İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəyişən Naxçıvan, sirli abidələr, daima sərhəd keçmək məcburiyyətində olanlar- Fotolar 

2146 23.10.2021 14:37 Reportaj A A

Oktyabrın 21-22-də Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə bir qrup jurnalist Naxçıvanda mediatur səfərində olduq. Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi ilə bağlıdır.

Əksər həmkarlarım, elə mənim üçün də bu ilk səfər idi. Bu səbəbdən yalnız televiziya ekranlarında, fotolarda gördüyümüz, o torpaqda böyüyüb, ərsəyə gələn insanların dilindən eşitdiyimiz, uzun illər blokada şəraitində qəhrəmancasına yaşayıb, inkişaf edən Naxçıvanı ziyarət etməyi səbirsizliklə gözləyirdik. Həm də ilk dəfə olaraq qədim yurda Ermənistanın üzərindən uçaraq yetişəcəyimizin həyəcanını yaşayırdıq.

İran, yoxsa Ermənistan üzərindən?

Məlum olduğu kimi, pandemiya ilə əlaqədar digər alternativ nəqliyyat vasitələri olmadığı üçün Naxçıvan istiqamətinə yalnız uçuşlar həyata keçirilir. Məlumata görə bəzi hallarda intensivlik o həddə çatır ki, gün ərzində hətta 8 reys həyata keçirilə bilir. Bu ilin oktyabr ayının 6-na qədər uçuşlar İran üzərindən baş tuturdu. Bu uçuşun məsafəsi 421 km, müddəti 1 saat 10 dəqiqədir. Lakin oktyabrın 6-da Azərbaycan Hava Yolları Dövlət Şirkəti (AZAL) açıqlama yaydı ki, artıq Ermənistan üzərindən də uçuşlar həyata keçiriləcək. Ermənistan üzərindən məsafə 50 km qısalaraq 371 km, müddət isə 10 dəqiqə azalaraq 1 saat təşkil edir ki, bu da həm yanacağa, həm də vaxta qənaət deməkdir.

Naxçıvana ilk dəfə Ermənistan üzərindən keçib, gedəcəyimizi düşünsək də, təyyarədə bizə məlumat verildi ki, uçuş üçün İran istiqaməti seçiləcək. Beləliklə, 1 saat 10 dəqiqədən sonra mediatur iştirakçıları olaraq Naxçıvana yetişdik.

Bir neçə ilə təəccübləndirəcək dərəcədə sürətlə dəyişən şəhər, təmiz və səliqəli küçələr, qanunlara riayət edən sakinlər...

Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtı, ən qədim Azərbaycan yurdudur. Şəhər 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunub. Son illərdə şəhərdə xeyli quruculuq, abadlıq işləri aparılıb, yeni binalar, mehmanxanalar tikilib, istirahət mərkəzləri açılıb, muzeylərdə, qədim abidələrin ətrafında təmir, bərpa işləri görülüb.

Elə mediatur iştirakçıları olaraq qaldığımız "Saat meydanı" turist istirahət mərkəzi də yeni açılan bu cür məkanlardan biridir. Gülərüz personal, qənaəetdici xidmət, yaradılmış səliqə-səhman çox secindiricidir. Demək ki, Naxçıvan yetərli səviyyədə turistləri qarşılamağa hazırdır. Burada həm yerli, həm də xarici turistlər nəzərə alınaraq,

Naxçıvan mətbəxi ilə yanaşı Türkiyə, gürcü, yapon, ingilis mətbəxləri təqdim olunan ayrıca restoranlar var.

Mediaturumuzun ilk gəzintisi şəhərin mərkəzində yerləşən "Heydər Əliyev" muzeyindən başladı. Jurnalistlərə məlumat verilərək bildirildi ki, muzey 1999-cu ildə yaradılıb. Burada mərhum Prezident Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Həmçinin ən müasir formada yaradılan muzeydə Heydər Əliyevə məxsus şəxsi əşyalar nümayiş olunur.

Bildirildi ki, ümumilikdə muzeydə 4536 eksponat var. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.

Muzeyi ziyarət etdikdən sonra marşrutumuz şəhərin digər mərkəzində yaradılmış "Bayraq meydanı" istiqamətinə oldu.

Şəhər ilə çox qısa tanışlığımız olsa da artıq bizdə böyük təəssüratlar yaranmışdı. Təmiz və səliqəli küçələr, rahat abad yollar, yeni tikilən binalar, salınan yaşıllıq, yeni əkilən ağaclar... Bundan əvvəl Naxçıvanda yaşamış bir neçə həmkarlarımız illərdən sonra şəhərin bu cür sürətlə dəyişməsinə təəcüb edirdilər. "Naxçıvan necə dəyişib, inanmaq olmur", "Naxçıvanın əvvəlki vəziyyəti ilə indiki görünüşü tamamilə dəyişib", "şəhərin belə tezliklə dəyişəcəyinə inana bilməzdik", kimi fikirlər səsləndirirdilər. Bütün bunlar əlbəttə ki, böyük zövq verir. Naxçıvanlılar uzun illər blokada şəraitində yaşamaqlarına baxmayaraq, qəhrəman kimi öz yurdlarında qalıb, buranı inkişaf etdirməyə nail olublar.

Səliqə-səhman təkcə küçələrdə, yollarda deyil, həm də qayda-qanunlarda da yaradılıb. Sakinlərlə ünsiyyətdən müşahidə etdik ki, onlar yaradılan bütün-qayda qanunlara riayət etməyi özlərinə borc bilir. Bu davranış bütün sahələrdə öz əksini tapır - səhiyyədə, təhsildə də, yollarda, iş-gücdə də.

İllər öncə Naxçıvanda təhsil almış həmkarımız Rufik İsmayılovun bu haqda dedikləri:
"2005-2007-ci illərdə Naxçıvan şəhərində magistratura təhsili almışam. Həmin zamanlar həmçinin paralel olaraq burada "Şərq qapısı" qəzetində işləyirdim. Demək olar ki, Naxçıvanın hər qarışına bələdəm.

13 ildən sonra yenidən bu torpağa qayıtmaq imkanı qazandım. Əvvəlki illərlə indiki vəziyyəti müqayisə edəndə Naxçıvanın çox gözəlləşdiyini gördüm. Buradakı səliqə-səhman, sabitlik, sakitlik, yaradılan hər nə varsa insanın gözünü, ruhunu oxşayır".

Bayraq meydanı

Beləliklə Naxçıvan səfəri çərçivəsində ziyarət etdiyimiz ikinci məkan "Dövlət Bayrağı Muzeyi" oldu. Bu muzey də şəhərdə son illərdə yaradılan tikililərdən biridir.

Jurnalistlərə məlumat verilərək bildirildi ki, muzey 2014-cü ildə yaradılıb. Muzey Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr. eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir.

Burada mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan" Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib. Ali Məclisin Sədri Azərbaycan Respublikasının dövlət himninin mətninin və dövlət gerbinin təsvir olunduğu xatirə hədiyyələrini muzeyə təqdim edib.

Gözləri çıxarılmış Kəlbəli xanın sarayı

Adətən xan sarayı deyəndə ağlımıza iık gələn Şəki Xan sarayı olur. Lakin Naxçıvanda bu günə qədər qorunub saxlanılan möhtəşəm Xan sarayı var.

Bizə verilən məlumata görə Xan sarayı 18-ci əsrdə Naxçıvan xanları arasında ən qüdrətli xan olmuş Kəlbəli xan tərəfindən yaradılıb. Kəlbəli xan Rusiyaya meyl etdiyi üçün Tehranda Qacar şah tərəfindən gözləri çıxarılmışdı. Buna baxmayaraq xan 25 il xanlığı çox gözəl şəkildə idarə edib.

Beləliklə, Naxçıvan Xan sarayı XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub.

Xan sarayı uzun müddət baxımsız vəziyyətdə olub.1998-ci ildən isə saray Naxçıvan Xalça Muzeyi kimi fəaliyyət göstərib. Lakin 2015-ci ildən "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərməyə başlayıb.

Muzeyin 9 ekspozisiya zalı var. Burada 2000-ə yaxın eksponat yerləşdirilib ki, onlardan 236-sı muzeydə nümayiş etdirilir. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi mövcuddur. Birinci mərtəbədə iş otaqları, fond, təsərrüfat otağı və digər yardımçı sahələr, ikinci mərtəbədə 8, üçüncü mərtəbədə isə 1 sərgi-ekspozisiya salonu fəaliyyət göstərir.

Xan sarayının cənub zalı daha dəbdəbəlidir. Naxçıvan xanlığı ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşdirilib, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının qərargahı buraya köçürülüb. Çox sevindirici haldır ki, Naxçıvan son illərdə öz tarixi abidələrinə sahib çıxmağı bacarıb.

“Xan Sarayı” Dövlət Tarix-­Memarlıq Muzeyinin direktoru Nəzakət Əsədova saray və İrəvan xanlığı haqda çox maraqlı məlumatları diqqətimizə çatdırdı:

"Ümumiyyətlə, Naxçıvan xanlığı Azərbaycan tarixində mühüm yer tutur. Bu xanlıq Azərbaycan sərhədlərinin, torpaqlarının qorunmasında, müdafiəsində təkbaşına böyük mübarizə göstərib. Hətta bildiyiniz kimi Şah Qacar Kəlbəli xanın gözlərini çıxartdırmışdı, səbəb onun Rusiya meyilli olması idi. Həmin vaxtlar Azərbaycan uğrunda İran ilə Rusiya arasında böyük mübarizə gedirdi.

Kor edilməsinə baxmayaraq, Kəlbəli xan öz intuisiyası ilə xanlığı çox peşəkar idarə etdi və ermənilərin burada çox məskunlaşmasına imkan vermədi. Məlum olduğu kimi Türkmənçay müqaviləsindən sonra Azərbaycana köçürülən ermənilərin demək olar ki, yarısı İrəvana yerləşdirilmişdi. Lakin Kəlbəli xanın uzaqgörən siyasəti, manevrlər nəticəsində köçürülən ermənilər burada tam məskunlaşmadılar.

Beləliklə, gözləri kor edilsə də, Kəlbəli xan öz iradəsindən dönmür və Naxçıvanı, xanlığı qoruyub saxlayır. Məhz bunun nəticəsidir ki, bu gün Naxçıvan ayaq üstədir. İndiki nəsil də məhz həmin mübariz soyun davamçılarıdır ki, 90-cı illərin əvvəllərindən etibarən öz gücü, mübarizliyi sayəsində bu torpaqları qoruyub, saxlayır".
Nəzakət Əsədova həmçinin qeyd etdi ki, muzeyin yeni maraqlı eksponatlarla, eləcə də arxiv sənədləri ilə zənginləşdirilməsi üçün daim işlər görülür:
"İrəvan xanlığının o dövrdə əlaqədə olduğu dövlətlərin, o cümlədən Rusiya arxivlərindən əldə edilməsi mümkün olan sənədlərin surətləri gətirilərək muzeyin fonduna daxil edilir".

Azərbaycanda qadına verilən dəyərin ən böyük nümunəsi - Mömünə xatun türbəsi...

Naxçıvan şəhərinin simvollarından biri - məşhur Mömünə Xatun türbəsi 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə inşa olunub. Bu, Şərqdə qadına yaradılan ilk türbədir. Bu türbə həm də Azərbaycanda qadına verilən böyük dəyərin nümunəsidir.
Xatırladaq ki, türbə memar Əcəmi tərəfindən yaradılıb. Türbə öz əzəmətini, möhtəşəmliyini bu günə qədər qoruyub, saxlaya bilib.

Bələdçilər bildirdi ki, türbənin ümumi hündürlüyü 34 m olub. Lakin sonralar onun 8 m hündürlükdə olan xarici örtüyü dağılıb.

Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildədir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılıb. Sərdabədə kimlərin uyuduğuna gəldikdə isə, bu sirr olaraq qalır. Çünki sərdabəni açmaq, orada araşdırmalar aparmaq türbənin məhv olması deməkdir.

Naxçıvanı ziyarət edən turistlər mütləq şəkildə bu türbəyə gəlir, Azərbaycan qadınının əzəməti ilə bir daha tanış olurlar.

Qeyd edək ki, Naxçıvana iki günlük səfərimiz zamanı demək olar ki, bütün tarixi abidələr və muzeyləri ziyarət etməyə çalışdıq. Onların arasında “Naxçıvanqala” tarix-memarlıq muzey kompleksi, “Nuh peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, Batabat yaylağı, Ağbulaq kənd turizm-istirahət bölgəsi, “Duzdağ” fizioterapiya mərkəzi var.

Onlarla bağlı təəssüratlarımız sonrakı reportajlarda...

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR