İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü savaş olacaqmı?

913 07.01.2023 12:00 Yazarlar A A

Rusiyanın bölgəyə sülhməramlı adı altında gətirdiyi qüvvələr öz missiyalarını yerinə yetirə bilmədilər – güman ki, Dağlıq Qarabağda 3-cü savaş başlasa, bütün kənar müşahidəçilər belə deyəcəklər. Amma onların böyük əksəriyyəti həm də onu qeyd edir ki, tərəflər heç də bunun həvəsində deyillər.
Bəli, Rusiya Ukraynada böyük savaş aparır və ikinci cəbhə onun üçün elə on birinci barmaq kimi lazımlıdır. Ermənistan dinc dayanmır, gündə bir təxribat törədir. Ölkənin baş naziri Kremli, Moskvanı tənqid etmək üçün kiçik fürsəti belə əldən vermir.

Amma bu da təsadüfi deyil. Məsələ bundadır ki, İrəvan Moskvaya təzyiq etmək, həm də onun bölgədəki təsirini Qərbin, xüsusən də keçmiş həmsədrlərin – ABŞ-ın və Fransanın köməyilə balanslaşdırmağa çalışır.

Nikol Paşinyanın isə Rusiya ilə həm də öz problemləri var. Məsələ bundadır ki, hakimiyyətə gələndən bu tərəfə Moskva ona “ala qarğa” kimi baxır və ən yaxşı halda ona məhz o səbəbdən dözür ki, münaqişənin nizamlanma prosesinin neqativlərini onun boynuna yükləmək istəyir. Son vaxtlarda isə Kreml Dağlıq Qarabağda daha bir oyun başlayıb. Bir çox müşahidəçilərin fikrincə, Kreml Ruben Vardanyanı Ermənistanın “böyük siyasəti” üçün hazırlayır. Ona görə də cənab Paşinyan Kremldən məsafə saxlamağa çalışır ki, Moskva onu devirib yerində bir başqasını oturtmasın.

O ki qaldı Azərbaycana¸ onun da daxilində və çevrəsində mürəkkəb proseslər yaşanır. Bakı daha iki məsələni – Qərbi Azərbaycan məsələsini və Qərbi Zəngəzur problemlərini də gündəmdə saxlayır, onlardan İrəvana və onun havadarlarına təzyiq üçün istifadə edir.

Danışıqlar prosesinin bir ssenarisi Ermənistanın və onun liderinin təqsiri ucbatından kəsildi, çünki Paşinyan “böyrümdə Makron oturmasa, Şarl Mişelin apardığı prosesə qatılmayacağam” dedi.
Əslində bu detalla Paşinyan Rusiyaya da böyük xidmət göstərmiş oldu və onun Rusiyaya əlavə təzyiq etməsinə lüzum yox idi. Amma bir az əvvəldə qeyd etdik ki, Rusiya ilə soyuq münasibətlər ona görə yaranır ki, Paşinyan öz dərisini xilas etməyə şalışır.

Beynəlxalq müşahidəçilər həm də onu qeyd edir ki, Bakı da yeni müharibə başlamağa elə də həvəsli deyil. Məsələ təkcə onda deyil ki, bu, Bakı üçün insan itkisi deməkdir, həm də ondadır ki, burada hələ də belə bir detalı unutmayıblar ki, Azərbaycan 2-ci savaşı həm də ona görə uddu ki, Rusiya ona mane olmadı və bu da Azərbacan xarici siyasətinin, diplomatiyasının uğuru idi.. İndi də yeni müharibədə Kreml bir halda maraqlı ola bilər - tərəflərdən birini, ya Ermənistanı, yaxud da Azərbaycanı cəzalandırmaq fikrinə düşsə! Amma bu müstəvilərdə də hər şey fizikada deyildiyi kimi, “doyma” həddindədir.

Birincisi, Azərbaycana təzyiq tamamilə mənasız olardı. Ona görə ki, Bakı üçtərəfli nizamlanma prosesinə sadiqdir. Həm də Kreml həmişə ətraf rayonların Bakıya qaytarılmasına tərəfdar olub. Otuz ildən sonra nəhayət ki, bu, baş tutub. Bundan sonra məsələlərin əvvəlki çevrəsinə qayıtması Rusiyanın sülh missiyasına başıucalıq gətirməz – bəli, hamı deyəcək ki, Moskva bacarmadı. Azərbaycanın başqa hərəkətlərinə, bir aydır azərbaycanlı eko-fəalların Dağlıq Qarabağda etiraz aksiyaları keçirməsinə gəlincə, bunu da başa düşmək olar – Bakı Rusiyaya təzyiq etməlidir ki, ilk üçtərəfli razılaşmanın tələbləri yerinə yetirilsin, Kreml Qarabağda özgə sevdaya düşməsin, oranı özününkü hesab etməsin.
Aydın məsələdir ki, Moskvanın Dağlıq Qarabağda üçtərəfli razılaşmalara, sənədlərə “sığmayan” niyyətləri də var və o, bu haqda ucadan danışa bilməz, amma məsəl var, deyirlər ki, arifə bir işarə də bəsdir...

Rusiya bölgədə Ermənistanı da tamam itirmək istəmir. Həm də Paşinyandan savayı Ermənistan cəmiyyəti də var və Kreml elə etməlidir ki, bu cəmiyyət ondan üç çevirməsin. Prinsipcə, bu, çox real məsələdir – Vaşinqtonu və Parisi tanımaq olmur, onlar əvvəlki dövrlərlə müqayisədə çox dəyişiblər və bir ağa kimi onların cəlbediciliyi bir az artıb və real olub. Odur ki, “3-cü savaş olacaqmı?” sualına hələki heç kim cavab verə bilməz, amma 2-ci savaş da bir az qəfil və gözlənilməz olmuşdu...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR