İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna savaşının təqsirkarı... - Putin Krımı, Donbası tutanda Zelenski siyasətçi deyildi, konsert verirdi

3904 22.05.2023 07:41 Yazarlar A A

Ukraynada gedən müharibə artıq 450 günə yaxındır ki, davam edir. Bu, 1945-ci ildən sonra Avropada baş verən ən qanlı müharibədir. İtkilər, dağıntılar, faciələr, qaçqınlar ölçüyə gəlməzdir.

Savaşın sonu görünmür. Artıq sülh təşəbbüsü ilə çıxış edənlər azalıb. İlk vaxtlarda araya girməyə çalışan çox idi. Hazırda Qərb dövlətləri Rusiya lideri Putinin yola, insafa gələcəyindən əllərini üzüblər. Onlar əsasən Ukraynanı gücləndirib Rusiyanın dizini yerə gətirməyi düşünürlər.

Əslində Rusiyanın dizinin biri yerə gəlib. Bu dövlətin siyasi, iqtisadi planda məruz qaldığı itkilər fantastikdir. Fəqət bu 450 gündə ortaya çıxan acı gerçəkliklərdən biri də odur ki, Rusiyanın dizinin ikisi də yerə gəlsə, yenə döyüşməkdə davam edəcək. Daha dəqiqi, lap ilk günlərdən bu xətti sıravi əsgərləri qırdırmaq məsələsində əngin tarixi ənənəsi olan rus generaliteti və Kreml aparır.

Bu, çox bəsit düstura malik olan yoldur – sona qədər döyüşmək, tarana getmək, düşməni də, özünü də uçurumdan yuvarlatmaq.

555pyot.jpg (101 KB)

Putin rus tarixinə I Pyotrdan sonra ən güclü lider kimi düşmək istəyirdi, bu, alınmadı və alınacağı gözlənilmir, indi o, heç olmasa I Aleksandr kimi “fateh” olmaq niyyətindədir. Bu da olmasa, Putin II Nikolayın aqibətini yaşayacağını bilir.

Kremlin 3 gündə təslim olacağını, Ukraynanın 1-2 həftənin içində tam ram ediləcəyini proqnozlaşdıran “politoloq”lar və jurnalistlərin, eləcə də bəzi siyasət adamlarının mülahizələri büsbütün yanlış çıxsa da, hələ də möcüzəyə ümid edənlər var. Sabah Rusiya Ukraynanı atom bombaları ilə bombardman edərək məğlubiyyətə uğratsa, onlar məmnun qalacaqlar və kütləvi insan qırğınını heç də bəşəri və hərbi cinayət saymayacaqlar.

conson zel.jpg (62 KB)

Bu cür düşüncə sahibləri ilə yanaşı, zaman keçdikcə aqressorun və təcavüzə məruz qalanın arasında bərabərlik işarəsi qoyanlar da var. Onlara görə bu müharibədə Putinlə yanaşı Ukrayna lideri Zelenski də günahkardır. Guya ki, onun başlıca təqsiri odur ki, ABŞ-ın, Qərbin fitvasına uyub, Moskvaya təslim olmalı ikən, onlardan güc alaraq öz slavyan qardaşına silah qaldırıb.

Burada bilərəkdən yol verilən təhriflər silsiləsi var. Elə qələmə verilir ki, Rusiyanı, konkret olaraq Putini müharibəyə başlamağa təhrik edən “keçmiş kloun”, “oyuncaq prezident” (onu belə adlandırırlar) Zelenski olub. Deyəsən, bir çoxları Rusiya-Ukrayna münaqişəsinin bu əsrdəki “xəstəlik tarixçəsi” ilə ya tanış deyillər, ya da onu bilərəkdən “unudurlar”.

Rusiya siyasi-hərbi maşınının Ukraynaya aqressiyası heç də Zelenskinin 2019-cu ilin mayında hakimiyyətə gəlməsindən sonra başlamayıb. Bunu öyrənmək üçün yeni əsrin ilk 5 ilinə ekskursiya etmək lazımdır.

kucuma.jpg (24 KB)

1994-cü ildən Ukraynada hakimiyyətdə olan Leonid Kuçmanın mövqeyi artıq 2004-cü ildə xeyli zəifləmişdi. Xalq bu qənaətə gəlmişdi ki, prezident olduğu dövrdə 9 baş nazirlə işləyən, onların belinə məsuliyyət yükləyərək bir-bir dəyişən Kuçmanın özünü dəyişmək lazımdır. Ukrayna seçicilərinin üzü Qərbə sarıydı. Yaxın keçmişdə baş nazir olmuş Viktor Yuşşenko “Qərbyönlü yeni lider” roluna uyğun gəldi və seçicilər onun ətrafında birləşdi. Kremlin başı məhz o zaman çöndü. Rusiyalı kəşfiyyatçılar Yuşşenkonu çox pis şəkildə, dioksinlə zəhərlədilər. Adam Avropa həkimlərinin səyi ilə ölümdən döndü. Rusiyadan dəstək alan yerli ruspərəstlər var gücləri ilə Yuşşenkonun hakimiyyətə gəlişinə müqavimət göstərdilər. Moskva bütün media resursu ilə Kuçmanın xələfi Yanukoviçə dəstək verirdi. Ancaq o zaman Kreml Yuşşenkonun hakimiyyətə gəlişinin qarşısını ala bilmədi.

yuşş.jpg (33 KB)

Bununla belə, rusyanlı məmurlar ordusu, Kremlin 5-ci kolonu Yuşşenkonun uğursuz prezident olmasını təmin edə bildilər. Hələ o zaman ortaya Ukraynanın şərqinin ölkədən ayrılacağı barədə söhbətlər atılmışdı. Bu, Kremlin B planıydı. Ancaq 2010-cu ilin fevralında A planı alındı, hakimiyyətə Kremlin adamı Yanukoviç gəldi deyə ona ehtiyac olmadı. Fəqət Yanukoviç üzünü Avropadan Rusiyaya çevirincə, xalqın Avropa ailəsinin üzvü olmaq xəyalını puç edincə insanlar yenidən ayağa qalxdılar, Yanukoviçi devirdilər, qovdular, 2014-cü ilin iyununda onun yerinə Petro Poroşenko gəldi. Bax, məhz Yanukoviç devrildiyi günlərdən etibarən Rusiya rəfdəki bütün planları həyata keçirməyə başladı: martda Krım ilhaq edildi, apreldə Donbasda ortalığı qarışdırdı və tezliklə iki qondarma “respublika” quruldu, Kiyevə basqılar gücləndi, Ukrayna xalqı düşmən elan edildi və sair və ilaxır.

Zelenski hakimiyyətə gələndə artıq Rusiya və Ukrayna azı 15 ilin düşməni idilər, arada hərbi toqquşmalar da baş vermişdi, yüzlərlə hərbçi və mülki insan həlak olmuşdu, hətta Niderlanddan Malayziyaya uçan və 230 mülki sərnişin daşıyan avilayner 2014-cü ilin martında Ukrayna üzərində rus hərbçilər tərəfindən vurulmuşdu.

555444zel.jpg (66 KB)

Başqa sözlə, indiki müharibənin məsuliyyətini Zelenskiyə yükləmək absurddur. Hətta müharibənin başladığı ilk illərdə Zelenski silsilə konsertlər verirdi, Putinə, Ərdoğa, Saakaşviliyə “ilişirdi”, rus kinematoqrafçıları ilə ortaq filmlər çəkirdi. O, siyasətə sonradan gəldi və belə bir adamın hakimiyyətə gəlməsi, necə deyərlər, xalqın sifarişi idi. Bu işdə Qərbin iradəsinin də rol oynadığı aşkardır. Amma bu gerçəklik aqressora haqq qazandırmaz.

Putinin Ukraynaya qarşı başladığı müharibə Rusiyanın postsovet məkanında öz nüfuz dairəsini (Baltikyanı ölkələr xaric) qoruyub saxlamaq, NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq, keçmiş müttəfiq respublikaların Qərbyönlü siyasət yeritməsini, demokratiya bərqərar etməsini əngəlləmək, özünə yenidən dünyanın iki supergücündən biri statusu qazanmaq, keçmiş SSRİ-nin idarəetmə quruluşunu olmasa da, sərhədlərini bərpa etmək məqsədi daşıyır. Bunu dünyada bilməyən yoxdur. Və dünyanın ən güclü 7 dövləti buna qarşıdır.

Ona görə də Rusiya Federasiyası öz neoimperiya ambisiyalarından əl çəkməyincə, düşdüyü ziyanın yarısından qayıtmayınca Ukraynada müharibə davam edəcək, Qarabağda da sülh olmayacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR