İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Zelenskini devirmək planı “təxirə salındı” - seçkilər müharibədən sonra olacaq

667 29.08.2023 08:00 Siyasət A A

Politoloq: “Müharibənin uzanması heç də Ukraynanın xeyrinə deyil, ona görə də tez bir zamanda danışıqlara getməlidir”

Görünür, bu təhlükənin real olması nəzərə alınıb və artıq seçkilərin təxirə salındığı bildirilir. Belə ki, Ukraynada prezident seçkilərinin müharibədən sonra keçiriləcəyi açıqlanıb.

Ukraynada prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatandan sonra keçirilə bilər.

APA-nın “Strana.ua”ya istinadən verdiyi xəbərə görə, bunu hakim Xalqın Xidmətçisi Partiyasının sədri Yelena Şulyak bildirib.

Yelena Şulyak deyib ki, hazırda deputatlar qanunvericiliyə müharibədən sonra ilk seçkilərin keçirilməsinə dair dəyişiklik hazırlayırlar.

Açıqlamadan belə başa düşülür ki, seçkilər yalnız müharibə bitəndən sonra keçiriləcək və bunadək Zelenski hakimiyyətdə qalmaqda davam edəcək. Müharibənin isə sonu görünmür. Siyasi təcrübə ki, Ukrayna tamamilə doğru qərar verib. Əksər dövlətlərin qanunvericiliyinə görə müharibə şəraitində seçkilər avtomatik təxirə salınır. Görünür, Ukrayna qanunvericiliyində indiyədək belə norma olmayıb ki, deputatlar yeni əlavələr hazırlayır.

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Politoloq qeyd edib ki, müharibənin uzanması Ukraynanın xeyrinə deyil, buna görə də tez bir zamanda danışıqlara getməlidir: “Zelenskinin faktiki olaraq, hakimiyyətdə  vaxtının uzadılması məsələsi onun üçün son dərəcə önəmli məsələyə çevrilmişdi və bu, açıq-aşkar görünür. Yəni faktiki olaraq, sağdan, soldan, xaricdən, daxildən kifayət qədər sərt tənqidlərə məruz qalır. Lakin Zelenski  özünü çox təmkinli göstərir, elə duruş sərgiləyir ki, sanki onun böyük resurs bazası var və o, müharibəni aparmaqda həm israrlıdır, həm də  qələbə qazanmaq üçün  kifayət qədər hazırlıqlıdır. Amma əslində belə deyil.

Məlum məsələdir ki, müharibə şəraitinin olması özü imkan yaradır ki, prezident öz səlahiyyətlərini uzatsın. Bir çox ölkələrdə bununla bağlı qaydalar, konstitusiyada yer almış qanunlar var ki, əgər ölkə müharibəyə qatılırsa, onun ərazisində eksperimental şərait varsa, bu zaman istər prezident, istərsə də parlament seçkiləri keçirilmir.

Amma qeyd etdiyim kimi, Zelenski özünü kifayət qədər arxayın göstərməyə çalışır və faktiki olaraq onun da ümidi ondan ibarət idi ki, seçkilər keçirilməyəcək, insanlar kifayət qədər bəlli şəraitdədir, belə olduğu halda avtomatik olaraq, onun səlahiyyətləri uzadılacaq. Lakin burada əsas məsələ odur ki, Zelenski həqiqətən də bu prosesə nə qədər hakim kəsilə bilib? Və ikincisi, onun resus bazası hansı vəziyyətdədir? Bununla bağlı Qərbdə spesifik, bədbin bir yanaşma var. Bu günə qədər Qərb ölkələrinin rəhbərləri, hətta parlamentlərindəki müxalif qüvvələr də deyirdilər ki, Zelenskiyə kömək etmək lazımdır, Ukraynanı təmin etmək vacibdir ki, o, müharibədə uduzmasın və sairə".

Politoloq qeyd edib ki, müharibənin  uzanması heç də Ukraynanın xeyrinə deyil: “Baxmayaraq ki, Kiyev və digər iri şəhərlərdə bir o qədər də  müharibə abı-havası yoxdur. Belə ki, müəssisələr, restoranlar, ictimai məkanlar, iaşə obyektləri işləyir, fəaliyyətdədir, insanlar hələ giley-güzar edir ki, müharibə şəraiti hiss olunmur. Yəni səfərbərlik abı-havası yoxdur. Burada söhbət vətəndaş cəmiyyətinin səfərbər olunmasından gedir ki, həqiqətən də kifayət qədər böyük  boşluqlar var. Ona görə də indiki vaxtda daxildəki vəziyyətlə bağlı məlumatı olan Qərb mənbələri də  bildirirlər ki, xeyr, Ukrayna, ümumiyyətlə, müharibənin gedişatında, onun aparılmasında  praqmatik mövqe sərgiləyə bilmir. Doğrudur, dövlət rəhbəri xarici işlər nazirləri bəyanatlar verir, danışıqlar aparır, diplomatik səviyyədə vəzifələrini icra edirlər, amma bu proseslərin müharibənin gedişatına bir o qədər də ciddi təsiri yoxdur. Ona görə də hesab edirəm ki, Ukrayna nə qədər tez  danışıqlara razılıq versə, bir o qədər onun üçün yaxşı olar. Artıq Qərbdən də belə mesajlar gəlir. Çünki əks-hücum məsələsi şişirdilmiş tərzdə təqdim edilirdi ki, "bizə köməklik edin, silah-sursat verin ki, əks-hücuma hazırlaşırıq və bu  çox ciddi bir gediş olacaq", amma əslində miqyaslı əks-hücum olmadı. İkincisi də mövqe çəkişmələrində Ukrayna bəzi yerlərdə irəli getdi, amma sonradan əldə  etdikləri mövqeni əldən verdilər, geri çəkilməli oldular.

Beləliklə, bu prosesdə Ukraynanın resursu tükənir və tükənməkdə davam edir. Aydın məsələdir ki, Rusiyanın həm sərvəti, həm ərazisi, həm demoqrafik resusu Ukraynadan qat-qat üstündür. Ukraynanı artıq 8 milyona yaxın insan tərk edib və orada qalan insanların  da hamısı bu prosesdə iştirak etmir. Yalnız ən vətənpərvər mövqe sərgiləyən qüvvələr bu proseslərə dərindən yanaşır, özlərini fəda edirlər. Amma bəzi  zümrələr özlərini tamamilə kənara çəkirlər, ya çağırışlardan qaçır, ya da əgər cəlb olunurlarsa, mövqelərini atıb qaçırlar. Odur ki, bu proseslərdə Ukraynanın vəziyyəti  o qədər də ümidverici deyil.

Yalançı şüarçılıq, çağırışlar belə vəziyyətdə heç nə vermir. Əgər daxildən məlumatımız olmasaydı deyərdik ki, hə, ukraynalılar əməlli-başlı vuruşur və sona qədər də gedəcəklər, hətta Moskvanı da tutacaqlar. Amma belə deyil. Heç Moskvanın özündə də  bir o qədər istək yoxdur ki, irəli getsinlər. Rusiya Donetsk, Luqansk vilayətlərini və bəzi dənizkənarı zolaqları qoşunları tutub və bununla kifayətlənməyə hazırdır. Çünki Rusiyanın əsas məqsədi bu idi ki, Ukraynanı dənizə çıxışdan tamamilə  məhrum etsinlər və buna da nail olublar. İnanmıram ki, Ukrayna  dənizkənarı zolaqda bir dönüş yaratsın, əks-hücuma keçərək, limanları yenidən özünə qaytara bilsin".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR