İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Rusiyanın burnu əzilsə...

696 27.12.2022 08:46 Siyasət A A

“Doğrudanmı o, satqın ola bilər? Axı o, rus mahnılarını çox gözəl oxuyurdu” - yox, məşhur sovet filmində deyilən bu sözlərə inanmaqdan çox-çox uzağam.

Rusların qəhrəmanları kimi satqınları da çox olub və bu gün onlar ukraynalıları vaxtilə faşistlərlə əməkdaşlıq etməkdə suçlasalar da özləri onlardan heç də geri qalmayıblar, almanlarla əməkdaşlıq edən xeyli rus olub, hətta “rus azadlıq ordusu” da olubdur.

Yox, başqa bir mahnıda deyilən kimi - “Ruslar müharibə istəyirmi?” düşünməkdən də çox-çox uzağam, hər halda tarix başqa bir şey göstərir. Bəli, ruslar müharibə istəməsəydi bu gün onlara Ukraynada rast gəlməz, hər gün Ukraynadakı olayları izləmək məcburiyətində qalmazdıq. Bəs onda bunları niyə deyirik? Məsələ bundadır ki, köhnə ilin bitməsinə və yeni ilin başlanmasına hərənin öz münasibəti var. Kimi ilin bitməsində bu və ya digər hadisənin yekununu axtarır. Kimi də onda yeni il üçün yeni proqnozlar arayır. Bəs biz bunlardan hansının üstündə dayanardıq?

Nə gizlədək, bizim üçün iki əsas problem var: Dağlıq Qarabağ və Ukrayna hadisələri. Oxucu soruşa bilər ki, İrandakı hadisələr bundan az vacibdirmi? Əlbəttə ki, yox. Əksinə, İrandakı hadisələr həm Qarabağ, həm də Rusiyanın Cənubi Qafqazdakı roluna nöqtə qoya bilərdi və bir neçə illər bundan əvvəl bəzi siyasətçilər “Qarabağ probleminin həlli Təbrizdən keçir” - deyəndə əslində haqlı idilər. Ona görə də, necə deyərlər, bir qulağımız İrandakı hadisələrdədir. Bu hadisələr uzandıqca biz də üzülürük, özümüzdən qeyri-ixtiyari olaraq “Bu dəfə də alınmayacaqmı?” soruşuruq...

O ki qaldı bizim Dağlıq Qarabağ məsələsinə və yaxud Ukrayna probleminə, buradakı da proseslər bir az əvvəlcə toxunduğumuzdan heç də az əhəmiyyət kəsb etmir. Rusiya Ukraynadan qalib çıxsa, bu, Cənubi Qafqazdakı problemlərə də toxunacaq, İrandakı hadisələrə də. Yox, əksinə Rusiyanın Ukraynada burnu əzilsə, inanın, əmin olun ki, o, Qafqazlardan da quyruğunu qısıb qaçacaq və İran haqqında düşünməyə belə qadir olmayacaq...

Bəs son proseslər nə göstərir? İlin sonunun ən mühüm siyasi hadisələrindən biri də Ukrayna prezidentinin ABŞ-a səfəri oldu. Bəli, Volodimir Zelenski Ağ Evdə Corc Baydenlə görüşdü, Konqresdə çıxış etdi və hətta Konqresdə Nensi Pelosi onun əlindən öpməyə cəhd etdi, halbuki tərsinə olmalı idi və Zelenski Pelosinin əlindən öpməli idi. Nə isə, biz Rusiya jurnalistləri kimi burada qara epizodlar axtarmayacağıq. Əsas odur ki, amerikalılar Ukraynaya həlledici köməyə bir o qədər də tələsmirlər. Bir neçə ay bundan əvvəl Kiyevə hərbi yardımın miqdarını 44 milyard dollar demişdilər. İndisə deyəsən, onu hissə-hissə ödəmək niyyətindədirlər. Amma görünür, Ukraynaya vəd etdikləri hava hücumundan müdafiə sistemlərini verəcəklər. Əks təqdirdə, ruslar bu qədər təlaş keçirməzdilər. Bir tərəfdən göndəriləcək Patriotların yalnız Kiyevin hökumət kvartalının səmasını qoruya biləcəyini deyir, digər bir tərəfdən isə artıq indidən onların hamısını məhv edəcəklərini bəyan edir və bu yolla sanki özlərini sakitləşdirməyə çalışırlar, ona görə ki, Rusiya bu müharibədə yalnız raket hücumlarının sayəsində nəsə edə bilir, əgər onlar olmasa, Kremlin işi çox fəna olacaqdır...

Bəlkə də buna görədir ki, yeni il ərəfəsində Kreml bərk təlaşdadır. Prezident Vladimir Putin özünün yeni il müraciətində nə deyəcək? Axı Ukraynada hərbi parad alınmadı! Rusiya prezidenti hətta Suriyadakına bənzər bir şeyi burada yaratmağa müvəffəq olmadı. Yeri gəlmişkən, Suriya demiş, o vaxt Vladimir Putin daha sayıq idi. Xatırlayırıq, onda o dedi ki, bizi Suriyada, Əfqanıstanda olduğu kimi hərbi-siyasi bataqlığa sürükləmək istəyirlər. Amma sayıqlığını axıra qədər saxlaya bilmədi Vladimir Putin və Ukraynaya qarşı müharibəyə başladı, çünki burada qalan əraziləri də Krım kimi ilhaq edəcəyini fikirləşdi. Amma o, bərk yanıldı - bir ildir ki, Donetsk və Luqanskda ilişib qalıb...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR