İnsanlara hürriyət, millətlərə istiqlal!

Unudulmayan, unudulmayacaq 4 iyun və "KAŞ Kİ"lər

6003 04.06.2015 03:13 Yazarlar A A


22 il keçdi... 4 iyun qiyamı təcrübəsiz və iqtidarın nə demək olduğunu bilməyən, lakin təpədən dırnağa qədər milli və Azərbaycanı canından çox sevən vətənpərvərlərin komandasını iqtidardan düşürdü. Onlar Azərbaycan uğrunda ölümə hazırkən; istiqlalımız üçün ölümünə bir savaş verərkən, ruslar-ermənilər və milli xainlərlə döyüşərkən qəfildən, özləri də gözləmədən iqtidar olmuşdular...

Duruş gətirsəydilər, iqtidarın da elə vətən demək olduğunu qəbullanıb, onun da uğrunda ölümünə savaşsaydılar, indi Azərbaycan tam fərqli olacaqdı. Həm də təkcə Şimali Azərbaycan deyil, Azərbaycan deyilən və deyilmiş hər yer fərqli olacaqdı...

Olmadı. Mən indi, müxalifətimizi təşkil edən bu komandanın "CV"-sinə baxıb, niyə olmadığını, şəriksiz və xalqdan dəstəklənən hakimiyyətlərini bir ovuc çapovulçuya niyə qeyb etdirdiklərini anlayıram... Mən indi Elçibəyin niyə Heydər Əliyevi köməyə çağırdığını, onun sonradan etdiklərini niyə özünün etmədiyini, edə bilmədiyini, niyə iqtidarı və komanda yoldaşlarını bir gecə tərk edib, Kələkiyə getdiyini, hətta açıq desək, qaçdığını ...anlayıram...

Həbsdə olanda, 2004-ün bu təqvimində kamera yoldaşım, 7.5 kvadratmetrlik hücrəni mənimlə paylaşan sabiq baş nazirimiz Pənah Hüseyni ehtiyatla qınamışdım... Üzünə demişdim ki, ay... niyə verdiz bə, o gözəlim iqtidarı...

Cavabında, Pənah Hüseyn, özünün və komandasının ünvanına mənim indi də deməyə ürək etmədiyim o cür kəskin ifadə və ittihamlar söylədi ki...

Susdum...

İndi də çox şeydə susuram.

Ona görə yox ki, xalqın hakimiyyətini heç bir ciddi əsas olmadan Heydər Əliyevə və qiyamçı Surət Hüseynova təslim edənlərdən biriləri, onların gənc, həmin olaylar qədər yaşı olan tərəfdarları palçıq vedrələri ilə Facebookda növbə tutublar... Mənə belə şeylər "vız" gəlir.

Ona görə ki, ölkənin bu günündəki və gələcəyindəki demokratiya şansları hələ də Elçibəyin hazırda pərakəndə, bəzi hallarda bir-birinə qarşı savaşan komanda arkadaşlarına bağlıdır. Onların əvəzi gəlmədi. Gəlmir. Yəqin gəlməyəcək də.
Nə qədər zəif olsalar da, ölkənin bütün siyasi həyatı onlara istinadən mövcuddur. Daxili proseslər, xarici amillər - hesab dönən hər bir şeydə onlar var... Açıq görünür ki, onlar missiya daşıyıcılarıdır. Və o missiya bitməyib. Və Allah, onlara verilmiş iqtidarı əsassız və gülünc bir şəkildə əldən verməyin cəzasını bu cür çəkdirir, başa salır... Xalqın iqtidarının da qan və can bahasına qorunmalı olan vətən parçası olduğunu indi onlardan hər biri anlayır. Allah bunları boşunamı edir, sanırsınız...

Demirəm ki, onlar 2018-də iqtidar olacaqlar. Onlar indi heç müxalifət də deyillər - o zamana daha bərbad durumda olacaqlar. Bu komandanın bir də o şəkildə, bütöv olaraq nə hakimiyyətdə, nə də müxalifətdə təmsil olunması mümkünsüz. 

Lakin onların içərisindən biri, ya da bir neçəsi bu yolu sonuna qədər gedəcək, bəlkə 5 il, bəlkə 10 il sonra ölkənin rəhbəri seçiləcək. Belə bir şans qalır...

Çoxları o zaman həyatda olmayacaq. Lakin Azərbaycan "cəhənnəmdən" dönmüş o yaşlı adamla daha da güclü olacaq, daha da böyüyəcək.

Mən güclü və BÖYÜK AZƏBAYCAN üçün, o yaşlı adamın missiyası üçün daha 8-10 il 4 iyunla bağlı susmağa hazıram...

****

Amma kaş ki, indi fantastik janrda yazdığım bu status da heç olmayaydı. Kaş ki, 4 iyun qiyamı həmin ilin fevralında qiyama cəhd edən eyni qrupun uğursuz təşəbbüsü kimi tarixin bir küncündəcə unudulaydı...
Kaş ki, 22 il öncə, 27 yaşında dəstəkçisi olduğum o zamankı iqtidarın düşmə tarixi ilə bağlı mən də 49 yaşımda yazı yazdığıma, daha vacib dövlət işləri ilə məşğul olma şansını daşıyaydım.

Yenə də , Allah bilən məsləhətdir və doğrudur... (İnanclılar üçün, ateistlər alınmasın – Müəllif)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR