İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna şəhərlərinə kütləvi dron hücumu - Xarkov əldən gedə bilər...

1276 07.03.2024 08:38 Dünya A A

Son həftələrdə işğalçıların bombardmançı təyyarələri bombalansa da, hava zərbələrini davam etdirir; ekspert hesab edir ki, son hücum kampaniyaları Luqansk-Xarkov sektoru üzrə perspektivləri göstərir

Ukrayna Silahlı Qüvvələrinin son həftələr ərzində bir neçə bombardmançı təyyarəni vurmasına baxmayaraq, Rusiya Ukraynaya intensiv hava zərbələri endirməkdə davam edir. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, bunu ABŞ Müharibə Araşdırma İnstitutu (ISW) son hesabatında bildirib. Amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiya cəbhədə irəliləmək xatirinə döyüş təyyarələrini itirməyə hazırdır. 

“Forbes”in məlumatına görə, Rusiyanın "Su-34" təyyarələri "Su-35" təyyarələrinin müşayiəti ilə təxminən 40 kilometr məsafədə Ukrayna mövqelərini bombalamaq üçün gündə yüz və daha çox döyüş uçuşu həyata keçirir. “New York Times” isə yazır ki, rusların cəbhə xəttində “daha aqressiv” hava taktikası işğalçılara şərqdə irəliləməyə kömək edib. Analitiklər qeyd ediblər ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynada hava əməliyyatlarının yüksək tempini saxlayır və çox güman ki, rus komandirləri belə hava əməliyyatlarının müsbət təsirlərinin bu cür missiyalarla bağlı xərclərdən daha çox olduğuna qərar verdiklərinə görə təyyarələr üçün riskləri qəbul etməyə hazırdırlar: “İşğalçılar fevralın ortalarında Avdeyevkanın tutulması zamanı idarə olunan bombalardan istifadə etdilər və ehtimal ki, cəbhənin digər sektorlarında davam edən hücum əməliyyatlarını dəstəkləmək üçün bu effekti təkrarlamağa çalışırlar”.

Rusiya Silahlı Qüvvələrinin Marinski istiqamətində hücum cəhdi isə uğursuz olub. Bu haqda martın 6-da xəbər verilib. Əvəzində Ukrayna ordusu Rusiyanın Voronej bölgəsindəki Baltimor hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. PUA-lar hərbi obyektdən bir neçə kilometr aralıda vurulub. Voronejdəki Baltimor hərbi aerodromuna da hücum olub. Bundan əlavə, daha 2 PUA ilə bölgənin Anninski bələdiyyə rayonundakı neft bazasına hücum cəhdi olub. Öz növbəsində Rusiya ordusu Ukrayna ərazisinə 42 “Şahid” PUA-sı ilə hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hücum zamanı Ukrayna ordusu Rusiyaya məxsus 38 PUA-nı məhv edib. Qeyd olunur ki, hava hücumundan müdafiə vasitələri Vinnitsa, Dnepropetrovsk, Odessa, Sumı, Xarkov, Xerson, Xmelnitski, Çerkassı vilayətləri üzərində 38 PUA-nı zərərsizləşdirə bilib. Yerli administrasiyanın məlumatına görə, Sumidə dronlar üç obyektə düşüb. Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Məlumatda qeyd olunur ki, genişmiqyaslı dron hücumu iki yüksək rütbəli rus hərbçisinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərdə ittiham olunaraq axtarışa verilməsinin ertəsi gününə təsadüf edib. Qeyd edək ki, Rusiyanın uzaqmənzilli aviasiyasının komandiri general-leytenant Sergey Kobılaş və Qara dəniz donanmasının komandiri admiral Viktor Sokolov mülki obyektlərə hücumlarda, mülki şəxslərə həddindən artıq zərər vurmaqda və insanlığa qarşı cinayətlərdə ittiham olunurlar. Martın 6-da səhər saatlarında “Kinjal” qanadlı raketini daşıyan Rusiyaya məxsus "MiQ-31K" qırıcı təyyarəsinin havaya qalxması ilə əlaqədar Ukrayna ərazisi üzərində hava həyəcanı elan edilib. Ruslara ən böyük zərbə isə martın 5-də dəyib. Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub. “Ukrayna müdafiəçilərinin imkanları sübut etdi ki, Qara dənizdə rus işğalçıları üçün təhlükəsiz liman yoxdur”. Prezident Volodimir Zelenski belə deyib. Onun sözlərinə görə, artıq Qara dənizdə rus terrorçuları üçün təhlükəsiz limanlar yoxdur və olmayacaq: “Və səmada da onlar üçün təhlükəsiz yer olmayacaq. Bu, həm tərəfdaşlardan gələn tədarüklərdən, həm də daxili istehsalımızdan asılıdır”.

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, hazırkı əsas təhlükə Xarkovun itirilməsi riskidir: “Xarkov vilayəti hər gün yeni hücumlarla üzləşir. Rusiya bir növ Ukraynaya qarşı hücum kampaniyası zamanı buradakı məğlubiyyətinin əvəzini çıxmağa çalışır. Xarkovun müdafiəsindəki zəiflikləri Ukrayna prezidenti Volodimir Zelenski də etiraf edir və o, Qərbə silah yardımı üçün səslənib. Bu yaxınlarda Zelenski Niderlandın baş naziri Mark Rutte ilə birlikdə dağılmış Xarkova səfər etmişdi, onun çıxışındakı vətənpərvər narrativlər isə yalnız Ukraynanın ideoloji ruhuna təsir göstərə bilər. Faktiki olaraq cəbhədəki vəziyyət silah və sursatlardan, canlı qüvvələrdən asılıdır ki, Ukrayna üçün bu, həyati əhəmiyyətli bir məsələyə çevrilib. Zelenski elə reallıqlara da diqqəti cəmləşdirir və aydın şəkildə deyir ki, müdafiə oluna bilməsələr, Xarkov şəhəri Rusiyanın nəzarətinə keçəcək”.

Ekspert hesab edir ki, Rusiya qüvvələrinin son hücum kampaniyaları Luqansk-Xarkov sektoru üzrə perspektivləri göstərə bilər: “Rusiya yəqin çalışır ki, Xarkov oxu üzrə mümkün əməliyyatlar nəzərəçarpacaq dərəcədə nəticə versin. Lakin hələlik Xarkova genişmiqyaslı hücum barədə plan aydın deyil, hərçənd Zelenskinin özünün pessimist yanaşması Moskvanın əməliyyat taktikası barədə informasiya verir. Görünür ki, Rusiya Xarkovda istədiyini qopara bilmək üçün müxtəlif oxlar boyunca bir-birini dəstəkləyən əməliyyatlar keçirməyi nəzərdə tuta bilər. Rusiyanın bu müstəvidə necə taktiki performans göstərə biləcəyi isə sual altındadır, çünki o, eyni zamanda bir neçə cəbhədə paralel taktiki qazanc əldə etmək çətinliyi ilə üz-üzədir. Ancaq bu, daha çox Ukraynanın silahlanmasından və canlı qüvvəsinin say nisbətindən asılıdır. Əgər Qərbdən Ukraynaya silah tədarükü vaxtında çatsa və Kiyev ordunun şəxsi heyətini komplektləşdirə bilsə, Rusiyanın Ukrayna cəbhəsinin şimal-şərq, şərq və cənubu üzrə döyüş gücü zəifləyə bilər”.

A.Kərimov analiz edir ki, Rusiya qüvvələri bir-birini dəstəkləyən kampaniyalarda maraqlıdır: “Çünki Rusiya qoşunlarının irəliləməyə çalışdığı ərazilər bir-birini dəstəkləyir. Həmin ərazilər təxminən bir-birinə paraleldir və ukraynalı müdafiəçilərin eyni qruplarına təzyiq yaratmaq üçün kifayət qədər yaxındır. Ukrayna isə cəbhənin hansı sektorunda necə müdafiə oluna biləcəyini fikirləşir. Ukrayna adekvat əks-hücum əməliyyatı üçün Qərbdən dəstək əməliyyatlarına ehtiyac duymağa davam edəcək. Hərçənd ki, Ukrayna cəbhədə taktiki problemlərlə üzləşdikcə, Rusiyanın sərhəd regionunda yerləşən şəhərlərinə, infrastrukturuna pilotsuz aparatlarla zərbələr endirə bilər. Sözsüz ki, Rusiya quru əməliyyatlarına qədər raket, dron və artilleriya zərbələrini intensivləşdirmək qabiliyyətini göstərə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR