İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üçbaşlı müxalifət” Ermənistana qarşı

611 10.06.2026 15:43 Siyasət A A

Moskvanın dəstəklədiyi müxalifət İrəvanda yeni siyasi böhran yarada bilər; Bakıdan reaksiyalar...

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə düşən “Güclü Ermənistan” bloku, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyasını nəzərdə tutaraq, onların məğlub edildiyini qeyd edib.

Paşinyanın sözlərinə görə, bu vacib olsa da, lakin son nəticə deyil: “Xalq Ermənistanda üçbaşlı müharibə partiyasının və onu müşayiət edən cinayətkar oliqarxik sistemin aradan qaldırılması iradəsini açıq şəkildə ifadə edib. Əlbəttə ki, bu, siyasi əksəriyyətin və hökumətin ən vacib vəzifələrindən biri olacaq və biz bunu təxirə salmadan, çox qətiyyətli və aydın addımlarla həyata keçirməliyik”.

“Güclü Ermənistan” blokunda aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi partiyadır. “Güclü Ermənistan” parlamentdə 29 mandatla təmsil olunacaq. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Partiya 2026-cı ilin yanvarında təsis olunub.

“Ermənistan” blokunun namizədlərinin siyahısına Robert Köçəryan başçılıq edir. Bu blok 12 deputat yeri əldə edib.

1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı olub. 1997-ci ilin martında Ermənistanın baş naziri postuna keçib. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan səslərin 3,996 faizini qazandığı üçün 4 faizlik seçki barajını seçə bilməyib və parlamentə düşməyib. 1956-cı il təvəllüdlü Qaqik Tsarukyan biznesmendir. “Çiçəklənən Ermənistan” Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası səslərin 3,996 faizini qazandığı üçün 4 faizlik seçki barajını seçə bilməyib və parlamentə düşməyib.

Moskvanın nəzarətindəki “üçbaşlı erməni müxalifəti” Paşinyan hökumətinə ciddi problemlər yarada biləcək və şübhə yoxdur ki, parlamentdə revanşistlərin ruporu olacaq.

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

Azər Badamov 

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a dedi ki, qarşıdakı mərhələdə Ermənistanda müəyyən çətinliklərin yaranacağı gözləniləndir: "Paşinyan Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində irəliləmək üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsini və bununla bağlı referendum keçirilməsini gündəmə gətirməli olacaq. Lakin referendumun keçirilməsi və zəruri qərarların qəbul olunması üçün onun parlamentdəki çoxluğu kifayət etmir. Digər tərəfdən, müxalifətin də parlamentdə kifayət qədər təmsil olunduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən yeni formalaşacaq parlamentdə bütün məsələlərin rahat və maneəsiz şəkildə həll olunacağını gözləmək çətindir. Rusiyayönümlü siyasi qüvvələrin təmsilçiləri müəyyən taleyüklü qərarların qəbul olunmasına maneələr yaratmağa və ya prosesi ləngitməyə çalışa bilərlər. Ancaq onu da nəzərə almalıyıq ki, müxalifət daxilində təmsil olunan bir sıra deputatlar biznes dairələri ilə bağlı olan, iqtisadi maraqları ön planda tutan şəxslərdir. Belə insanlar adətən siyasi gərginlikdən və qeyri-müəyyənlikdən daha çox sabitlikdə maraqlı olurlar. Bu baxımdan, Paşinyanın müəyyən məsələlərdə müxalifətdən olan bəzi deputatların dəstəyini qazanmaq imkanlarının olduğunu düşünürəm. Çünki biznes nümayəndələri üçün regional sabitlik, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin genişlənməsi mühüm əhəmiyyət daşıyır. Əlbəttə, Paşinyan bu istiqamətdə addımlar atdıqca həm daxildə radikal müxalifətin, həm də xaricdə regionda sülhün möhkəmlənməsində maraqlı olmayan müəyyən qüvvələrin təzyiqləri ilə üzləşə bilər. Buna görə də prosesin sürətli və problemsiz gedəcəyini gözləmək doğru olmaz.

Bununla yanaşı, Ermənistanda formalaşan çoxşaxəli müxalifətin Paşinyan komandasına qarşı sərt siyasi mövqe nümayiş etdirməsinə baxmayaraq, ölkənin gələcəyi ilə bağlı taleyüklü məsələlərdə daha praqmatik davranacağını düşünürəm. Məhz bu səbəbdən Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, regional nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması çətin və mürəkkəb proses olsa da, ümumi istiqamətin dəyişməyəcəyini hesab edirəm".

“Hesab edirəm ki, Moskvanın təsiri altında olan və müxtəlif siyasi mərkəzləri təmsil edən revanşist erməni müxalifəti qarşıdakı dövrdə Paşinyan hakimiyyəti üçün ciddi siyasi çətinliklər yaratmağa çalışacaq. Bu qüvvələri bir araya gətirən əsas amil alternativ inkişaf proqramı təqdim etmələri deyil, Paşinyanın həyata keçirməyə çalışdığı siyasi kursa qarşı çıxmaları və revanşist ritorikanı yenidən gündəmə gətirmək cəhdləridir”.

Vüqar İskəndərov: Azərbaycanda dini etiqada böyük hörmətlə yanaşılır -  AZƏRTAC

Bu sözləri isə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Robert Köçəryanın seçkilərin nəticələrini tanımayacağını bəyan etməsi göstərir ki, siyasi mübarizə yalnız parlament çərçivəsində aparılmayacaq: "Belə bəyanatlar cəmiyyətdə siyasi gərginliyi artırmağa, seçkilərin legitimliyi ətrafında müzakirələri daha da dərinləşdirməyə və hökumət üzərində əlavə təzyiq formalaşdırmağa hesablanmış addımlar kimi görünür. Bu isə Ermənistanın daxili siyasi sabitliyi baxımından yeni risklər yarada bilər".

Millət vəkili bildirib ki, Paşinyanın konstitusiya çoxluğunu əldə edə bilməməsi gələcək siyasi prosesləri daha da mürəkkəbləşdirəcək: "Konstitusiya dəyişiklikləri, dövlət idarəçiliyi sistemində islahatlar və uzunmüddətli strateji qərarların qəbulu geniş parlament dəstəyi tələb edir. Belə bir imkanın məhdud olması hökuməti müxtəlif siyasi kompromislər axtarmağa məcbur edə, qərarların qəbulunu isə ləngidə bilər. Müxalifət də bu vəziyyətdən istifadə edərək həm parlament daxilində, həm də küçə siyasəti vasitəsilə hakimiyyətin fəaliyyətini çətinləşdirməyə çalışacaq. Xüsusilə Azərbaycanla sülh gündəliyi, regional kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması kimi məsələlərin daxili siyasi mübarizənin alətinə çevrilməsi ehtimalı yüksəkdir. Revanşist qüvvələr bu mövzular üzərindən cəmiyyətdə emosional əhval-ruhiyyə formalaşdırmağa cəhd göstərə bilərlər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR