Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə oktyabrın 21-22-də Naxçıvana təşkil olunan mediatur çərçivəsində KİV nümayəndələri olaraq bu diyarın ən qədim abidələri və muzeyləri ilə yaxından tanış olduq.
Bundan əvvəl Naxçıvanda son illərdə yaradılan “Heydər Əliyev Muzeyi”, “Bayraq Meydanı” haqda, həmçinin Naxçıvan xanlarının iqamətgahı olan “Xan sarayı”, Azərbaycan qadınının möhtəşəmliyini bir daha nümayiş etdirən, Naxçıvanın siumvollarından biri – “Mömünə Xatun türbəsi”ndən, əyilməzlik simvolu olan “Əlincə qalası”ndan reportajlar təqdim etmişdik. Bu dəfəki reportajımızda isə mistik “Nuh Peyğəmbərin məzarüstü türbəsi”ndən, müqəddəs “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksindən və insanların min bir dərdə şəfa tapdıqları möcüzəli “Duzdağ” fizioterapiya mərkəzindən söz açacağıq.
Mistik “Nuh Peyğəmbərin məzarüstü türbəsi”...
Türbə Naxçıvan şəhərinin ərazisində, “Naxçıvanqala” muzeyinin yaxınlığında yerləşir. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib.
Türbəyə çatdıqda onun ətrafında bərpa-təmir işlərinin aparıldığının şahidi olduq. Abidənin arxasından şəhərə gözəl mənzərə açılır. Məhz bu görüntüdə bir daha şəhərin necə yenilənib, gözəlləşdiyinin şahidi oluruq. Uzaqdan isə “Ağrı dağı”nın ətəkləri görünür...
Türbəyə gəldikdə isə, qeyd edək ki, ta qədimdən insanlar burada Nuh peyğəmbərin dəfn olunduğuna inanır. Nuhun məzarı tapılmasa da onun bu ərazilərdə olması haqda mənbələrdə məlumatlar var. Məşhur “Nuh tufanı” əfsanəsinə görə Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəldib, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurub. Əfsanəyə görə səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa, ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağlarına toxunub keçib, Gəmiqayada quruya oturub. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad verib.
Rəvayətə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salıb. Gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.
Türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Onun hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi səkkiz guşəlidir. Türbənin özülü tapılarkən girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib.
Türbənin içərisində olarkən abidə ilə bağlı bir çox məlumatları da əldə etdik. Verilən məlumata görə hər il abidəni Avropadan, eləcə də İrandan, Türkiyədən olan xeyli sayda turistlər ziyarət edir. Lakin nədənsə türbədə təqdim olunan məlumatlar yalnız Azərbaycan dilində nümayiş olunur. Bu haqda sual verdikdə isə, abidənin direktoru cavab olaraq bildirdi ki, “xarici turistlər gəldikdə onlar üçün xüsusi tərcüməçi bələdçilər cəlb edilir”.
Türbədəki məlumatların birində qeyd edilib: “Rəvayətə görə Naxçıvan şəhərinin adı Nuhçıxan olub. Bəzi tarixçi və dilçilər "Naxçıvan" toponimimin etimoloji mənşəyini Nuh peyğəmbərin adı ilə bağlı olan “dünya tufanı” əfsanəsi ilə əlaqələndirərək, belə bur fikri irəli sürmüşdülər ki, Naxçıvan şəhərinin adı Nuh peyğəmbərlə bağlıdır”.
Bütün bunlar bir daha sübut edir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Azərbaycan Sovetlər ittifaqının tərkibinə keçdikdən sonra bu barədə məlumatları həm tarixlərdən, həm də insanların yaddaşlarından silməyə çalışmış, “Nuhçıxan” adını isə işlətməyi qadağan edilmiş, Nuhun məzarüstü abidəsi məhv edilmişdi. Bütün bunlara baxmayaraq insanlar hər zaman abidəni ziyarətgaha çeviriblər.
Xatırladaq ki, eramızdan əvvəl 6-cı minilliyə aid edən məzar-türbə 8 və 12-ci əsrlərdə, həmçinin 2008-ci ildə yenidən bərpa edilib.
İnsanların cənnət ağacı axtardığı, səliqə-sahman yaradılan müqəddəs “Əshabi-Kəhf” abidəsi
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi isə Naxçıvanın Culfa rayonunda yerləşir. Abidədəki qədim mağara Naxçıvanın ən qədim yurd olduğunu bir daha sübut edir.
“Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksinə daxil olarkən bizə bildirilir ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan yeddi gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta hər hansı digər ölkədə də olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Abidə dini turizm obyekti, zəvvarlıq mərkəzlərindən biridir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir.
Yerli Culfa camaatının dediyinə görə əvvəllər ziyarətgah bir qədər baxımsız olub. Belə ki, çox sayda kabab bişirilən yerlər, çayxanalar olub. Lakin sonrada məkanda tam səliqə-sahman, turistlərin rahat gediş-gəlişi üçün ən müxtəlif imkanlar yaradılıb.
Burada bir neçə metr hündürlükdə “Damcıxana yerləşir. “Damcıxına”da dilək diləməklə istəklərin yerinə yetirilib-yetirilməyəcəyini bilmək üçün tavandan daman sudur. Açıq salon şəklində olan həmin yerdə tavandan su damır. Maraqlıdır ki, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada damcı kəsilmir. Niyyət tutan insanlar və yaxud xəstələr damcının altında durur. Əgər damcı başa və ya çiyinə düşərsə inanca görə niyyətləri həyata keçər. Damcı düşməsə, deməli niyyət qəbul olmur.
Mağaranı ziyarət etmək, içinə daxil olmaq insanda çox möhtəşəm hisslər yaradır. Bələdçilərin dediyinə görə ziyarətçilər mağaraya qalxıb, orada arzu-niyyət tutub, 7 daşı üst-üstə qoyur. İnanca görə əgər daşları üst-üstə qoymaq mümkün olarsa, demək ki, dilənən arzular həyata keçəcək. Mağaranın ən uca zivəsində “Cənnət bağı” yerləşir. Məlumata görə əvvəllər bura çıxmaq müşkül məsələ imiş. Lakin sonradan dəmir pilləkənlər yaradılıb. Bununla belə ən yuxarı hissə yenə də sürüşkən və təhlükəli olaraq qalır.
Bura silindrik formalı, hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məqam duaların qəbul olduğu yer sayılır. Burada gündoğana doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır. Lakin çox nadir hallarda kimsə həmin ağacın yanına qalxa bilir. Bu səbəbdən bir çox ziyarətçilər burada qarşılarına çıxan kiçik dağdağan kollarına parçalar bağlayırlar.
Möcüzəli “Duzdağ”...
Naxçıvanda ziyarət etdiyimiz yerlərdən biri də “Duzdağ” Fizioterapiya Mərkəzi oldu. Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzi hesab edilir. 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi bu gün 500-ə yaxın yataq yeri və 50 tibbi heyət ilə dünyanın bir çox ölkələrindən gələn xəstələrə xidmət göstərir. Binanın birinci mərtəbəsində qeydiyyat, müayinə, təsərrüfat otaqları, bufet, ikinci mərtəbəsində isə baş həkim, tibb bacısı, iki ordinator otağı, mühasibatlıq, təsərrüfat müdiri və texniki işçilər üçün otaqlar var. Yeraltı şöbənin girişində fizioterapiya kabinəsi və laboratoriya yerləşir.
Dəniz səviyyəsindən 1 173 metr hündürlükdə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinin yeraltı şöbəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdədir. Burada bütün fəsillərdə havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Mərkəzdə bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinit xəstəlikləri müalicə olunur.
Lakin Duzdağın möcüzəli faydaları qədər əks təsirləri də var. Mərkəzdə çalışan allerqoloq Nizami Şahtaxtinskinin bu barədə “Musavat.com-a dedikləri: “Duzdağ kimi dünyada mağaralar çoxdur. Belə ki, Almaniyada, Ukraynada, Macarıstanda, Polşada, Çində bu cür mağaralar mövcuddur.
Bizim mağara allergik xəstəlikləri olanlara yaxşı təsir göstərir, bəlğəm gətirir, immuniteti bərkidir. Buranın temperaturu dəyişilməzdir – hər zaman 18+20 dərəcədir. Adətən qışda 18, yayda 20 dərəcə olur. Kimdəsə zob, bazidov, snekardiya, infarktdan əvvəlki dövr, mədə yarası, yaxud şəkər alergiya xəstəliyi varsa, bura olmaz, Duzdağ onlara pis təsir edə bilər”.
Həkimin dediyinə görə pandemiyadan əvvəl mərkəz ildə təxminən 3000-4000 arası pasiyent qəbul edib: “Dünyanın 20 ölkəsindən bura pasiyent gəlib. Xəstənin qalma müddəti fərqlidir. 10 yaşına qədər uşaqlar günorta 4-5 saat olmaqla 8-12 günə kimi qalır, 11 yaşından yuxarılar isə axşamı burada gecələyirlər.
Bizim müalicə elmdə speleoterapiya adlanır. Speleo- mağara, terapiya isə müalicə deməkdir. Əgər ehtiyac olarsa, döş qəfəsinin masajı, müalicə-gimnastika da edilir, bəzi dərmanlar təyin edilir.
Kimdəsə mövsümü xəstəlik vardırsa, (polinoz) onların həmin mövsümdən 15-20 gün əvvəl gəlməsi məsləhətdir. 3 yaşına qədər uşaqların bura gəlməsi qadağandır”.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com






