Oktyabrın 21-22-də Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvana təşkil olunan mediatur çərçivəsində Naxçıvanın əyilməzlik simvolu olan Əlincə qalasında da olduq.
Öncə qeyd edək ki, qala Naxçıvanın Culfa rayonunun Əlincə və Xanəgah kəndləri ətrafındakı Əlincə dağının zirvəsində yerləşir. Qalanın yaxınlığından Naxçıvanın digər simvollarından biri olan İlanlı dağı aydın şəkildə görünür. O ilanlı dağ ki, rəvayətə görə Nuhun gəmisi vaxtilə bu dağda olub.
Beləliklə, qalaya yetişdikdə bizə məlum oldu ki, daşlı-qayalı sərt yoxuşu çıxmaq üçün ən azı 2 min pilləkəni geridə qoymalıyıq. Əlbəttə ki, bu da hər adamın işi deyil. Qala dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir.
Pilləkənləri qalxdıqca beynimizdə dolaşan suallar da artır: Qədim dövrdə bu pilləkənlər olmayıb, insanlar qalaya necə çıxıblar? Hər yoxuşu qalxdıqca yeni təmir-bərpa işlərinin şahidi oluruq. Bəs tikinti materialları bura hansı üsulla qaldırılıb? Görünür ki, qalanın bərpa işlərində xeyli insan zəhməti olub. Xatırladaq ki, bir neçə il öncə qalanın şərq və qərb darvazaları əvvəlki vəziyyətinə qaytarılıb, zirvəyə piyada yolu da məhz həmin zaman çəkilib. Bərpa işləri zamanı burada evlərin qalıqları, maddi mədəniyyət nümunələri, VII və sonrakı əsrlərə aid sikkələr aşkar edilib. Qalada qayalar üzərində çapılmış 8-dən artıq su hovuzu olub. Dərinliyi 5 metr olan belə hovuzlardan biri yenidən bərpa edilib. Həmçinin qalaya qalxdıqca insanların nəfəs dərməsi üçün müəyyən yerlədə skamyalar yerləşdirilib, elektrik xətləri çəkilib. Qayalıqların arasında qarşımıza tez-tez çox dadlı itburnu meyvələri olan kolluqlar çıxır.
Qala haqqında məlumata gəldikdə isə, əyilməzlik simvolu olan bu qala vaxtilə Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı olub. Atabəylər dövründə Əlincə qalasının müdafiə istehkamını gücləndirmək üçün burada su gölləri və qala bürcləri tikilib. Eldəniz hökmdarlarının xəzinəsi də bu qalada saxlanılıb. Əlincə 1387-1401-ci illərdə 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Bunun üçün qala yenilməz, igidlik, əyilməzlik simvoludur.
Qaladan ətraf kəndlərin birinə gizli yolun da olduğu ehtimal edilir.
Əlincə qalası qədim mənbələrdə "Erincik ", "Alancik", "Alınca" və digər adlarla qeyd olunur. Yazılı qaynaqlarda isə VI əsrdən etibarən xatırlanır. Ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Bəzi tədqiqatçılar qalanın təqribən 2 min il bundan əvvələ aid olduğunu bildirirlər.
Onu da qeyd edək ki, “Əlincə qala” Tarix-Mədəniyyət Muzeyinə giriş pulsuzdur. Muzeyin direktoru Kamal Gülmalıyev Musavat.com-a açıqlamasında bildirdi ki, muzeyi ildə təxminən 10 minə yaxın turist ziyarət edir:
“Əlincə qalası Naxçıvan MR-nın Ali məclis sədrinin 2014-cü il 11 fevral tarixli sərəncamı əsasında iki il ərzində bərpa olunub. Daha sonra turistlərin üzünə açılıb. Əlincə qalasına orta hesabla bir il ərzində 10 minə kimi turist gəlir. Bura yerli və əcnəbi turistləri daxildir. Onlar Naxçıvanın, Azərbaycanın tarixi haqqında ətraflı öyrənirlər.
Əlincə qalası başdan-başa bir tarixdir. Bizim eradan əvvəlki dövrlərdən istehkam, sığınacaq kimi istifadə olunub. Əmir Teymur 14 il ərzində Əlincə qalasını ala bilmədiyinə görə Əlincə qalası Azərbaycan Naxçıvan tarixinin əyilməzlik simvoluna çevrilmişdi.
Əlincənin tarixi bu mənada daha dərindən öyrənilir, öyrənilməlidir də. Çünki Əlincənin tarixi kökləri birbaşa Azərbaycan xalqının tarixi kökləri ilə bağlıdır. Bəli, muzeyə giriş pulsuzdur. Biz fikirləşirik ki, insanlar tarixi ödəniş əsasında öyrənməsələr də olar”.
Qalanın zirvəsinə doğru qalxdıqca qartalların qala üzərində süzməsini izləyirik. Bura həqiqətən çox böyük turistik məkandır. Xarici ölkələrdə adətən bu cür məkanlarda məşhur Hollivud filmləri çəkilir, turistləri cəlb etmək üçün ən müxtəlif vasitələrdən istifadə olunur. Ümid edirik ki, Əlincə qalasının turizm potensialından daha çox istifadə olunacaq və qala yaxın gələcəkdə turist axınına qərq olacaq. Hələlik isə, çox az sayda turistlər gözə dəyir.
Qeyd edək ki, Naxçıvana təşkil olunan mediaturun da məqsədi məhz Naxçıvanın turizm potensialını tanıtmaq, təbliğ etmək, daha çox turist cəlb etməkdir. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin aşağıdakıları dedi:
“Bu, Naxçıvana ilk səfərimiz deyil. Dövlət Turizm Agentliyi olaraq mütəmadi şəkildə burada olur və təcrübə mübadiləsi aparırıq. Elə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin də fəal iştirakı ilə təşkil edilən növbəti media-tur da bu mərama xidmət edir.
Diyarımızın böyük turizm potensialı var, bizim də əsas məqsədimiz o potensialı nəinki bütün Azərbaycana, dünyaya tanıtmaqdır.
Bu gün Dövlət Turizm Agentliyi təkcə turizm potensialını deyil, həmçinin mədəni irsi də araşdırır. Naxçıvanda YUNESKO-nun ilkin siyahısına düşəcək abidələr var”.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də Naxçıvanın turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biri olduğunu vurğulayıb:
“Naxçıvana Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas komanda heyətini gətirmişik ki, onların hər biri turizm ekspertləri kimi Naxçıvanı görsün və buradakı turizm xidmətlərini təcrübə edib, daha yaxından tanış olsunlar. Bununla yanaşı, Naxçıvanda olan həmkarlarımızla birlikdə müzakirə edək ki, Naxçıvanın turizm potensialını daha yüksək formada necə təbliğ edə bilərik. Həqiqətən də, Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, qısa bir zamanda burda olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Naxçıvanın yaşıllığı, ətrafının təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havasıdır”.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






