İnsanlara hürriyət, millətlərə istiqlal!

Türmələrdə sıxlığı aradan qaldırmaq üçün nə etməli - təklif

932 07.03.2024 08:25 Ölkə A A

Əliməmməd Nuriyev: “Prezidentin müvafiq sərəncam və fərmanı rəhbər tutularaq bu məsələlər həllini tapmalıdır”

Parlamentdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi” dinlənilib. Ombudsman Səbinə Əliyeva deyib ki, istintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib. 

Hesabatda bildirilir ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı orada limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub.

Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyənləşib. Penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs-qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və çox vaxt həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur. Bəzi ekspertlər bildirir ki, yeni türmələr tikib dövləti xərcə salmaqdansa, bir çox əməllər üzrə həbslə bağlı olmayan qərarların verilməsi, ibtidai istintaq dövründə həbs-qətimkan tədbirlərinin digər qətimkan tədbirləri ilə əvəzlənməsi daha effektiv ola bilər. Türmələrdə sıxlığı azaltmaq üçün nə edilməlidir?

Əliməmməd Nuriyevə yeni VƏZİFƏ VERİLDİ | KONKRET

 Əliməmməd Nuriyev 

“Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, 2017-ci ilin fevralında Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı və 2019-cu ilin aprelində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı birbaşa olaraq istintaq təcridxanalarında, cəzaçəkmə müəssəsisələrində sıxlığın aradan qaldırılmasımna xidmət edib: “Sərəncam və ardından verilən fərmanda cəza siyasətinin humanistləşdirilməsi nəzərdə tutulur. Orada konkret tapşırıqlar əksini tapmışdı. Ötən 5-7 ildə bu istiqamətdə müəyyən işlər görüldü. Məhkəmələrə tövsiyə olundu ki, həbslə əlaqəli olmayan qətimkan tədbirlərinə üstünlük verməsinlər, bu məsələyə həssaslıqla yanaşsınlar. Bu tövsiyələr özünü həbslə əlaqəli olmayan qəti-imkan tədbirlərinə üstünlük verilməsində və cəzaçəkmə yerlərindən məhbusların vaxtından əvvəl azad edilməsində özünü göstərdi. Həbslə əlaqəli olmayan qətimkan tədbirləri 25-30 faiz azaldı.  Digər istiqamət isə bəzi maddələrin dekriminallaşdırılması oldu, bəzi cinayət əməllərinə görə alternativ cəzalar tətbiq olunmağa başladı. Amma bir müddət sonra yenidən əvvəlki kimi təcridxanalarda və cəzaçəkmə yerlərində sıxlıq yarandı və bu gün də davam edir”.

Əliməmməd Nuriyev deyib ki, törədilən cinayətlərin kateqoriyaları üzrə atılan addımlara da diqqət etmək vacibdir: “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi çox zəruridir. Əks halda, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlara, narkotacirlərə qarşı mübarizəni əhəmiyyətsiz edər. Bu məsələ istintaq təcridxanalarında, cəzaçəkmə yerlərində saxlanılan şəxslərin sayına ciddi surətdə təsir göstərir və sıxlığın yaranmasına gətirib çıxarır. Azərbaycan qanunvericiliyinə görə hər bir məhkuma saxlanıldığı yer 4 kvadrat metrdən az olmamalıdır. Amma bu gün bu normaları gözləmək bir sıra hallarda mümkün olmur”.

 

Əliməmməd Nuriyev deyib ki, istintaq təcridxanalarında və cəzaçəkmə yerlərində sıxlığı aradan qaldırmaq üçün həm də texniki, təşkilati fəaliyyətlər həyata keçirilir: “Cəzaçəkmə müəssisələrində cari təmin işləri aparılır. Bu, cəzaçəkmə müəssisələrində saxlama şəraitinin yaxşılaşdırılmasına xidmət edən addımdır. Əlavə yerlərin yaradılması istiqamətində də işlər aparılır. Eyni zamanda cəzaçəkmə müəssisələrinin infrastrukturu yenilənir, yeni tipli hibrid cəzaçəkmə müəssisələrinin yaradılır. Bu cəzaçəkmə müəssisələrinin digərlərindən fərqi odur ki, qarışıq rejimlə yanaşı ümumi, ciddi rejimli olmasıdır. Cəzaçəkmə müəssisələrində istintaq təcridxanası da yaradılır. Bu isə saxlama yerlərində sıxlığın azalmasına gətirib çıxarır. Umbakıda qarışıq rejimli müasir penitensiar kompleksi, Lənkəranda penitensiar kompleksi istifadəyə verilib. 

Umbakıdakı kompleksdə ümumi saxlanma limiti 1300 nəfərdir. Orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb. Həmçinin müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub. Saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Lənkərandakı kompleksdə ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. Burada istintaq təcridxanasında barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərin, cəzaçəkmə müəssisəsində isə məhkumların məhkəmə hökmünə əsasən müxtəlif rejimlərdə saxlanılması nəzərdə tutulur. Müəssisədə əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan şəxslər saxlanılacaq ki, bununla onlar öz ailələri ilə daha asan və rahat görüşə biləcəklər. Kompleksdə kamera tipli 7 korpus inşa olunub və burada hər cür şərait yaradılıb. Bütün atılan addımlar istintaq təcridxanalarında və cəzaçəkmə yerlərində sıxlığın aradan qaldırılmasına xidmət edir. Prezidentin müvafiq sərəncam və fərmanı rəhbər tutularaq bu məsələlər həllini tapmalıdır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR