İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkün Zəfər Ordusu: Milli Ordudan Turan Ordusuna aparan tarixi yol

2581 11.05.2022 16:28 Gündəm A A

Qlobal və mürəkkəb konfiqurasiyalara malik neo-real dünyada eyni anda bir neçə platformada olmaq dövrün tələbi və günün zərurətidir. Bu baxımdan Azərbaycan Qərblə Şərqin qapısı adlandırıldığı kimi, həm müsəlman, həm türk, həm Şərq, həm Qərb birliklərində öz yerini layiqincə tapır və təmsil olunur. Bu baxımdan Azərbaycan millətinin və dövlətçiliyinin tarixi həm də türk tarixi adlandırıla bilər. Bu tarix şanlı zəfərlərlə dolu olduğu kimi, gələcəyə dair zəngin ideya və məqsədlərlə də doludur. Bu zəfərləri xalqımıza, millətimizə qazandıran Azərbaycan Ordusu, həm də Türkün Zəfər Ordusudur.

Azərbaycan tarixinin qızıl səhifələrinin yazıldığı 1918-ci ildə azərbaycanlılara rus-erməni işğalında olan Bakının qapısını açan və müstəqilliyimizin və azad ordumuzun Sovetlər tərəfindən ləğv edilməsinin üzərindən 100 il keçməsinə baxmayaraq milli birliyimizin, torpaq bütünlüyümüzün qorunması ideallarına sadiq qalaraq 2020-ci ildə Qarabağı 30 illik düşmən tapdağından azad edən Azərbaycan Milli Ordusunun yaranmasından 104-cü il keçir. Bu zəfərlər gücün birliyindən, yəni Azərbaycan xalqının, türk millətinin birliyindən doğmuşdur və doğacaqdır.

44 günlük Vətən müharibəsində adını tarixə şanlı zəfərlə yazan milli ordumuzun yaranması və inkişafı 1918-ci ildən, yəni Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından başlayır. AXC-nin 1918-ci il mayın 28-də elan edilmiş “İstiqlal Bəyannaməsi”ndə aşağıdakı sətirlər yer alır: "Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək və daxili düşmən qüvvələri zərərsizləşdirməkdən ötrü nizami orduya malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur". Elə həmin gün Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri vəzifəsinə təyin edilir. O, bu vəzifədə iyunun 11-dək qalır. Belə ki, 4 iyun 1918-ci il tarixində Osmanlı dövləti ilə AXC arasında imzalanan “Qarşılıqlı yardım və dostluq haqqında” müqaviləyə əsasən Azərbaycan höküməti 1918-ci ilin əvvəllərindən başlayan rus bolşevik-erməni daşnak rejiminin türk-müsəlman əhaliyə qarşı soyqırımını dayandırmaq məqsədilə Azərbaycan milli hərəkatının nümayəndələrinə dəstək göstərməsi üçün Osmanlıdan hərbi dəstək istəyir və Osmanlı höküməti bu xahişi nəzərə alaraq ölkəmizə hərbi yardım göstərməyi öhdəsinə götürür.

Turan ordusu 5 saat ərzində Ermənistanın mövcudluğuna son qoya bilər

Lakin 1918-ci ilin əvvəlində Osmanlı Hərbi naziri Ənvər Paşanın əmrilə yaradılan Qafqaz İslam Ordusu Azərbaycana daxil olduqdan sonra I Milli Hökümət buraxılır. Odur ki, Osmanlının I Dünya Müharibəsində məğlub olduğu və 30 oktyabr 1918-ci il tarixində Mudros sülh müqaviləsini imzaladığı, o cümlədən 16 noyabrda Bakıdan, 15 dekabrda isə tamamilə Azərbaycandan çıxmasına kimi, AXC hərbi naziri vəzifəsi boş qalır. Bununla belə, Azərbaycanın mütəşəkkil ordusunun yaradılmasında Osmanlı türklərinin böyük rolu olur. Məhz Osmanlı hərbi qüvvələrinin dəstəyi ilə 26 iyun 1918-ci il tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına start verilir. Həmçinin Azərbaycanlıların da iştirakilə yaradılan vahid türk-müsəlman ordusu gələcəkdə qurulacaq “Turan Dövləti” ordusu olaraq düşünülürdü. Bu ordunun tərkibində 12-14 min Osmanlı türk-müsəlman əsgərindən əlavə, Çar ordusunda xidmət etmiş general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman milli korpusu, “Vəhşi diviziya” və nizamsız qoşun dəstələri daxil idi və ümumi sayı 20 mini idi. Müzəffər türk-müsəlman tandemi sayılan Qafqaz İslam Ordusunun rəhbəri təyin olunan Nuru Paşa Azərbaycanın şəhər və kəndlərini azad etdikcə, əhali tərəfindən duz-çörəklə qarşılanırdı. Məhz türk (Osmanlı-Azərbaycan) birliyinin sayəsində həmin dövrdə ordumuz Dərbənddən də şimala gedib çıxmışdı. 1918-ci ilin 15 sentyabrında Bakının türk qoşunları tərəfindən azad edilməsindən az sonra, 8 oktyabrda Dərbənd azad edilmiş, burada Şimali Qafqaz Respublikası elan edilmiş, bayraq qaldırılmış, hökümət qurulmuşdu. Milli ordumuz Muğanda və Əsgəranda milli hökümətə qarşı baş vermiş qiyamları yatırmış, həmçinin Qazaxda Azərbaycan sərhəddini pozmuş erməniləri darmadağın etmişdi. Buna baxmayaraq tarixi və geosiyasi şərait fərqli reallıqları doğurdu və Osmanlının Şimali Qafqazda əməliyyatları davam etdiyi bir vaxtda Qərb cəbhəsində Antantaya məğlub olması və danışıqlara başlaması, Azərbaycan və Şimali Qafqazdan çıxma öhdəliyini götürməsinə səbəb oldu. Buna baxmayaraq, Ənvər paşanın Şərq Orduları Komandanlığına göndərdiyi əmr məktubundan aydın olur ki, Osmanlının (o cümlədən Qafqaz İslam Ordusunun) bölgədən geri çəkilməsi sadəcə görüntü yaratmaq xətrinədir. Əslində isə, Osmanlı türkləri Azərbaycan və Şimali Qafqaz türklərinin ordu qüvvələrinin yenidən təşkilinə və milli ordu halında formalaşdırılmasında birbaşa iştirak edəcəkdilər. Odur ki, Azərbaycan Milli Ordusunun yaranmasının tarixi həm də vahid Turan Ordusunun yaranması ideyası ilə tarixi paralellik göstərir. Birincisi isqitamətində 1918-1920-ci illərdə praktiki işlər aparılmış, ikincisi isə sadəcə ideya olaraq qalmış və gerçəkləşdirilməsi bir əsrlik təxirə salınmışdır. Bu ideya bu gün də Türk Dünyasında artan hərbi əməkdaşlıqlar fonunda gündəmə gəlir və qlobal güclər, xüsusilə Rusiya kimi regionda müstəsna maraqları olan dövlətlər tərəfindən narahatlıqla qarşılanır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)

1918-ci ilin 6 oktyabr-26 dekabr tarixləri arasında müvəqqəti olaraq Hərbi nazir vəzifəsi İ. Ziyadxanova tapşırılsa da, 26 dekabr 1918-ci il tarixindən AXC-nin süqutuna kimi Müdafiə naziri vəzifəsini Səməd bəy Mehmandarov, onun müavini vəzifəsini Çar Rusiyası ordusunda “artilleriyanın tanrısı” adını qazanmış, ordu quruculuğunda və strukturunun planlanmasında önəmli şəxs olan Əliağa Şıxlinski, Baş qərargah rəisi vəzifəsinə isə Süleyman Sulkeviç təyin olunur. Ordu quruculuğu çərçivəsində piyada, artilleriya diviziyalarının təşkili, teleqraf, pulemyotçu dəstələri, süvari diviziyaları, hava dəstəsi və dəmiryolu batalyonu yaradılması nəzərdə tutulmuşdu.

Azərbaycanda hərbi dəstələrin formalaşdırılması ilk növbədə hərbi məktəbin təsis olunmasını zəruri edirdi. Azərbaycanda ilk hərbi məktəb hələ cumhuriyyət elan olunmazdan öncə, 1918-ci ilin mart ayında açılmışdı. Bu, Bakı və digər şəhər və rayonlarda ermənilərin soyqırım törətməkdə olduqları bir dövr idi. Azərbaycanlılar Çar ordusuna çağırılmadığı, hərbi məktəblərə əsasən qəbul edilmədiyi, yalnız hərbi vergi ödədiyi üçün hərbi təcrübə yox səviyyəsində idi, həmçinin kifayət qədər silah-sursat yox idi.

Yalnız Qafqaz atlı diviziyasının tərkibində azərbaycanlı atlı polku var idi. Odur ki, tam silahlanmış və təcrübəli erməni-daşnak birləşmələrinə lazımi müqavimət göstərilə bilmirdi. Məhz bu mənzərə fonunda aprel ayında hərbi məktəb Bakıdan Gəncəyə köçür və bu işə dəstək göstərməsi üçün Nuru Paşa dəvət olunur. 300 nəfərdən ibarət təlimatçı qrupla Gəncəyə gələn Nuru Paşanın dəstəsindən Atif bəy Gəncə hərbi məktəbinin rəisi təyin olunur. Qəbul norması 100 nəfər olsa da, orada hərbi təhsil almaq istəyən azərbaycanlıların sayı gedərək artırdı. 1918-ci ilin oktyabrında Gəncə Hərbi Məktəbinin ilk buraxılışı olmuş, bu mərasimdə Nuru Paşa başda olmaqla bir çox görkəmli şəxsiyyətlər iştirak etmişlər. Buraxılış mərasimində iştirak edən Şıxlinski qeyd edir: “Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir.”

Azərbaycanda hərbi təhsilin əsası 101 il əvvəl qoyulub

Gəncə hərbi məktəbi əvvəllər praporşiklər məktəbi olsa da, daha sonra həmin məktəbin bazasında hərbiyyə məktəbi, istehkamçılar məktəbi, hərbi dəmiryolçular, hərbi feldşerlər hazırlayan məktəblər açılır, hətta ölkədə hərbi zavodlar və hərbi məhkəmə yaradılır, Bakı, Gəncə və Xankəndidə hərbi xəstəxanalar təsis edilir. Müstəqil dövlətçiliyin və milli təhlükəsizliyin təminatçısı olan ordunun daha da inkişaf etdirilməsi üçün AXC höküməti mümkün qədər vəsait ayırırdı. 1919-cu ildə müdafiə xərclərinə ümumi büdcənin 27,7%-i ayrılmışdı. Dövrün bütün çətinliklərinə baxmayaraq Osmanlı dövlətinin dəstəyi ilə Azərbaycanda sayı təxmini 40 min nəfərə çatan Milli Ordu yaradıldı. Lakin 27 aprel 1920-də Azərbaycana gələn 72 minlik Sovet XI Qızıl Ordusu ilə vuruşmağın mümkünsüzlüyünü dərk edən hərbi rəhbərlər höküməti Sovetlərə təhvil verməyi dəstəkləyirlər. Bundan dərhal sonra AXC milli ordusunun tərksilahı və ləğvi başlandı. Milli ordunun hərbi hissələri Gəncə, Qarabağ, Zaqatala və s. üsyanlarında ordunun ləğvinə qarşı dirənsələr də artıq gec idi. Sovetlərə təslim olmaq istəməyən 65 ordu zabiti və 1200 əsgəri Qacar İranına və oradan Türkiyəyə keçərək Qərbə qarşı Qurtuluş Savaşı verən Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq Ordusu sıralarına qatıldılar. Beləliklə, ilk Azərbaycan milli ordusunun tarixi Türkiyə ordusu ilə tarixin bu səhifəsində də çuğlayıb-qarışmışdır.

Müstəqil Azərbaycan və Ordu quruculuğu

Azərbaycan SSR iki il müddətində (1922-ci ilədək) ordu quruculuğu ilə məşğul olmuş, Hərbi Dəniz Nazirliyi yaradılmış, Silahlı Qüvvələr təsis olunmuş, lakin daha sonra bunlar XI Qızıl Ordu tərkibinə keçmişdir. Şıxlinski və Mehmandarov kimi keçmiş dövlətin hərbi rəhbərləri isə Sovet Azərbaycanında azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Lakin bütün bunlar sistemli və kütləvi xarakter daşımamışdır. 1939-cu ildə II Dünya Müharibəsinin başlanması ilə ittifaq ərazisində ümumi hərbi hazırlığın artırılması ehtiyacı nəzərə alınaraq Azərbaycanda Sovet Ordusunun iki hərbi məktəbi fəaliyyətə başladı.

Ümumi Sovet hərbi sistemi daxilində Azərbaycanın yeni böyük hərbçilər, zabitlər və generallar korpusu yarandı. 1941-45-ci illəri əhatə edən “Böyük Vətən Müharibəsi” dövründə Azərbaycandan 700 min nəfər cəbhəyə yollanmış, onlardan 300 mini həlak olmuş, İsrafil Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanları hərb tariximizin səhifələrinə öz adlarını yazdırmış, Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov vs. kimi ittifaq səviyyəli generallarımız olmuş, onlar yeni nəsil gənc zabitlərin yetişməsində əvəzolunmaz rol oynamışlar. 1941-ci ildən etibarən Azərbaycanda təşkil olunan 402, 369, 223, 416 saylı diviziyalar əksərən azərbaycanlılardan ibarət olmuşdur. Bunlar, hələ 20-ci illərdə Azərbaycanda yaranmış 77-ci diviziyanın əsasında təsis olunmuşdu. Lakin bunlar dövrün tələbi ilə formalaşdığı üçün, daha sonra Sovet rəhbərliyindən dəstək almadığı üçün 1950-ci illərdə azaldı və 1960-cı illərdə demək olar yoxa çıxdı. 1960-70-ci illərdə Sovet Ordusunda hər il 60-70 min gənc azərbaycanlı səfərbər olsa da, onlar arasında hərbi rütbəlilər yetişmirdi, ya da çox az idi. Məhz bu səbəblə, 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri təyin olunan Heydər Əliyev azərbaycanlıların hərbi bacarığının və ölkəmizin ordu imkanlarının artırılması üçün məqsədyönlü bir siyasət həyata keçirməyə başladı və bu siyasət bu gün də davam etdirilir.
1991-ci ildə SSRİ-nin dağılması və ölkəmizin tarixi müstəqilliyini bərpa etməsi ilə paralel olaraq ordu quruculuğu işinə də yeni nəfəs gəlmiş, xüsusilə qardaş Türkiyə ilə artan strateji əməkdaşlıq çərçivəsində ən müasir imkanlar əldə olunmuşdur.

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir və sarsılmazdır! - "İki  sahil"

70 illik Sovet hakimiyyəti altında yaşamağımıza baxmayaraq Azərbaycan-Türk qardaşlığı unudulmamışdır və Azərbaycanın 1991-ci ilin 18 oktyabrında öz tarixi müstəqilliyini bərpa etməsindən sonra başlatdığı yeni ordu quruculuğunda bu gün yenə Türkiyə öz yerini tapır və olduqca böyük rol oynayır. 1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qərar və 9 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının silahlı qüvvələrinin təsis olunması haqqında qanun qəbul edilməsinə baxmayaraq, Ermənistanın genişlənən hərbi təcavüzünə cavab verməkdə çətinlik çəkən milli ordunun yenidən quruculuğu istiqamətində iş yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra başlamışdır. Məhz bunun nəticəsində 1994-cü ildə cəbhəboyu bir sıra uğurlu əməliyyatlar həyata keçirilmiş və düşmən geri oturdulmuş və atəşkən imzalanmışdır. Təsadüfi deyil ki, məhz 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqrmına qoşularaq hərbi təlimlərində iştirak etməyə başlamış, Azərbaycan əsgərinin və zabitinin döyüş hazırlığı gedərək daha da artırılmışdır. 1998-ci ilin 22 may fərmanı ilə 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan edilmişdir. Bu gün Azərbaycan və Türk millətinə zəfərlər bəxş edən cəsur ordunun təsisat günü olaraq hər il böyük coşğu və təmtəraqla qeyd edilir. Ordumuzun yenidən qurulmasında həm texniki vasitə, həm də hərbi kadr imkanlarının artırılması istiqamətləri vurğulana bilər. Hərbi kadr imkanlarının artırılması istiqamətində atılan ilkin addım olaraq 1999-cu ildə Hərbi Akademiyanın yaradılması göstərilə bilər. Bu iş, Azərbaycanın fatehi, Qarabağı 30 illik erməni işğalından azad edən Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti illərində daha da genişləndirilmiş və ən ali zirvəsinə 2022-ci ilin aprelində Azərbaycan Milli Müdafiə Universitetinin yaradılması ilə çatıb. Bu universitet ölkəmizin milli müdafiəsinin təşkilinin bütün istiqamətləri üzrə milli kadr hazırlığının təşkilinə və inkişafına xidmət edəcəkdir. Bu universitet və onun tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri həm də Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi təşkilini və yeni keyfiyyət mərhələsinə yüksəlməsini hədəf almışdır. Qarabağın işğalını başa çatdırmağı və torpaq bütünlüyümüzü bərpa etməyi prezidentliyinin ən ali məqsədi elan edən dövlət başçımızın bu istiqamətdə digər önəmli qərarları isə hərbi büdcəmizin daima yüksək olaraq saxlanması, hərbi sənaye istehsalının və silah idxalının artırılması, ən yüksək texnologiyalarla təchiz olunmuş 5-ci nəsil müasir ordunun yaradılmasıdır ki, bütün bunların nəticəsi olaraq 27 sentyabr-9 noyabr 2020-ci il tarixləri arasında Azərbaycan Ordusu tarixə görülməmiş müharibə qabiliyyəti nümayiş etdirmişdir. ABŞ ordusunun Quru Qoşunlarının Baş qərargah rəisi, ordu generalı Ceyms Makkonvill Azərbaycanın Qarabağdakı müharibəsinin dərindən öyrənilməsini və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyətli olduğunu şəxsən vurğulamışdır.

Qarabağ müharibəsi: 8 noyabr Azərbaycanda zəfər günüdür - BBC Azərbaycanca

Qarabağ bu gün azad olunsa da, hərbi və müdafiə xərclərinin yüksək saxlanması ölkəmizin gələcək təhlükəsizliyinin təminatı baxımından önəm daşıyır. 2022-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 4,5 milyard manat olaraq qeyd edilmişdir. Müqayisə üçün: Ermənistanın 2022-ci il üçün dövlət büdcəsi 4,4 milyard dollardır. Torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs işdə Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı böyük rol oynamışdır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsasında duran ən önəmli sənəd isə 44 günlük müharibə Zəfərindən az sonra, 2021-ci ilin 15 iyununda Şuşada imzalanan tarixi Bəyannamədir. Bu sənəd, sadədə iki ölkə arasında münasibətləri dünyaya bəyan edən “möhür” olmaqla qalmayıb, daha qlobal hədəflərə istiqamətlənmişdir ki, bu istiqamətlərdən biri də Türk Dünyasıdır. Türkiyənin 2020-ci ildə Mərkəzi Asiyanın “onurğa sütünu” adlandırdığı Qazaxıstan və Özbəkistanla, 2021-ci ildə Azərbaycanla, 2022-ci ildə Azərbaycanın Özbəkistanla müvafiq hərbi əməkdaşlıq sazişləri və gedərək türk kimliyinə artan vurğular, Türk Dünyasının etnik, milli, mədəni müstəvidə daha öncə baş tutan birləşdirilməsinin, hazırda iqtisadi və xüsusilə hərbi sahədə birləşdirilməsilə davam etdirilməsi “Turan” ideyasının tarixin ideya vərəqləri arasında itib batmadığını, müasir dünyanın ən yeni imkanları çərçivəsində yaşadıldığını və gerçəkləşdirilməyə çalışıldığını göstərir. Bu sönmüş ocağın közərən işığı deyil, dünyaya səs salacaq, addımları düşmənləri qorxudacaq əzəmətli bir “Turan Ordusu”dur. Bu Türk dünyanın “NATO”sudur. Bu, NATO səviyyəsində təşkil olunacaq Azərbaycan Milli Ordusunun qardaş Türk xalqlarının orduları içərisində öz yerini alması və qlobal təmsilçiliyinin rəmzidir. Güc də məhz birlikdədir!

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR