İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın işğalından sonra əsas HƏDƏFLƏR – ŞƏRH + XƏRİTƏ

892 28.02.2024 12:51 Gündəm A A

Son dövrlər Avropa ölkələrində Ukraynaya fərqli münasibət sərgiləndiyinin şahidi oluruq. Ayrı-ayrı siyasətçilər miqrant axınından, ukraynalı qaçqınların çoxluğundan, Ukraynaya edilən hərbi və maddi yardımların iqtisadiyyata vurduğu ziyandan gileylənirlər. Polşada isə dəmiryol vağzalında naməlum şəxslər Ukraynadan gətirilən 160 ton taxılı yerə töküblər. Polşa qatar stansiyalarında artıq dördüncü dəfə baş verən bu vandalizm hadisəsi də əslində Ukraynaya etirazın daha bir nümunəsi kimi qiymətləndirilir.

Nə baş verir? Avropa artıq müharibədən, Ukraynaya edilən hərbi-siyasi-iqtisadi yardımlardan bezib? Hadisələrin bu qaydada cərəyan etməsi perspektivdə nə vəd edir?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, bu cür hallar ümumi Avropaya şamil edilmir.

Onun sözlərinə görə, belə situativ hadisələr Avropanın Ukraynaya yardımını dayandıracağına əsas vermir: “Avropada bəzi kənd təsərrüfatı ilə məşğul olan fermerlər bazarlarda məhsullarını sata bilmirlər. Onlar isə bu məsələdə günahkarı eyni məhsulu gətirdikləri ölkədə görürlər. Ukraynadan gətirilən taxılın yerə tökülməsi də buna misaldır. Qərbdə az-çox siyasəti dərk edən insanlar Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynada Rusiyaya qarşı döyüşməli olduqlarını bilirlər. Onlar Ukraynanın məğlubiyyəti ilə yaranacaq problemləri yaxşı başa düşürlər. Aydındır ki, Rusiya qalib gələrsə, Avropa ölkələrinin qapısını döyəcək və onlar döyüşmək məcburiyyətində qalacaqlar. Məhz bu məsələ Qərbi Ukraynaya yardıma sövq edir”.

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi birbaşa Avropanın taleyini həll edir: “Münxen Təhlükəsizlik Konfransında da Ukraynanın Avropanın təhlükəsizlik arxitekturası olması etiraf edildi. Bu toplantıda əsas mövzu məhz Rusiya-Ukrayna məsələsi idi. Ona görə də, Ukrayna təhlükəsizliyinin Avropa ilə birbaşa əlaqəli olduğunu əminliklə söyləmək olar. Böyük Britaniya, həmçinin Avropanın İtaliya, Fransa kimi aparıcı ölkələri Ukrayna ilə uzunmüddətli təhlükəsizliyin təmin edilməsinə dair saziş imzaladılar. Yəni, Ukrayna NATO-ya daxil olana qədər ona yardımlar davam edəcək. Rusiyanın maliyyələşdirdiyi media qurumlarını da nəzərə almaq lazımdır. Onlar bundan sui-istifadə edərək, dezinformasiya yayırlar. Bu da cəmiyyətdə çaxnaşma yaradır. Biz rusiyayönümlü Qərb mətbuatının dediklərinə inanmamalıyıq. Əgər belə bir hal olsa idi, Rusiya çoxdan Kiyev də daxil olmaqla, Lvova qədər irəliləmişdi. Rusiya Ukraynaya məxsus kiçik Avdeyevka şəhərini məhz 50 min itki, yüzlərlə tank və zirehli texnika qurban verməklə istila edilə bildi. Bu, vəziyyətin tam fərqli olduğunu ortaya qoyur”.

N.Miri söyləyib ki, Avropa Ukraynaya bəzən anormal yanaşma sərgiləyir. O deyib ki, bu, ya təxribat, ya da situativ hadisədir: “Avropadakı sözügedən fermerlər və ya konkret təşkil olunan qüvvələr də buna misaldır. Amma, dövlət təhlükəsizliyi məsələsi öndə olanda vəziyyət dəyişir. Polşa kimi Ukraynanı sevməyən dövlət belə, onunla əməkdaşlıq etmək və qorumaq məcburiyyətindədir. Polşa dərk edir ki, Ukraynanın məğlubiyyəti onun üçün birbaşa təhlükədir. Belə bir halın baş verməsi ilə ilk Rusiyanın hücumuna şimalda Baltikyanı ölkələr məruz qalacaq. Şərq istiqamətində isə ilk təhlükə obyekti Polşa olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR