İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qaçqınlar Avropada nədən narazıdır - azərbaycanlılar durumu şərh edir

999 29.03.2022 10:50 Sosial A A

“Burada şərait qurduqdan sonra qaçqınların çox az qismi Ukraynaya dönəcək”

Rusiya-Ukrayna müharibəsi zamanı milyonlarla ukraynalı vətənini tərk etməyə, canını, ailəsini xilas etməyə çalışaraq sərhədyanı və digər ölkələrə sığınmağa məcbur olub.  

Ukrayna vətəndaşları sığındıqları ölkələrdə necə davranırlar? İsveçrənin Sürix şəhərində yaşayan yazarımız Ələkbər Əliyevin bugünlərdə sosial mediada yazdığı statusdan bəlli olur ki, Polşada küçədə gecələyən ukraynalılardan fərqli olaraq, İsveçrə sərhədini keçməyə nail olan qaçqınlar durumdan narazıdırlar: “Bu ukraynalılar məhv edib bunları. Təsəvvür edin qaçqın düşərgəsi, masaların üstünə çörəklər düzüblər, çörəklər də kulyokların içində, bağlı, etiketli, üstündə tərkibi, çəkisi, kalorisi filan yazılıb. Ukraynalı orta yaşlı qadın çörəyi götürür, yazını oxuyur ”Yoooox, mən bunu yeyə bilmərəm, mənə filan marka, fransuzski əla sort undan çörək verin, mən Kiyevdə onu yeyirdim" deyir... Ukraynalıların yarısı bura son model avtomobilləri ilə gəliblər. Düşərgələrin qabağı doludur “BMW”, “Mercedes”lə. İsveçrəlilər zəncir gəmirir. İsveçrəlilərin ürəyi partlayır. Öyrəşiblər yetim-yesirə, qara-quraya, əzsinlər, təhqir etsinlər, yuxarıdan getsinlər. İsveçrəlilər şok" - deyə, statusda qeyd olunub.

Ələkbər Əliyev: “Bu xainlər indi çətinə düşüblər və ”sülh" fəaliyyətinin  pul gətirəcəyi də bilinmir"

 Ələkbər Əliyev

Qaçqınların yerləşdirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat almaq üçün yazar Ələkbər Əliyevlə əlaqə saxladıq. Prosesdə könüllü iştirak edən yazar “Yeni Müsavat”a bildirdi ki, qaçqınların yerləşdirilməsi ləng gedir: “Bunun obyektiv səbəbləri var. İsveçrə kiçik, əhalisinin sayı az olan ölkədir. Əlbəttə, sərhəddən buraxılan qaçqınların sayı mövcud imkanlara uyğundur. Lakin birdən-birə on minlərlə insanın miqrasiya etməsi ilə müəyyən qədər kollaps hiss olunur. İsveçrə qaçqınların yerləşdirilməsi ilə bağlı çox əziyyət çəkir. Bu, faktdır. Dövlətin imkanları məhdud olduğu üçün qaçqınları yerləşdirmək üçün vətəndaşlara müraciət edilir. Onlayn platformalar vasitəsilə vətəndaşlar evlərinə neçə nəfəri qəbul edəcəyi barədə bilgilər yerləşdirirlər. Ev, düşərgə, yaxud yataqxana tapılana qədər müvəqqəti yaşayış məntəqələri də var. Müvəqqəti olaraq böyük zallarda qalırlar. Sıxıntılar çoxdur. Bəzi ukraynalılar narazılıq edir. Düşünürəm ki, bu təkcə, İsveçrənin deyil, bütün Avropanın problemidir. Heç kim küçədə qalan deyil, gec-tez hər kəsi yerləşdirəcəklər. Söhbət Qərbi Avropa və Skandinaviya ölkələrindən gedir. Şərqi Avropa ölkələrində isə problemlərin qısa zamanda həllini tapacağına inanmıram, çünki orada imkanlar çox məhduddur. Xüsusilə Polşada vəziyyət acınacaqlıdır. Başqa ölkələrə nisbətən Polşada ukraynalı qaçqın daha çoxdur, üstəlik, küçələrdə yatmağa məcburdurlar. İsveçrənin imkanları Polşaya nisbətən daha geniş olduğu üçün bu məsələlər gec-tez həllini tapacaq”. 

Yazar qeyd etdi ki, Sürixdə yaşayan bir çox tanışı qaçqınların yerləşdirilməsi prosesində yaxından iştirak edir: “Hər kəs bacardığı qədər yardım əlini uzadır. İmkanı olan qaçqınlara evində yer verir. Kimi də hoteldə yerləşdirilməyə yardımçı olur. Ukraynalılar arasında həmrəylik görürəm. Prezident Zelenski, hökumətlə bağlı hər kəs birmənalı şəkildə həmfikirdir. İndiyə qədər ünsiyyətdə olduğum heç bir qaçqından Ukrayna hökumətinə dair tənqid eşitməmişəm. Hər kəs V.Zelenski haqqında lider kimi danışır. Mübarizə aparan lider kimi hər kəs ona dəstək olduğunu ifadə edir. Qaçqınlar arasında yaşlılar, qadınlar, uşaqlar çoxluq təşkil edir. Şayiələrə inansaq, qaçqınlar 20 min avro xərcləyərək sərhəddən keçə bilirlər. Lakin bunu sübut edəcək dəlil, sübut yoxdur. Mənə elə gəlir ki, burada şərait qurduqdan sonra qaçqınların çox az qismi Ukraynaya dönəcək. Dağıntıya məruz qalmayan, lakin hücum ehtimalı olan Qərbi Ukrayna şəhərlərindən qaçanlar var, vətəndə evi, mülkü salamat qalıbsa, qayıtmağın bir mənası varsa, onlar qayıda bilərlər. İsveçrə hökuməti heç kimi zorla ölkədən çıxarmayacaq”.

Elmir Mirzəyev: “Avropalıların etdikləri əclaflıqdır” – Müsahibə

Elmir Mirzəyev

Berlində yaşayan kulturoloq, bəstəkar və musiqişünas Elmir Mirzəyev də imkan daxilində ukraynalı qaçqınlara kömək etməyə çalışır: “Ukrayna hər zaman Azərbaycana müttəfiq ölkə olub. Birinci Qarabağ müharibəsində bizim tərəfimizdə vuruşan ukraynalılar olub. Vətən müharibəsində də ölkəmizə açıq dəstək göstərdilər. Musiqiçi, bəstəkar kimi Ukraynaya çox səfər etmişəm. Bu ölkə mənə həm də ona görə yaxındır ki, oğlumun anası ukraynalıdır. Ukraynanı, Ukrayna xalqını çox yaxşı tanıyıram. Ukraynalılar hər zaman bu hadisələrin olacağını deyirdilər. Mən isə inanmırdım. Dostum, ukraynalı dirijor və bəstəkar Vladimir Runçak 2007-ci ildə mənə demişdi ki, ruslar hücum edəcək, onlar Ukraynanı işğal etmək istəyirlər. Mən isə deyirdim ki, bu mümkün deyil, slavyan mənşəli, eyni dindən olan xalqlar arasında savaş olması mümkün deyil, ordu bu əmri icra etməz. 15 ildən sonra onun dediyi baş verdi. Bu, dəhşətdir. Qaçqınların Şərqi Avropaya axını davam edir. Berlinə hər gün qatarlarla on minlərlə insan gəlir. İlk gün Berlindəki dostlarla vağzala getmişdik. O acınacaqlı səhnəni gördük. Əlimizdən gələn qədər kömək etdik. Fəlakətlə üz-üzə qalmış ukraynalılar mənə Birinci Qarabağ müharibəsi zamanı ağır durumda olan azərbaycanlıları xatırladır”.

E.Mirzəyev Almaniya hökumətinin ukraynalı qaçqınlarla bağlı yeni qərarlarını, həmçinin, qaçqınların gələcəklə bağlı düşüncələrini də qeyd etdi: “Artıq qaçqınların Berlində yerləşdirilməsi mümkün deyil. Qərar verilib ki, Berlinə gətirilən qaçqınlar başqa şəhərlərdə və yaxın ölkələrdə yerləşdiriləcək. Ukraynalılara humanitar məqsədlə bir illik müvəqqəti yaşayış icazəsi veriləcək. İnsanlar şokdadır. Amma başqa ölkələrə nisbətən Almaniyada təşkilati məsələlər yüksək səviyyədə həll olunur. 2015-2016-cı illərdə Suriyadan gələn qaçqınların yerləşdirilməsi Almaniya hökuməti üçün müəyyən mənada təcrübə qazandırıb. Ukraynalı qaçqınların yerləşdirilməsi ilə bağlı daha yaxşı təşkilatlanma var. Tələbə olmaq istəyən ukraynalılar üçün xüsusi təqaüdlər düşünülür. İncəsənət sahəsində çalışanları öz sahələrinə cəlb edirlər. Ukraynalı bəstəkarların əsərlərini ən məşhur orkestrlər, musiqiçilər ifa edirlər, təbliğat aparılır, Ukraynaya dəstək konsertləri keçirilir. Dil kursları da təşkil olunub. Düşünürəm ki, qaçqınların cəmiyyətə inteqrasiyası üçün şərait yaradılacaq. İstənilən halda müharibənin tezliklə bitməsinə ümid edirəm”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR