“Azərbaycan-Rusiya münasibətlərində siyasi dialoqun ən yüksək səviyyədə davam etməsi regionda sabitliyin qorunması və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın inkişafı baxımından mühüm mesajdır. Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı da göstərir ki, tərəflər ikitərəfli münasibətlərin gündəliyində olan məsələləri davamlı təmaslar vasitəsilə müzakirə etmək və əməkdaşlığı yeni istiqamətlər üzrə genişləndirmək niyyətindədir”.
Bu sözləri Musavat.com-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, telefon danışığında Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşımasının xüsusi vurğulanması təsadüfi deyil. Onun sözlərinə görə, son illər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, nəqliyyat, enerji, humanitar əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə formalaşmış dialoq mexanizmləri iki ölkə arasında münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir.
Deputat qeyd edib ki, prezidentin xarici siyasət kursunun əsas prioritetlərindən biri bütün qonşu dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına söykənən münasibətlərin inkişaf etdirilməsidir: “Bu baxımdan liderlər arasında müntəzəm təmaslar yalnız ikitərəfli gündəlik üçün deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik, kommunikasiyaların açılması, regional iqtisadi layihələrin həyata keçirilməsi və çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir”.
Vüqar İskəndərov vurğulayıb ki, hazırkı mürəkkəb beynəlxalq geosiyasi şəraitdə dövlət başçıları arasında birbaşa siyasi dialoqun davam etdirilməsi qarşılıqlı etimadın göstəricisidir.
Onun fikrincə, hökumətlər və aidiyyəti qurumlar arasında fəal əməkdaşlığın davam etməsi iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, nəqliyyat-logistika layihələrinin daha səmərəli icrasına və regional sabitliyin möhkəmlənməsinə əlavə töhfə verəcək.
Deputat əlavə edib ki, telefon danışığında faydalı əməkdaşlığın daha da genişləndirilməsinə dair qarşılıqlı marağın təsdiqlənməsi yaxın perspektivdə iki ölkə arasında siyasi və iqtisadi təmasların daha da intensivləşəcəyindən xəbər verir: “Bu isə Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun uğurla davam etdiyini bir daha nümayiş etdirir”.
Cavanşir Abbaslı
Musavat.com






