İnsanlara hürriyət, millətlərə istiqlal!

Utanırıq… Əllərimiz duaya çatır…

2037 09.02.2023 11:57 Yazarlar A A

Söylənilən 72 saatlıq kritik zaman keçdi...Amma ümidlər üzülməyib. İlk zəlzələnin 76-cı saatında Qaziantepdəki 8 mərtəbəli binanın dağıntıları altından 3 nəfərin sağ çıxarılması ümidləri artırır. Gecənin 10 dərəcəlik şaxtasında, ac-susuz, beton qalıqlar altında...Nələr çəkib o insanlar?..Hələ o məsum körpələr, uşaqlar, yeniyetmələr...Adıyamanda dağıntıların cəngindən qurtarılan 6 yaşlı Ahmet Erdemin “saqqız istiyorum”-səslənməsi. Başqa bir körpənin xilasedicilərə “siz evimizə nasıl girdiniz” soruşması...

Film səhnələri...Amma nə aktyoru var, nə rejissoru, nə ssenarisi. Neçə günlərdir kimsənin yadına düşmür telekanallardakı ən ünlü seriallar, dizilər, hər kəs qardaş Türkiyədəki film kimi səhnələri izləyir, ürəyinin yağını əridərək, gözlərindən yaş tökərək. Bu günlərdə hər birimiz eyni durumdayıq. Deyirik baxmaq olmur, baxa bilmirik, amma ardınca yenə də kanalları bir-bir arayıb, “görək neçə nəfər xilas edilib”-müjdəsi ilə gözlərimizi dikirik ekrana...

 Türkiyəli professor Kərəm Karabulutun sosial mediadakı statusunu oxudum. Kövrəltdi:

“MİLLETİME SESLENİYORUM!

NE OLUR BU ACIDAN DA ÖTEKİLİK TÜRETMEYELİM.

BAŞTA AZERBAYCAN OLMAK ÜZERE DÜNYANIN HER YERİNDEN TANIDIKLARIMIZ İÇLERİNİN KANADIĞINI VE BİZLER İÇİN NE YAPABİLEKLERİNİ SORUYORLAR. BUNUN ANLAMI BİZİM ACIMIZ İNSANLIĞI BİRLEŞTİRMİŞTİR. BİZ DE ACIMIZI BİRLİKTE YAŞIYORUZ. BUNDAN SONRA BİRLİK VE BERABERLİK İÇİNDE ÖNCE KENDİ ÜLKEMİZ SONRA DA TÜM İNSANLIK İÇİN;

AYRIM YAPMAZSAK,

KUL HAKKI YEMEZSEK,

İNSAN AYIRMAZSAK,

HAKSIZLIK YAPMAZSAK,

ADALETLİ OLURSAK,

İLMİN VE BİLİMİN GEREĞİNİ YAPARSAK,

KANUN DEVLETİ OLUSAK,

YARALARIMIZ İYİLEŞECEKTİR. YOKSA GİDEN BU CANLARIMIZIN ELİ KALANLARIN YAKASINDA OLUR. NİYE DERS ALMIYORSUNUZ DİYE!”

Iğdırlı hocamızın “BAŞDA AZERBAYCAN...” deyə, səslənişi həm də qürurlandırdı. Bəli, bu günlər Azərbaycanın ürəyi həm də Türkiyədə, Hatayda, Qaziantepdə, Kahramanmaraşda, Şanlıurfada...ümumən dəhşətli fəlakətə ünvan olan 10 şəhərdə döyünür! Türkiyəmiz də eyni həssaslıq göstərərdi, Allah eləməmiş bənzər hadisə burda yaşansaydı...44 günlük Vətən müharibəsindən öncə, savaş zamanı və sonrakı dönəmləri göz önünə gətirmək kifayətdir...Dövlət başçısından, sıravi vətəndaşına, media mənsubunadək hər bir türk qardaşımızı Azərbaycanın yanında gördük. Gecənin bir yarısında Gəncənin bombardman edilməsindən sonra “küçücük bir cocuq, əlimlə toxundum”-deyərək günahsız insanlarımızın qətli ilə bağlı həqiqətləri dünyaya yayan Fulya Öztürk bu günlərdə Türkiyənin zəlzələ bölgəsində, təbii fəlakətin qurbanlarından reportajlar hazırlayır...Azərbaycanlı media mənsubları da hadisə yerindədir...

Xilasedicilərimizin xilas etdiyi insanların sayı 37-yə çatıb bu anadək! Dövlət başçımızın tapşırığı ilə xilasedicilər, həkimlər briqadası, könüllülər hadisə yerində, 24 saat çalışır, yardım göndərilir...

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən “Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”-deməsi hər birimizi ürəyindən keçən mövqedir. Təsadüfi deyil ki, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Azərbaycan başda olmaqla” yardım edən bütün ölkələrə təşəkkürünü bildirdi.

 Çanaqqalaya səfərimiz zamanı uzaqda bizləri görən polis əməkdaşlarından zəfər təbriki aldığımız o anları unutmayacağam heç vaxt. 1915-ci ildə Azərbaycan oğullarının da döyüşərək şəhid olduğu Çanaqqalada bu həssaslığı görmək xoş olduğu qədər də təbii idi, qardaşlar dar günün sınaqlarından keçiblər. Odur ki, yenilik deyil bizimçün...Bu, bir vəfa borcudur, təşəkkür gözləmədən yardıma tələsir hər bir azərbaycanlı...Dünəndən hamı köhnə sovet “07” markalı “Jiquli”si ilə yardıma tələsən Sərvər qardaşımızdan danışır hamı...Amma kim bilir, nə qədər belə tanınmayan fədakarlar var...Bəlkə də təsadüfdür, amma Bakıdakı Zəfər paradında Rəcəb Tayyib Ərdoğan "Ay Laçın, can Laçın, can sənə qurban Laçın"-söyləmişdi... Sərvər 31 ildir doğma Laçınından didərgin düşmüş bir qardaşımızdır...Bir ölkənin lideri sənin yurduna "CAN" deyirsə, sən necə ona varını əsirgəyə bilərsən? Üstəlik, "Bir bədəndə iki can: Türkiyə-Azərbaycan"dırsa...

Türkiyənin məşhur “Eşkiya dünyaya hükümdar olmaz” serialının ulduzu Oktay Kaynarca necə də doğru ifadə edib: “Azərbaycan da daxil olmaqla hər kəs zəlzələ bölgəsində olanlar qədər əziyyət çəkir, ürəkləri onlarla döyünür, yeməkdən, isti yataqdan, isinməkdən utanırlar”. Eynən. Qalın paltar geyinəndə, isti yemək yeyəndə zəlzələnin dağıntıları altında ölüm-qalım mücadiləsi aparan qardaş-bacılarımız gəlir gözlərimiz qarşısına...Gözlərimizin yaşı süzülür qarşımızdakı isti şorbamıza...Utanırıq...Əlimiz heç yerə çatmır, beton layların altından yardım üçün uzanan əlləri tuta bilmədiyimizə görə utanırıq. Hər birimiz yardıma getmək istəyirik...Gecə yatmağa belə utanırıq. Yatarkən üstünü açmış uşağın üzərinə yorğanı çəkəndə də gözlərimiz önünə dağıntılar altından xilas edilərkən “üşüyürəm” deyə, titrəyən məsum cocuqlar gəlir...Utanırıq, əllərimiz duaya çatır, Tanrıya uzalı qalıb...

Azərbaycanın hər yerində “Yanındayıq, Türkiyə” deyən insanlar yardıma tələsir...31 ildir blokadada əziyyətlər çəkən, insanları çörək ardınca Türkiyəyə axışan Naxçıvan Muxtar Respublikasından ilk TIR-lar yola salındı. Paytaxt Bakıdan göndərilən yardım maşınlarının sayı 30-a çatır, müxtəlif ünvanlarda yardımlar toplanır. Qazax, Gəncə (Vətən savaşı dönəmində F-16-ların məskəni olmuş bölgə), Tovuz – Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə Tovuza təcavüzə necə sərt xəbərdarlıqlar reaksiya verdiyi tarixə həkk olunub – Quba, Qusar, Lənkəran, Zaqatala, Qax, Mingəçevir...Bütün Azərbaycan!

Bir az əvvəl Yardımlıdan şair İqbal Nəhmət zəng etdi: “Bəy, 2 maşın yardım geyim, yataq dəstləri gətiririk. Amma topladığımız pula ərzaq almaq istəyirik, nə məsləhət görürsünüz?” Duğulandım, qəhərləndim! Bu, heç yerdə işləməyən, özünün yarızarafat, yarıgerçək dediyi kimi, “nənəsinin pensiyası ilə dolanan” insandır!” Bir neçə gün idi ki, Yardımlıdan bir qrup şəhid ataları, qazilər, həmçinin elə İqbal Nəhmət Bakıda qapıları döyürdülər, ziyalı, deputat, məmurlarla görüşdülər: “Yardımlıya yardım lazımdır”-dedilər...Amma Türkiyədəki dəhşətli zəlzələdən sonra öz dərdləri yaddan çıxdı və qardaş ölkəyə yardım üçün səfərbər olundular. Yeri gəlmişkən, Yardımlıda çoxları bilmir ki, elə zəlzələ bölgəsində, Şanlı Urfa-Harran tərəflərdə bir qəsəbə var – Yardımlı! O qəsəbə dağılıbmı, salamatdırmı, bilmirik...Bu gün bütün Türkiyə üçün, Türk insanı üçün əllərimiz havadadır: Allah yar və yardımçınız olsun, qardaşlar!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR