İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna böhranını bir gündə həll edəcək adam - Rusiyanın “nüvə çamadanı” etibarlı əldəmi?

902 25.02.2023 08:58 Siyasət A A

Analitiklərə görə, Rusiya çətin dönəmə girib, əsl müharibə bundan sonra başlayacaq...

Dünən Rusiyanın Ukraynaya hərbi təcavüzündən bir il ötdü. Müharibənin sonu isə hələ ki, görünmür. Bu isə yeni-yeni canlı itkilər və əlavə dağıntılar, həmçinin daha çox minalanmış ərazilər deməkdir. İldırımsürətli qələbəyə nail ola bilməyən Rusiya isə çarəsizlikdən dünyanı hələ də nüvə silahı ilə hədələməkdədir.

“Vaşinqton Moskvanın məğlub olmasını istəyirsə, dünya qlobal münaqişə astanasındadır”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev telegramda yazıb. O bildirib ki, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək: “Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, ondan bizim özümüzü bütün silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”.

Xatırladaq ki, D.Medvedev daha əvvəl də Rusiyanın nüvə silahından istifadə etmək hüququnun olduğunu söyləyib.

Putinin sadiq dostu Medvedyevin sərsəmləməsinin açması nədir, görəsən? Rusiya atom silahını birincimi tətbiq edəcək? Axı bu silahlardan başqasında da var. Həm də artıqlaması ilə. Ayrı sözlə, nüvə silahı tətbiq edənin özünün də nüvə zərbəsinə məruz qalacağı şəksizdir. Maraqlıdır ki, iki gün öncəki çıxışında Vladimir Putin Rusiyanın kütləvi qırğın silahından birinci istifadə etməyəcəyini, yalnız cavab verəcəyini söyləyib. O zaman Medvedyev kimin adından dünyanı hədələyir? Rusiya işğalçı müharibədə məğlub olacaq deyə, atom silahınamı əl atacaq? Ümumiyyətlə, Rusiyanın “nüvə çamadanı” doğrudanmı normal, əqli yerində olan adamların əlindədir?

Bu arada Putinin dostu, ABŞ-ın keçmiş lideri Donald Tramp təzədən prezident olarsa, Ukrayna böhranını bir günə həll edəcəyini söyləyib. Tramp bildirib ki, əgər yenidən dövlət başçısı seçilərsə, o zaman Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenskiyə “eyni gecədə” zəng edəcək. “Həqiqətən, eyni gecədə. Mənim qələbəm məlum olan kimi, iki nəfərə zəng edəcəyəm: Putinə və Zelenskiyə. Mən onlara ”görüşməliyik" deyəcəm. Bu problemi həll edə biləcəyimə zəmanət verirəm... 24 saat ərzində sövdələşmə bağlayacağıq", - deyə o vəd verib. Bu nədir, populizm, yoxsa?

Tramp həmçinin iddia edib ki, Baydenin hərəkətlərinə görə üçüncü dünya müharibəsi başlaya bilər. Onun sözlərinə görə, o, prezident olanda ABŞ-ı münaqişəyə necə sürükləməyə çalışan generalların və bürokratların “fəlakətli məsləhətlərini” rədd edib. O sırada dövlət katibinin müavini Viktoriya Nulandın adını çəkib. Trampın fikrincə, qlobal münaqişə riski indi həmişəkindən daha yüksəkdir.

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat” bildirdi ki, Rusiyanın Ukraynaya bir il əvvəlki təcavüzü ikinci cahan savaşından sonra Avropada ən qanlı və dağıdıcı müharibədir: “Bu və ya digər şəkildə bu müharibəyə 50-yə yaxın ölkə cəlb edilib. Putinin siyasi hakimiyyətdə olduğu dönəmdə ən böyük səhvi Ukraynaya qarşı yürütdüyü siyasəti oldu və bu səhv onun sonunu hər gün yaxınlaşdırmaqdadır.

Kreml düşünürdü ki, dünyanı nüvə şantajı ilə təhdid edərək məqsədinə nail ola biləcək. Təsadüfi deyil ki, Ukrayna-Rusiya gərginliyi fonunda rəsmi Moskva ABŞ və Qərb müttəfiqlərini nüvə potensialı ilə hədələməyə başladı. Lakin bu hədə-qorxuzlar fayda vermədi və Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Qərbin sərt müqaviməti ilə üzləşdi. Tətbiq edilən sanksiyalar, silah-sursat, ən müasir hərbi texnika tədarükü və maliyyə iqtisadi dəstək getdikcə intensivləşdi və təbii ki, bunun qarşısında Rusiyanın uzun müddət davam gətirəcəyi mümkün deyildi. Lakin hər gün yeni itkilər, yeni dağıntılar, Ukraynaya böyük sarsıntılar yaşadır.

Fikrimcə, Medvedyevin müntəzəm nüvə silahı təhdidi Putini xalası etmək cəhdindən başqa bir şey deyil. Medvedevin iddiasına görə, Rusiya məğlub olsa, yaxud da Rusiyaya hücum olarsa, özünü müdafiə olaraq nüvə silahına əl atılacaq. Rusiyanın heç bir əsası yoxdur. Çünki Rusiyaya qarşı heç kimin, o cümlədən, Ukraynanın hücum etmək kimi bir planı mövcud deyil. Ukraynanın ilhaq edilən ərazilərini də dünya birliyi Rusiyanın ərazisi hesab etmir. İkincisi də istənilən təcavüzkardan qorunmaq suveren dövlətlərin müstəsna hüquqlardır.

Bəli, bu gün planetimiz nüvə təhlükəsi ilə üz-üzədir. Heç vaxt indiki kimi real təhlükə yaranmayıb. Ancaq hesab edirəm ki, rus ictimaiyyəti, rus ziyalıları və mütərəqqi qüvvələr Putinin və onun komandasının bitib-tükənməyən hirs və hikkəsinin qarşısını ala biləcək. Putin və ətrafı anlayır ki, müharibəni uduzub və bu məğlubiyyət onları gələcəkdə haqq hesab vermələrinədək aparacaq. Məsuliyyətdən yaxalarını qurtara bilməyəcəklər. Daha bir dəhşətli avantüraya əl atmaq ehtimalı az da olsa qalır. Ola bilsin ki, təhlükəsizlikləri üçün, həmçinin beynəlxalq qarantiya almaq üçün də nüvə təhdidi son dövrlər Rusiya yetkililəri tərəfindən tez-tez səsləndirilir.

O ki qaldı Trampın müharibəni 24 saat ərzində bitirə biləcəyi barədə dediklərinə, bunu real saymıram. Tramp populist və avantüraya meyilli siyasətçidir. Biz bunu onun bir dönəmlik prezidentliyindən gördük. Onun siyasəti nəticəsində Avropa və ABŞ arasında münasibətlər qırılma nöqtəsinədək gedib çıxdı. Doğrudur, onun Putinlə və Rusiya ilə açıq və ya gizli əlaqələri var. Məncə, Ukrayna-Rusiya müharibəsi özünün elə bir nöqtəsinə gəlib ki, bunu bir zənglə, bir neçə görüşlə həll etmək mümkün deyil. Tramp bilir ki, dünya ictimaiyyəti, o cümlədən, ABŞ və müttəfiqləri bu müharibənin uzanmasını istəmir, əlavə risklərin yaranmasını arzu etmirlər. Belə bir dönəmdə Tramp vəd verir ki, iki lideri görüşdürüb, sövdələşdirib müharibəni dayandıracaq. Bu müharibəni sıradan bir müharibə adlandırmaq doğru olmaz. Bu sonuc dünya düzənini yenidən şəkilləndirəcək. Həmin prosesin qarşısını isə nüvə silahı ilə almaq mümkün görünmür. Çünki nüvə silahına əl atılması Rusiyanın da faciəli sonluğu olardı".

Ermənilər vahimədə, yeni təxribata hazırlıq var? – Alp Arslan İmamqulu  “Canlı debat”da

Alp Arslan İmamqulu

Hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu müharibənin yeni mərhələyə daxil olduğunu qeyd etdi: “Rusiya ilə Ukrayna arasında yaşanan bir illik savaşa baxılarsa, müharibənin başlanğıcı, gedişatı gözümüz önündədir. 2014-cü ildə Rusiyanın Ukraynaya yaşatdığı göz dağı Ukrayna tərəfinin narahat olmasına səbəb olmuşdu. Dövlət məmurları demək olar ki, fərarilik etmək üzrə idilər. Belə olan ərəfədə Zelenskinin lider olaraq ortaya çıxması, onun daha çox Avropa tərəfindən dəstəklənməsi önəmli oldu. Bir tərəfdə bombalanan, dağıdılan Ukrayna, digər tərəfdə verilən sözlər var idi. Sonluq necə olacaq, bu hələ bilinmirdi. NATO-nun Ukraynaya sürətlə dəstək verməsi, bir çox mütəxəssisləri oraya göndərməsi, ordunun demək olar ki, yenidən formalaşdırılması Ukraynanın Rusiya qarşısında bir növ dayanıqlığını artırmış oldu. Burada artıq assimetrik hərb nəzəriyyəsinə görə, formalaşmış ordu qarşısında rus ordusu darmadağın edildi.

Bundan sonrakı mövcud vəziyyəti biz bilirik. Müharibə nəticəsində müəyyən nəticələr əldə edən tərəf Rusiya görünsə də, xüsusilə, Donetsk və Luqansk bölgələrində “müstəqillik” əldə edilməsi o demək deyil ki, üstünlük bu ölkənin tərəfindədir. Ümumi olaraq, Ukraynanı Rusiya ilə müqayisə etdikdə istər silahlar, istərsə də digər verilən dəstəklər baxımından Kreml çətin dönəmə girir. Deyərdim ki, əsl müharibə bundan sonra başlayacaq. Nəticə də məlumdur. Burada ancaq və ancaq məğlub tərəf Rusiya olacaq. Hətta bu savaşın yekunu parçalanmış Rusiya ilə bitə bilər".

Hərbi ekspert Baydenin Ukraynadakı müharibə ilə bağlı səsləndirdiyi fikirlərin heç birini boşuna saymır: “Ağ Ev sahibinin hər bir kəlməsi ölçülmüş olaraq deyilmişdi. Çünki Amerika kəşfiyyatının hər zaman öncədən verdiyi rəylər və irəli sürdüyü fikirlər bir çox zaman reallığı əks etdirmişdi. Düşünürəm ki, tez bir zamanda bu III dünya müharibəsinin başlanğıcı da sayıla bilər. Təbii ki, burada risklər də var. Rusiyanın nüvə silahı tətbiq etməsi ehtimalı mümkündür. Amma bu, Amerikanın istədiyi, Rusiyanın bir şəkildə bataqlığa sürükləndiyi bir addım olacaq”.

TEKNOFEST"in Azərbaycanda keçirilməsi analoji şirkətlərin ölkəyə axınını  sürətləndirəcək - FOTO/VİDEO » BAYRAQDAR MEDİA

Ramil Məmmədli

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədlinin fikrincə, dünyada baş verən proseslər, xüsusilə, Ukrayna məsələsi, yəni Qərb-Rusiya savaşı dünyanı yeni qlobal müharibəyə sürükləyir: “Bir çox şərhçilər, analitiklər artıq III dünya müharibəsinin başlandığı qənaətindədirlər. Mən isə bunu müharibənin başlanğıcı kimi deyil, müharibəyə qədərki kəşfiyyat dövrü kimi qəbul edirəm. Bu gün Ukraynada baş verənlərin fonunda dünyanın iri gücləri bir-birilərinin imkanlarını yoxlamağa çalışırlar. Bunu bütün istiqamətlər üzrə etməyə cəhdlər edirlər, siyasi, iqtisadi, hərbi, hərbi texnoloji və s. Yaxın illərdə Şərq və Qərb, yəni şərq dedikdə Rusiya və Çin, Qərb dedikdə Avropa-Amerika, Fransa və Böyük Britaniya arasında birdəfəlik sülh üçün  addımlar atılmalıdır. Əslində dünyadakı bu hərbi-siyasi balansın pozulmasının əsas səbəbi SSRİ-nin dağılması oldu. Sovetlər Qərb üzərində qazandıqları mütləq qələbədə özünü qalib dövlət olaraq təqdim edirdi. Bu cür də qəbul olunurdu. Lakin SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən ölkələr üzərində Qərb tərəfindən layihələr həyata keçirilməyə başladı. Təbii ki, bu baxımdan Rusiyanın bu məsələdəki mövqeyi anlaşılandır. Öz sərhədlərini qorumaq üçün faktiki mübarizə aparır.

Ukraynada aparılan hərbi əməliyyatlarda bizbirmənalı olaraq, Rusiyanı ittiham etməyimiz doğru deyil. Təbii ki, Rusiya üzərində işğal faktı var, Rusiya Ukrayna ərazisinə daxil olub, işğalçılıq niyyətlərini həyata keçirməkdədir. Amma burada digər tərəfin müharibəyə sürüklənməsini, Amerika tərəfinin buradakı iştirakını xüsusi vurğulamaq da lazımdır. Qısası, onu da demək istəyirəm ki, Tramp digər Amerika prezidentlərindən fərqli olaraq, Rusiya ilə yaxşı münasibətləri olub. Bu münasibətlər Putinin bir sıra məsələlərdə yola gəlməsinə səbəb olub. Qarşıda müharibənin yeni mərhələsi durur. Amerika onlarla zirehli tank və digər hərbi təyinatlı vasitələrlə Ukraynanı təmin edir. Ukrayna isə F-16-lar və digər döyüş texnikaları da istəyir. Bu döyüş təyyarələrinin Ukraynaya verilməsi, artıq tankların göndərilməsi Qərbin tərəf olaraq görünməsidir. Hesab edirəm ki, bu vəziyyət müharibənin daha kəskin hal almasına gətirib çıxaracaq. Ən təhlükəlisi də odur ki, Rusiya daha güclü raket sistemlərindən istifadə etməklə müharibəni daha gərgin fazaya keçirər. Putin də bunu edər. Bunu birdəfəlik anlamaq lazımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR