2387 28.10.2021 16:29 Reportaj A A

Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə  Naxçıvanda keçirdiyimiz 2 gün ərzində muxtar respublikanın demək olar ki, ən tanınmış tarixi, qədimi abidələri, məşhur turizm məkanları, bir sözlə, gəzməli-görməli yerlərində olduq.

 

“Naxçıvanqala”

Ziyarət etdiyimiz tarixi abidələr arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi də vardı. Bələdçilər bizə məlumat olaraq bildirdilər ki, “Naxçıvanqala” təxminən 18-ci əsrin ortalarınadək müdafiə istehkamı rolunu oynayıb. Digər abidələr kimi bu abidə də müəyyən illər ərzində baxımsız olub. Lakin 2010-cu ildə abidə bərpa edilib.

Buradakı muzeydə Naxçıvanda aşkarlanan tarixi əşyalar nümayiş olunur. Həmin əşyaların düzülüşü isə xronoloji ardıcıllıqla yerləşdirilib. Məsələn, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, son tunc və erkən dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri, qədim xalça, milli geyimlər və sairə. Nümayiş olunan eksponatlar bir daha Naxçıvanın qədim tarixə malik olduğunu sübut edir.

 

Üzən adası olan “Batabat gölü”...

Naxçıvanda səfərdə olarkən ən çox səbirsizliklə gözlədiyimiz ziyarətlərdən biri də üzən adası ilə məşhur olan “Batabat” gölü idi. Məlumat üçün bildirək ki, göl Naxçıvanın Şahbuz rayonu ərazisində yerləşir.

Naxçıvan şəhərindən xeyli yol gəldikdən sonra nəhayət ki, avtobusumuz “Batabat gölü”nə yetişdi. Hələ gölə çatmazdan əvvəl uzaqdan gölü əhatə edən dağların zirvəsində qarı görüb, havanın çox soyuq olacağını ehtimal edirdik. Həqiqətən də avtobusdan endikdən sonra havanın necə kəskin soyuq olduğunu müşahidə etdik. Halbuki hava çox günəşli idi. 16 ha sahəsi olan şirinsulu göl, dəniz səthindən 2424 m yüksəklikdə yerləşir, ətrafı gözəl mənzərəli çəmənlikdən ibarətdir. Maraqlıdır ki, çəmənlikdə torpaqdan baş qaldıran novruzgüllərinə də rast gəldik.

Qeyd etdiyim kimi, “Batabat gölü” əsasən səthində üzən torflu adası ilə məşhurdur. Məlumata görə, həmin torflu ada küləkli havada küləyin istiqamətinə uyğun olaraq gölün səthində yerini dəyişirmiş. Lakin ziyarətimiz zamanı həmin torflu adanın üzməsini müşahidə edə bilmədik. Bizə bildirildi ki, təxminən 2 ildir ki, ada yerində sabit qalıb, daha üzmür. Gölün ətrafındakı karbonat,  hidrokarbonat və kalsium-natrium-maqnezium  mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.


"Ağbulaq" xizək mərkəzi

Naxçıvanın Şahbuz rayonunda yerləşən "Ağbulaq" xizək mərkəzi Azərbaycanda sayca üçüncü xizək mərkəzidir. Burada turistlər üçün hər cür şərait yaradılıb, ən müasir infrastruktur qurulub. Jurnalistlərə verilən məlumata görə hər qış mövsümündə təxminən 10 mindən çox turist mərkəzə axın edir.

Mövsüm ilə əlaqədar xizək xidmətindən istifadə edə bilməsək də kanata çıxmaq fürsətindən yararlandıq. Qeyd edək ki, 980 metr uzunluğunda qurulan kanat turistləri dəniz səviyyəsindən 2200, Ağbulaq qış turizm mərkəzindən isə 200 metr yüksəkliyə çıxarır. Kanat gəzintisindən sonra kiçik kafedə dadlı mürəbbələr ilə kəklikotu çayı içə bilərsiniz.

Məşhur “Badamlı” suları

Naxçıvan həm də “Badamlı” mineral suları ilə tanınır. Səfər çərçivəsində “Badamlı” mineral suları istehsal edən zavod ilə də tanış olduq. Qeyd edək ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada süzgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur. Zavod hələ 1974-ci ildən fəaliyyət göstərir. Sovet dövründə zavodun şöhrəti artıq bütün ittifaqa yayılmışdı.

1990-cı ildən zavod öz fəaliyyətini yenidən bərpa edib. Müəssisə 2004-cü ildən özəlləşdirildikdən sonra əvvəlki nüfuzuna geri dönüb.

Bizə məlumat verildi ki, zavodun illik istehsal gücü 150 milyon butulkadır. Zavod hazırda 5 ölkəyə - Çin, Rusiya, Qazaxıstan, İraq və Birləşmiş Ərəb Əmirliklərinə 18 çeşiddə məhsul ixrac edir.                          Zavodun direktoru Hümbət Qəhrəmanovun sözlərinə görə, artıq Avropa bazarlarına da çıxış üçün lisenziyaların alınması üzrə işlər aparılır. Özbəkistan və Ukrayna bazarlarına çıxış üçün də fəaliyyət başlayıb, eləcə də Kanadaya bu yaxınlarda ilk ixrac həyata keçirilib.

Beləliklə, Naxçıvana səfərimiz cəmi 2 gün davam etsə də, təəssüratlarımız böyük oldu. Bu torpağın yetişdirdiyi cəsur, gülərüz, mehriban insanlar, ən qədim, mistik, möcüzəli abidələr, dini turizm və istirahət mərkəzləri, təmiz və səliqəli küçələr, tıxacsız yollar, sabit həyat, Bakıda tapa bilmədiyimiz ən dadlı təamlar, meyvələr, bir sözlə, bütövlükdə Naxçıvan bizi çox valeh etdi. Media nümayəndələri olaraq əksəriyyətimiz bu günə qədər Naxçıvanı yaxından tanımadığımıza çox təəssüflənirdik.

İnanırıq ki, Naxçıvan qarşıda daha da möhtəşəm, əzəmətli olacaq, daha da inkişaf edəcək, dünya turistlərini öz möcüzəli, qədim məkanları ilə mat qoyacaq. Ən əsası, naxçıvanlıların uzun illərdir həsrətlə gözlədikləri Zəngəzur dəhlizi açılacaq və özlərinin də dediyi kimi “öz ölkəsinin şəhər və rayonlarına başqa xarici ölkələrdən keçməklərinə” son qoyulacaq.

 

Qeyd edək ki, Naxçıvandan hazırladığımız bundan əvvəlki reportajları aşağıdakı linklərdən izləyə bilərsiniz

https://musavat.com/news/deyisen-naxcivan-sirli-abideler-daima-serhed-kecmek-mecburiyyetinde-olanlar-fotolar_838949.html

https://musavat.com/news/emir-teymurun-14-il-ala-bilmediyi-naxcivanin-eyilmezlik-simvolu-elince-qalasindan-reportaj-fotolar_839440.html

https://musavat.com/news/nuh-turbesi-muqeddes-eshabi-kehf-mocuzeli-duzdag-naxcivandan-iii-reportaj-fotolar_839710.html

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR