İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST pandemiyanın ləğvinə hazırlaşır, Azərbaycanda isə yoluxma artır...

670 07.07.2022 10:20 Səhiyyə A A

“Yoluxmaların sayında artım olsa da hazırda ölkəmizdə vəziyyət qənaətbəxşdir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ilin axırında COVİD-19 pandemiyasının ləğvini elan edə bilər. Bu barədə təşkilatın rəsmisi bildirib. Azərbaycanda isə son statistikaya görə koronavirusa daha 69 yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb. Yoluxanların sayı çox olmasa da, hər gün yavaş-yavaş artması ilə, yəni artan dinamikası ilə diqqət çəkir. Bu minvalla yoluxma sayı 3 rəqəmliyə keçə bilərmi və hazırda ölkəmizdə hansı ştamm dominantlıq edir - omikron, yoxsa?..

İnfeksionist Nicat Əzimli “Yeni Müsavat”a bildirdi ki, yoluxmaların sayında artım olsa da hazırda Azərbaycanda vəziyyət qənaətbəxşdir: “Dünyada 6-cı dalğa kimi qiymətləndirilən nəzərəçarpan artım müşahidə olunmaqdadır. Bu da yay mövsümü ilə əlaqələndirilir. İnsanların sıx səyahət etməsi, qadağaların da aradan götürülməsi yoluxmaların artımına şərait yaradır. Lakin qarşıdan payız mövsümü gəlir və payızda da digər müxtəlif faktorların təsiri nəticəsində bu artım davam edə bilər. Hazırda yeni bir ştamm haqqında məlumat yoxdur. Son dövrlərdə yayılan artımın omikron variantı və ondan öncəkilərlə bağlı olduğu düşünülür. Ümid edirik ki, vəziyyət indiki kimi idarəolunan dərəcədə qalmaqda davam edər”.

667837392cf5860d470bb16d987860aa5c333c381a3e2.jpg

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev təsdiq edir ki, müəyyən artım müşahidə olunur: “Əsas səbəblər immunitetin aşağı düşməsi, xəstəliyə həssaslığın artmasıdır. Yay fəslində artım qeydə alınsa da, sürətli olacağı ehtimalı aşağıdır. Payız fəslində yoluxma dinamikası yüksək ola bilər, amma əvvəlki dövrlə müqayisədə nəzərəçarpan dərəcədə olmayacaq çünki kollketiv immunitet formalaşıb. Yoluxma artsa belə, birdən-birə olmayacaq, tədricən olacaq. Yoluxanlar isə xəstəliyi yüngül keçirəcəklər”.

Zamirə Ədilova | Banker.az

 Zamirə Ədilova

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova  son günlər Avropa ölkələrində, eləcə də Azərbaycanda koronavirusa yoluxma sayında artım müşahidə edildiyini bildirmişdi: "Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir. Artım ikirəqəmlidir. Yoluxanlarla, sağalanların sayı demək olar ki, eynidir. Hazırda TƏBİB-in tabeliyindəki Məhəmmədli modul tipli xəstəxanasında vəziyyətləri nisbətən ağır olan 13 nəfər stasionar müalicə alır. Onlardan 2 nəfər reanimasiyadadır. Yüngül simptomlu koronaviruslu xəstələr isə ambulator müalicə alırlar".

Son açıqlanan məlumata görə, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 793 388 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 218 nəfərdir.

Qeyd edək ki, Gürcüstan isə koronavirusa yoluxma halları yenidən artır. Payız ölkədə koronavirusa yoluxma hallarının artımında pik nöqtəsi olacaq. Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru, professor Tenqiz Çerçvadzenin sözlərinə görə, son zamanlar Gürcüstanda da koronavirusa yeni yoluxma hallarında əhəmiyyətli artım müşahidə olunur: “Əvvəllər gündə orta hesabla 100 yeni yoluxma halı qeydə alınırdısa, indi bu rəqəm 700-ə çatıb. Yoluxanların da böyük əksəriyyəti, xüsusilə xaricə səyahət edən insanlardır. İndi də yay, yəni aktiv turizm mövsümüdür və biz payızda COVİD-ə yoluxma hallarının artacağını gözləyirik. Biz hamımız COVİD pandemiyası şəraitində təhlükəsiz yaşamağı və işləməyi öyrənməliyik. Bütün COVİD klinikalarına və ”onlayn" klinikalara lazımi göstəriş olduqda remdesivir və ya paxloviddən vaxtında istifadə etmək tövsiyə olunur. Bununla da biz minlərlə COVİD xəstəsinin həyatını xilas etmiş olacağıq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR