İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç həftəlik sükut bitir – Paşinyan qayıdır, Anna isə...

392 28.07.2026 15:16 Ölkə A A

Sabahdan Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır. İyulun 10-da başlayan və iyulun 29-dək davam edən üç həftəlik istirahət dövrü artıq yekunlaşır. Ermənistan hökuməti bu barədə qərarı iyulun 9-da rəsmən açıqlamışdı. Beləliklə, baş nazir ölkənin seçkilərdən sonrakı ən həssas siyasi mərhələlərindən birində təxminən üç həftəlik məzuniyyətə çıxmış oldu.

Bu müddətdə Ermənistanın siyasi həyatında zahiri sakitlik hökm sürürdü. Hökumətin iclasları baş nazir olmadan keçirildi, yüksək səviyyəli siyasi bəyanatlar səslənmədi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına dair yeni tarix açıqlanmadı. Müxalifət də genişmiqyaslı etiraz aksiyaları təşkil edə bilmədi. Lakin bu sakitlik ölkədə bütün problemlərin həll olunduğu anlamına gəlmir. Əksinə, müşahidəçilərin fikrincə, Ermənistan böyük siyasi qərarlar ərəfəsindədir və həm hakimiyyət, həm də müxalifət növbəti mərhələyə hazırlaşır.

Diqqət çəkən məqamlardan biri də Paşinyanın bu dəfə məzuniyyətini gizlətməməsi oldu. O, istirahət günlərini demək olar ki, hər gün sosial şəbəkələrdə nümayiş etdirdi. Baş nazir dağ yürüşlərindən, hovuzda üzdüyü anlardan, kafe və restoran ziyarətlərindən, kilsələrdə etdiyi ibadətlərdən, təbiət qoynunda keçirdiyi vaxtdan görüntülər paylaşdı.

Son günlər isə onun kitab mütaliəsi Ermənistan mediasında ayrıca müzakirə mövzusuna çevrildi. Paşinyan Aleksandr Puşkinin "Yevgeni Onegin" və digər əsərləri oxuduğunu açıqladı, daha sonra izləyicilərinə "Siz hazırda hansı kitabı oxuyursunuz" sualı ilə müraciət etdi.

Lakin son 3 həftədə diqqətdən yayınmayan başqa bir detal da var. Paşinyan istirahət görüntüləri paylaşdığı günlərdə keçmiş həyat yoldaşı Anna Akopyanın sosial şəbəkə hesablarında tamamilə fərqli mənzərə müşahidə olunurdu. Hazırda ABŞ-da olan Anna Akopyan demək olar ki, hər gün işgüzar fəaliyyətini əks etdirən paylaşımlar edir. O, müxtəlif görüşlər, ictimai təşəbbüslər və beynəlxalq əlaqələrlə bağlı məlumatlar paylaşır. Son paylaşımlarında isə Ermənistanda ailə münasibətləri, məişət zorakılığı, qadın hüquqları, sağlamlıq hüquqları, sosial müdafiə və digər qanunvericilik təşəbbüslərinə toxunur, həmin qanunların mahiyyətini izah edir və bu mövzularla bağlı öz fikirlərini bölüşür.

Paşinyan Anna Akopyandan ayrıldı

Beləliklə, Ermənistanın "birinci ailəsi" bu yay iki fərqli informasiya xətti seçib. Baş nazir istirahət, idman, təbiət və kitablarla gündəmə gəlir, Anna Akopyan isə ictimai və hüquqi məsələlər, sosial layihələr və beynəlxalq fəaliyyətini ön plana çıxarır. Bu fərqli kommunikasiya xətti Ermənistan mediasında da geniş müzakirə olunur.

Sabah isə Paşinyanın məzuniyyəti bitir və iş başına qayıdır. Bununla da Ermənistanın siyasi gündəminin yenidən aktivləşəcəyi gözlənilir. Çünki baş nazirin məzuniyyəti bitsə də, ölkənin qarşısında duran mürəkkəb məsələlər məzuniyyətə çıxmayıb.

İrəvanı ilk növbədə Azərbaycanla yekun sülh müqaviləsinin taleyi düşündürür. Bununla yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılması, regional kommunikasiyaların açılması, Rusiya ilə münasibətlərdə artan gərginlik, Qərblə inteqrasiyanın sürətlənməsi və seçkilərdə məğlub olmuş müxalifətin bundan sonrakı strategiyası da hökumətin qarşısında duran əsas siyasi gündəmlər sırasındadır.

Məhz buna görə də Paşinyanın sabahdan başlayacaq iş rejimi əvvəlki aylardan daha mürəkkəb görünür. Son üç həftə ərzində Ermənistan siyasi baxımdan sakit görünsə də, bu sakitlik altında həllini gözləyən çoxsaylı məsələlər toplanıb. İndi isə bütün diqqətlər yenidən hökumət rəhbərinə yönələcək. Paşinyanın məzuniyyətdən sonra atacağı ilk addımlar həm Ermənistanın daxili siyasi prosesləri, həm də regionda formalaşan yeni geosiyasi mənzərə baxımından diqqətlə izlənəcək...

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR