İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna savaşını kimlər və niyə başladıb: Planın müəllifləri nəticəni də əvvəlcədən bilirlər

5331 28.03.2022 19:34 Analitika A A

Kobud hesablamalara görə, Ukrayna savaşını planlaşdıranlar bu müharibəyə son bir ay ərzində təxminən yüz milyarda yaxın maliyyə vəsaiti xərcləyiblər, Rusiyaya qarşı sanksiyaların tətbiqilə onmilyardlarla dollar da əlavə ziyana düşüblər; Əgər, onlar bu savaşın yekun nəticələri barədə qəti təsəvvürlərə malik olmasaydılar, belə fantastik məbləğləri də xərcləməzdilər, deməli, ssenari müəllifləri qalibin kim olacağını dəqiq bilməklə yanaşı, xərclədikləri maliyyə vəsaitini bir neçə qat artığı ilə geri ala biləcəklərinə də tamamilə əmindirlər...

Ukrayna savaşı ətrafında bir çox məqamlar artıq aydınlaşmağa başlayıb. Artıq Rusiyanın “ildırımsürətli qələbə” planlarının boşa çıxdığı elə bir ciddi şübhə doğurmur. Hər halda, belə qələbə planı yalnız savaşın ilk 2-3 günü ərzində baş tutmuş sayıla bilərdi. Halbuki, indi Ukrayna savaşının 2-ci ayı da artıq başlayıb. Və bundan sonra Rusiyanın qələbə imkanlarından daha çox Kremlin hərbi-siyasi və maliyyə-iqtisadi uğursuzluqlarından danışmaq mümkündür.

Görünən odur ki, Rusiya Ukraynada əməlli-başlı “savaş bataqlığı” düşüb. Üstəlik, savaş uzandıqca, Rusiyanın düşdüyü “bataqlıq” da dərinləşir. Oradan Rusiya dövlətinin ənənəvi beynəlxalq imicini xilas edilərək, çıxarılması da artıq çətinləşib. Hər halda, Kremldə də bu reallığı tədricən anlamağa başlayıblar. Və Kremlin son açıqlamaları, eləcə də, tərəddüdlü qərarları da bunu təsdiqləyir.

put-savash77.JPG (68 KB) 

Məsələ ondadır ki, son günlər Rusiyanın Ukraynadan daha az itkilərlə çıxış yolları axtarmağa başladığı da müşahidə edilir. Əgər, savaş yenicə başlayarkən Kreml paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın bütün ərazilərinin işğal ediləcəyinə eyham vururdusa, hazırda belə bir hərb-siyasi əhval-ruhiyyə artıq müşahidə olunmur. Əksinə, indi Kreml Ukraynanın şərq bölgəsinin – Donbas vilayətinin sovet dövrünə aid administrativ ərazisini nəzarətdə saxlamaqla, kifayətlənə biləcəyini biruzə verməkdədir.

Belə anlaşılır ki, Kreml Rusiyanın Ukrayna savaşında qarşısına qoyulan əsas hədəflərini kiçiltmək məcburiyyətində qalıb. Hətta Kremlin sülh anlaşması üçün irəli sürdüyü bəzi tələblərdən imtina edə biləcəyinin də dolayısı siqnallarını verməkdədir. Yəni, Rusiyanın Ukraynanı silahsızlaşdırmaq, ideologiyasızlaşdırmaq kimi tələblərinin tamamilə mənasız olması barədə rəsmi Kiyevin açıqlamlarına Kremlin susqun qalması da vəziyyətin ağır olduğunu göstərir. Əksinə, indi rəsmi Kiyev hərbi-siyasi şərtləri diqtə etməyə cəhd göstərir.

Maraqlıdır ki, rəsmi Kiyev hazırda Rusiyanın sülh sazişi imzalanması üçün irəli sürdüyü heç bir şərtini qəbul etmir. Zelenski hakimiyyəti Ukraynanın ərazi bütövlüyü prinsipindən geri çəkilmək niyyətində olmadığı indi daha qabarıq şəkildə nəzərə çarpır. Belə ki, rəsmi Kiyev Krım yarımadasının Rusiyanın ərazisi kimi qəbul olunması, Donbas separatçılarının “müstəqilliyinin” tanınması tələblərini də əhəmiyyətdən salmağa nail olub.

Zelenski hakimiyyəti bu tələblərin qəbul edilib-edilməyəcəyinin birmənalı şəkildə yalnız umumxalq referendumuna bağlı olduğunu vurğulayır. Yəni, referendumda xalqın bu tələblərə qarşı çıxacağı elə bəribaşdan məlum olduğundan, rəsmi Kiyev əslində, Rusiyanın şərtlərini qəbul etmədiyini dolayısı ilə təsdiqləmiş olur.

275251724_2258455404302412_742774738442343190_n.jpg (42 KB) 

Göründüyü kimi, Kremlin Ukrayna savaşından Rusiyanın beynəlxalq nüfuzunu xilas edəcək şərtlərlə çıxması hər ötən gün daha da çətinləşir. Belə vəziyyətdə Rusiyanın “savaş bataqlığı”ndan xilas olması demək olar ki, mümkün deyil. Yəni, anlaşılan odur ki, Rusiya hələ uzun müddət Ukrayna savaşını davam etdirmək məcburiyyətində qala bilər.

Onu da qeyd edək ki, hazırda Ukrayna savaşının sülh sazişi ilə nəticələnməsi istiqamətində yalnız Türkiyə israrlı cəhdlər göstərir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukrayna savaşından simvolik qürurlu şərtlərlə çıxışı üçün uyğun modelin tapılmasını təklif etmişdi. Və hazırda Türkiyədə keçirilən danışıqlar prosesində rəsmi Ankaranın belə modelin tapılmasına vasitəçilik etməyə çalışdığı müşahidə olunur.

Ancaq hələlik belə bir modelin tapıla biləcəyi qətiyyən inandırıcı deyil. Hər halda, rəsmi Kiyevin ABŞ və Qərbdən ciddi şəkildə hərbi-siyasi və maliyyə asılılğında olduğu olduqca önəmli faktordur. Ən azından ona görə ki, Ukraynaya onmilyardlarla dollar hərbi yardım göstərmiş ABŞ və Qərb bu savaşda Rusiya ilə bağlı hədəflədiyi nəticəni əldə etmədən rəsmi Kiyevə Kremllə sülh anlaşması imzalamaq imkanı verməz. Və bu önəmli faktor sülh danışıqları qarşısında əsas əngəllərdən biri rolunu oynayır.

59ccd203f93033ad15819b1dd60c3a15.jpg (332 KB) 

Bütün bunlar onu göstərir ki, Ukrayna savaşını planlaşdıranlar nəzərdə tutduqları vaxta qədər müharibənin davam etdirilməsi üçün cərəyan edən bütün prosesləri öz nəzarətlərində saxlayacaqlar. Nəzərə almaq lazımdır ki, savaş meydanında Ukrayna ordusu vuruşsa da, əslində, bu müharibənin maliyyə-iqtisadi yükünü məhz ABŞ və Qərb çəkir. Və rəsmi Kiyev də Rusiya ilə sülh anlaşması imzalamaqdan öncə mütləq bu məqamı nəzərə almaq məcburiyyətindədir.

Kobud hesablamalara görə, son bir ay ərzində Ukrayna savaşını planlaşdıranlar – ABŞ və Qərb bu müharibəyə təxminən yüz milyard dollara yaxın maliyyə vəsaiti xərcləyiblər. Digər tərəfdən, ABŞ və Qərb Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməklə, onmilyardlarla dollar həcmində ziyana da düşüblər. Belə olan təqdirdə, Ukrayna savaşının gələcək taleyini həll etmək hüququnun rəsmi Kiyev və Kremlin deyil, məhz bu müharibəni planlaşdıranların əlində olduğu qətiyyən şübhə doğurmur.

Təbii ki, savaşı planlaşdırıb, ona onmilyardlarla dollar xərc çəkənlər böyük ehtimalla müharibənin mümkün nəticələrini də əvvəlcədən ssenariləşdirmiş olmalıdırlar. Yəni, böyük ehtimalla Ukrayna savaşını törədənlər onun necə nəticələnəcəyini də əvvəlcədən müəyyən ediblər. Əgər, onlar bu savaşın yekun nəticələri barədə qəti təsəvvürlərə malik olmasaydılar, belə fantastik məbləğləri də xərcləməzdilər. Böyük ehtimala savaşı planlaşdıranlar qalibin kim olacağını dəqiq bilməklə yanaşı, xərclədikləri maliyyə vəsaitini bir neçə qat artığı ilə geri ala biləcəklərinə də tamamilə əmindirlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR